PDF Oxu

Müxalifət

  • 7

Müsavat siyasi səhnəni tərk edə bilər

Müsavat siyasi səhnəni tərk edə bilər
Müsavat partiyası ilə "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyaların mayın 21-nə təyin etdikləri mitinqin təxirə salınması səbəbləri aşkara çıxır. Sosial bazadan tamamilə məhrum olmuş radikal müxalifətin istənilən bir formada atmaq istədikləri addımları, sadəcə olaraq, söz olaraq qalmaqdadır. Çünki bu gün müxalifət düşərgəsində özlərinin mövcudluqlarını sübut etməyə çalışan partiya sədrlərinin heç birinin arxasında 5 nəfər adam qalmayıb. Daim xarici qüvvələrdən asılı olan müxalifətin sonu yaxınlaşdıqca, onların daha iyrənc işlərinin oyunçuları olduqlarının şahidi olmaq olur.
Sadəcə olaraq, bütün imkanlardan məhrum olmuş müxalifət partiya sədrləri məhz düşmən dövlətlərlə əməkdaşlıq müqabilində də maraqlarını təmin etməyə çalışır. Bu baxımdan, AXCP (i) sədri Əli Kərimovun ABŞ-da erməni dostlarının əli ilə çıxarmış olduğu məlum məqaləni, Müsavat başqanı İsa Qəmbərovun Norveçdə ermənilərlə iş birliyi barəsində razılığa gəlmələri və ALP lideri Lalə Hacıyevanın müxalifəti parçalamaq barəsində xarici havadarlarından almış olduğu göstərişləri misal gətirmək olar.
Müxalifətçilər özlərini qanmazlığa vuraraq, hər bir məsələdə birmənalı mövqe tutmaqla, cəmiyyətin bütün imtiyazlarından məhrum olublar. Bu, danılmaz bir faktdır. Çünki İ.Qəmbərov da, M.Fəttayev də çox gözəl bilir ki, bu gün onların müxalifət düşərgəsində birlik və ya toplum adlandırdıqları təşkilatlarda özlərindən başqa heç kim yoxdur. Onlar, sadəcə olaraq, havadarları qarşısında pis vəziyyətə düşməmək və yenidən müəyyən vəsaitlər qoparmaq üçün hər gün beş dəfə də olsa, mitinq keçirəcəkləri barəsində kimlərisə inandırmağa çalışırlar. Amma onlar, nədənsə, mitinq adı ilə üç-dörd nəfərlə hansısa bir metro stansiyası qarşısında hay-küy salmaqla, işlərini bitmiş hesab edirlər. İki-üç yüngül təfəkkürlü insanların cibinə pul basıb, onları metro stansiyalarının giriş və çıxışlarında hay-küy salmağa göndərmək və onun ardınca isə boşboğazlıq etmək müxalifətin nəyə qadir olduğunu bir daha açıq şəkildə göstərmiş olur.
Müsavat partiyasının mayın 21-də keçirmək istədiyi mitinqin birdən-birə təxirə salanması barəsində göstərişin verilməsi isə partiya daxilində olanların daha da şiddətlənməsi üzündən baş verib. Çünki üç gün öncə Müsavat partiyası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlaması İ.Qəmbərovun başqanlıq postunun belə əlindən alınması prosesini sürətləndirmiş oldu. Onu da əlavə edim ki, Müsavatın namizəd məsələsi partiyada daha ilginc olaylara yol açıb. Hətta əldə etdiyimiz məlumata görə, namizədlər siyahısında adları çıxmayan şəxslərlə Müsavat rəhbərləri arasında yumruq davası da baş verib. Elə bunun ardınca isə, Müsavat mitinqi təxirə salmaq barəsində qərar verib. "DUİ"-yə gəldikdə isə, hələlik, bu təşkilatda sakitlik hökm sürsə də, namizədlik məsələsi buranı da silkələyib. Ona görə də, tam əminlikdə demək olar ki, müxalifət düşərgəsində pafoslu səslənən sözlərin arxasında, sadəcə olaraq, şəxsi ambisiyalar dayanır.

Digər xəbərlər