Müxalifətçilər arasında qalmaqal yenidən qızışır
Müxalifət düşərgəsində son zamanlar qızışmış daxili qalmaqalların ardı-arası kəsilmir. Gündəmi tamamilə zəbt etməyə çalışan Müsavat partiyası düşərgədəki rəqiblərini zərərsizləşdirmək ilk olaraq "Azadlıq" bloku hədəf kimi götürüb. Elə bu məsqədlə də, blokun şıltaq təmsilçisi "Vətəndaş İnkişaf Partiyası"nın sədri Əli Əliyev ilk olaraq sınaqdan çıxarılıb. Müsavat partiyasının hazırladığı surpiriz qarşısında mat-məətəl qalan "VİP" sədri olanları naguman şəkildə qarşılayıb. Bunun ardınca isə növbəti surpirizin qurbanı Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan olub. ALP "lider"i Lalə Hacıyevanın ardınca onun kreslosunda əyləşmiş şəxsə qarşı nifrət hissi ilə yanaşan Müsavat başqanı İsa Qəmbərov onu açıq şəkildə ruhi xəstə anlandırıb.
"Çox təəssüf ki, bu gün müxalif düşərgədə öz şəxsiyyətini tamamilə unudunlar az deyildir. Onlara ən bariz nümunə Azərbaycan Liberal Partiyasının əvəzolunmaz, yeridolmaz, əbədi sədr əvəzi Əvəz Temirxandır. Bu adamın siyasətə necə və haradan düşdüyünü bilməyənlər çox ola bilər. Amma onun öz milli azadlığını imperiya gücləri ilə qeyri-bərabər savaşda, küçə və meydanlarda qazanmış bir cənub ölkəsinin "siyasi şitilliyinə" həmin imperiyanın özündən əsən soyuq şimal rüzgarı tərəfindən sovrulub gətirildiyini bilənlər də az deyil. Bu adam Azərbaycan xalqının 20 yanvar şəhidlərini ağladığı günlərdə Rusiyada, SSRİ baş prokurorluğu sistemində işləyə-işləyə müstəqillik savaşından, demokratiya, milli-azadlıq hərəkatından ötrü bərk darıxır, gecə-gündüz yata bilməyib əzab çəkir, indi hər rəqibini bir xortdan kimi görən gözlərindən bəlkə də hətta qan-yaş tökür, xısın-xısın ağlayırmış da. Neçə aylar-illər belə keçdi, nəhayət, adam "müqəddəs" arzusuna qovuşdu. Oit vaxt mövcud olan mərkəz onun Azərbaycana qayıdıb burada "siyasət"lə məşğul olmasına mane olmadı. Dedi get, yaxşı yol, nə çətinliyə düşsən, biz hazır. Məqsəd nə idi - bunu heç kim Əvəz "bəy" qədər dəqiq bilə bilməz" - deyən İ.Qəmbərov Ə.Temirxan kimi şəxslərin siyasətə necə düşməsinin hələ də böyük sual yaratdığını bildirib.
İ.Qəmbərov bu faktları əbəs yerə yada salmadığını və müxalifətə kimin haradan gəlib hara getdiyini, keçdiyi yolu səhih təsəvvür etmədən ounun haqqında fikir yaratmağın çətin olduğunu bildirib. "Ə.Temirxanın əvəzolunmaz və inkaredilməz siyasi fərasət və bəsirəti o qədər şiddətlidir ki, onun təzyiqi adama vaxtaşırı, ən azı ayda bir dəfə əzab verir. Məsələn, bir də görürsən ki, Temirxan "müəllim"də durduğu yerdə cürbəcür patologiyalar müşahidə olunur. Həmin dəyişikliklərin ilkin əlamətləri bunlardır: hallüsinasiya, yəni qarabasmalar, arada diksinib kənara sıçramalar, cızığından çıxma, həddini aşma, böyüklük maniyası, izlənmə maniyası, hər şeydən şübhələnmək, hər kəsin şəxsində bir xəyanətkar axtarıb tapmaq, hamını düşmən, satqın elan etmək və s" olduğunu bildirən İ.Qəmbərov Ə.Temirxanın müxalifətə qarşı növbəti dəfə yenidən hücuma keçməsi və düşmən kimi bu dəfə də Müsavat partiyası, onun başqanı İsa Qəmbərov, Rauf Arifoğlunun hədəf kimi götürüldüyünü söyləyib. onu da əlavə edək ki, hal-hazırda müxalifət düşərgəsində olan şəxslər kimi Ə.Temirxanın İ.Qəmbərovla qalmaqal yaratmaqla müxalifət düşərgəsində daha böyük bir olayın baş verməsində maraqlı görünür.
İ.Qəmbərovun ardınca isə "Yeni Müsavat" qəzetinin baş redaktoru R.Arifoğlu da Ə.Temirxanın mövqeyinə iradını bildirib. Qeyd edib ki, o, bir müddət öncə Ə.Əliyevlə bağlı olan məsələyə görə heyif almaq niyyətinə düşüb. "Maraqlısı ondan ibarətdir ki, ALP-nin sədr əvəzi öz silahdaşlarının xəyanətinin aşkar olunmasından sonra daha da hiddətlənib. Həmin xəyanəti edən isə Temirxan "müəllim"in "dostdur", məsləkdaşdır, silahdaşdır, əqidədaşdır, yoldaşdır və s. Ona görə Əvəz "bəy" dostunun qisasını almaq, üçün bildirib ki, R.Arifoğlu iqtidara işləyir. Daha sonra da, Ə.Temirxan ağlamsına-ağlamsına deyib ki, Müsavat partiyası və İ.Qəmbərov 20 il ərzində AXC-yə dəhşətli zərbələr vurub. Bundan sənə nə, "tovariş" Temirxan? Qoy zərbəni yeyənlər özləri danışsın. Yoxsa onlardan muzd alıb müdafiə edirsən? ALP-nin sədr əvəzinin intellekti siyasi bəsirət və fərasətinin şiddətindən ayda bir dəfə "aşıb-daşır", aləmi bulaşdırır. Adını da qoyur ki, mən bu çıxışlarımla müxalifətdə kimlərinsə portretini çəkirəm. Düzü, bizim belə səriştəmiz yoxdur" - deyən R.Arifoğlu Ə.Temirxanların siyasi şəklini çəkəndə nə qədər çalışsaq da, siyasətdə karikaturanın çıxdığını, portretin isə əmələ gəlmədiyini bildirib.