Fiaskoya uğramış radikallar baş girləməklə məşğuldurlar
Son vaxtlar, qəribə də olsa, müxalifət partiyaları qarşıdakı parlament seçkilərinə qədər bir-birinin ardınca dağılmağa başlayır. Bunun əsas səbəbi isə həmin partiyaların daxilindəki, özbaşınalıq və siyasi səriştəsizlikdir. Demək olar ki, bütün müxalifət partiyaları- İsa Qəmbərovun başqanı olduğu Müsavat, Əli Kərimovun sədrlik etdiyi AXCP (i), ALP və digərləri biabırçı vəziyyətdədir. AXCP (i)-də isə vəziyyət gərgin və daha biabırçıdır.
Yaranmış vəziyyətə diqqət yetirsək, görərik ki, AXCP (i) sədri Ə.Kərimov partiya daxilində öz vəzifəsini və mövqeyini saxlaya bilmədiyi üçün artıq funksionerlər Ə.Kərimovun sədrlikdən istefa verməsini istəyir. Partiya funksionerlərindən Elçin Vəliyev, Lətif Kərimov və Seymur Əskərzadə "Səs" qəzetinə açıqlamasında bildirdilər ki, əgər AXCP (i) sədri özü xoşluqla sədrlikdən əl çəkməsə, yəqin ki, onu döyüb, təhqiramiz formada qovacağıq. Axı, hamıya məlumdur ki, müxaliftçilər arasında heç vaxt etika qaydalarına əməl olunmayıb və onların arasında böyük-kiçik tanınmır. Funksionerlər onu da dedilər ki, Ə.Kərimovun partiyadan uzaqlaşdırılmasında əsas səbəb əqidəsizliyi və partiyanı parçalamasıdır. Sevinirik ki, nəhayət, sıravi partiya üzvləri, gec də olsa anladılar ki, "Yurd" şefinin siyasətdən başqa hər şeydən başı çıxır və hər şeyə də başını soxur. Amma görünür, "Yurd" şefi hələ də özünü siyasətin nə demək olduğunu anlamadığını başa düşmür. Bu isə, təəccüb də doğurmur.Çünki gec başa düşüb əməl etməmək onların çoxdankı peşəsidir. Ancaq unutmaq olmaz ki, sonrakı peşmançılıq fayda verməz.
Bəlkə də gec başa düşən AXCP (i) sədri və Müsavat başqanının hakimiyyətləri dövründə etdikləri qələtləri ört-basdır etmək üçün mitinqlərə, piketlərə əl atmaqdan bezmirlər. Hər dəfə etdikləri rüsvayçı piket cəhdindən sonra yenidən növbəti şou yaratmaq istəkləri bunu sübut edir. Müsavat funksioneri Cəbi Həsənov da bu deyilənləri təsdiqlədi. Bildirdi ki, bu günlərdə Müsavat Ali Məclisinin keçirdiyi iclasda parlament seçkiləri ərəfəsi, daha doğrusu, mayın 25-də piket və küçə yürüşlərinin reallaşdırılmasına nail olmaq üçün yeni şou hazırlayırlar. C.Həsənovun sözlərinə görə, həmin şounun "ssenaristləri" Müsavat başqanı İ. Qəmbərovla AXCP (i) sədri Ə.Kərimov arasında gərginlik pik həddinə çatıb: "Bu proses özünü daha çox müxalifətdəki ayrı-ayrı bloklarda birləşmək prosesində qabarıq şəkildə göstərir. Çünki hər iki müxalifət nümayəndəsi yarana biləcək vahid müxalifət blokunun lideri olmaq istəyir. Hər iki müxalifət lideri bu istəklərini mətbuat vasitəsilə üzə çıxarmaq istəmirlər. Ən qəribəsi isə, hər dəfə keçirilən bu biabırçı piket zamanı istər "Yurd" şefi, istərsə də Müsavat başqanı qadınların arxasında gizlənərək, göstərişlər verirlər. Belə olan halda, indi hansı beynəlxalq təşkilat və ermənipərəst qurum üç-dörd arvadın ümidinə qalan radikallara pul verər və onlardan "istifadə" edər? Heç kim. Ən gülünc vəziyyət isə, həm AXCP (i), həm də Müsavat rəhbərliyinin piketin son illərdəki ən uğursuz və biabırçı şəkildə başa çatmasına görə, bir-birlərini hədəfə tuşlamalarıdır.
Funksionerlərin məlumatına əsasən, dünən axşam "Yurd" rəhbərliyi ilə təmasa keçən Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev, onları təxribat yaratmaqda və keçirilən piketlər zamanı qəsdən müsavatçıları polislə qarşı-qarşıya qoymaqda ittiham edərək, bütün bunların sonradan ikitərəfli münasibətlərə ziyan vuracağını deyib. Məlumatda, həmçinin, bildirilir ki, bu proses iki partiya arasındakı qarşıdurmanı kəskin şəkildə genişləndirəcək bir məsələdir. Artıq Müsavat başqanı İsa Qəmbərov bu məsələdən öz xeyirinə istifadə etməyə başlayıb. O, A.Hacıyevə xüsusi şəkildə göstəriş verib ki, "Yurd" rəhbərinin "vurulması" üçün bu piket cəhdindən istifadə etsin və müxalifətin belə rəzil duruma düşməsini məqsədli şəkildə həyata keçirən qüvvə kimi "AXCP" (i) sədrini hədəfə alsın. Hətta A.Hacıyev başqanının tapşırığını Müsavatyönlü qəzet redaktorlarına da çatdırıb. Belə çıxır ki, artıq başqan qəzet vasitəsilə onu partiyada bir qəpiklik etmək istəyən Ə.Kərimova öz yerini göstəmək niyyətindədr. Bu məsələ isə getdikcə ciddiləşir.