PDF Oxu

Müxalifət

  • 14

Müttəfiqi Əli Kərimovu catdı

Müttəfiqi Əli Kərimovu catdı

Müsavat partiyasını, onun başqanını "Azadlıq" blokunu parçalamaqda ittiham edən "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev "Azadlıq" blokundakı müttəfiqinə də xəyanət yolu tutub. AXCP (i) sədri Əli Kərimovun Müsavatla birliyini heç vaxt qəbul etməyən Ə.Əliyev AXCP (i) sədrinin partiyadaxili qarşıdurmanın qurbanına çevrilməsini arzulayır. Ə.Əliyevin və ümumilikdə, müxalifət düşərgəsində bir-birlərinə "dost" kimi görüntü yaradanların necə "sadiq müttəfiq" olduğunun cəmiyyətimiz yenidən şahidi oldu. Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Fransanın "Avrasiya-Yeni Üfüqlər" təşkilatı ilə birgə bu il aprelin 16-da keçirdiyi "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" adlı beynəlxalq konfransda müxalifət nümayəndəsinin iştirakına nəzər saldıqda, bunu bir daha aydın görmək olur.

Həmin konfransda məruzəçi qismində çıxış edən yeganə müxalifət partiyası nümayəndəsi məhz "VİP" sədri Ə.Əliyev olub. Qeyd edək ki, hələ o zaman məlumat yayılmışdı ki, Ə.Əliyev "Azadlıq" blokunun qərarının ziddinə gedərək, hakimiyyətin tədbirinə məruzəçi kimi qatılıb. Elə bu məqsədlə də, onu müxalifət düşərgəsində bərk gözümçıxdıya salmışdılar. Məlum konfransın məruzəçilərinin çıxışlarının bu günlərdə kitab şəklində çap olunması isə müxalifət düşərgəsini əməlli-başlı silkələməli oldu. Belə ki, "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" beynəlxalq konfransının materialları" adlı kitabın 37-40-cı səhifələrində "VİP" sədri Ə.Əliyevin də çıxışı dərc olunub. Ə.Əliyev həmin kitabda "VİP" sədri və "Azadlıq" blokunun həmtəsisçisi kimi təqdim edilir. Əslində isə, Ə.Əliyev Konfransa "Azadlıq" blokunun təmsilçisi kimi yox, "VİP" sədri kimi qatılması barədə məlumat vermişdi.
Onun həmin kitabda dərc olunan çıxışından isə bərk sarsıntı keçirən İ.Qəmbərovla Ə.Kərimov dərhal açıqlama verərək, Ə.Əliyevin ictimaiyyəti aldatması barəsində bəyanat veriblər. Qeyd edək ki, Ə.Əliyev adıçəkilən kitabda "Demokratik seçki mühitinin formalaşdırılması istiqamətində partiyaların fəaliyyəti" mövzusundakı çıxışında hakimiyyətin və YAP-ın əleyhinə bir cümlə də işlətməməsi müxalifət düşərgəsini məyus edib və radikal müxalifət bu fikirləri böyük qısqanclıqla qarşılayıb. Eyni zamanda, Ə.Əliyevin məlum çıxışının əsas məğzini Müsavatla AXCP (i) və bu partiyaların sədrlərinə qarşı ağlagəlməz iddialar təşkil edir. "VİP" sədri bildirir ki, 2010-cu ilin parlament seçkiləri Azərbaycanda dövlətçiliyə fayda verə biləcək siyasi sistemin inkişafına, etik, prinsipial, inandırıcı, güvənli münasibətlər sisteminin yaranmasına keçid mərhələsi ola bilər. "Bunun üçün, ilk növbədə, müxalifət düşərgəsində mövcud olan bir sıra təşkilat və şəxslərin "hegemon"luğunu təbii yollarla sıradan çıxarmaq lazımdır. Bu proses praktiki olaraq, öz-özünə başlamışdır. Referendum əleyhinə yaranmış hərəkatın Müsavat-AXCP (i), ADP, ALP, "VİP" və "Ümid" partiyasının yaratdığı "Qarabağ və Respublika Uğrunda" vətəndaş hərəkatı daxilindəki partiyalardan ikisinin sədri birləşərək, digər bir partiyanın sıradan çıxarılması cəhdi ötən ilin sentyabrında baş tutmadı və uğursuzluğa düçar oldu. Nəticədə hərəkat çökdü, ən vacibi isə, məlum iki partiya rəhbərinin "hakimlik" nüfuzu sıradan çıxmış oldu. Proses cari ilin əvvəlində də davam etdi. Belə ki, bloka məlum partiyanın, iki şəxsin üstünlüyü şərti daxilində, bir seçki blokuna sürükləndirilməsi cəhdi fiaskoya uğradı. Bu iki şəxsin müxalifət düşərgəsində "hakimiyyət"lərini davamlı etmək üçün əl atdığı bütün vasitələrə rəğmən nəticəsizlik ortadadır. Belə olan halda, bizim üçün müxalifət "hakimiyyətinin" devrilməsi mərhələsi kimi xarakterizə olunur. Növbəti mərhələ, yəni parlament seçkiləri və ondan sonrakı yaxın dövr isə quruculuq mərhələsi ola bilər. Quruculuq mərhələsi o qədər də asan görünmür, çünki rəqabət böyükdür. Belə asanlıqla meydan boşalmayacaq, süni müdaxilə də yolverilməzdir. Hakimliyə iddialı İ.Qəmbərov və Ə.Kərimovun parlament seçkilərində ehtimal olunan uğursuzluğu onsuz da pis olan partiyadaxili mühiti bir qədər də sarsıdacaq. Partiyaların birində rəhbərliyin dəyişməsi mərkəzdənqaçma prosesinə və çökməyə, digərində isə seçkidəki məğlubiyyət sədrin istefasına gətirə biləcək. Belə mülahizələr kuluarlarda dolaşmaqdadır. Növbəti üç seçkisiz il isə partiyalardan kadr axınına da vüsət verəcək" - deyən Ə.Əliyev bu halın qarşısının alınmasının isə mümkünsüz olduğu qənaətindədir.
"VİP" sədri, həmçinin, onu da əlavə edib ki, təsvir olunan fonda mövcud olan siyasi blokun, brendinin əldə saxlanılması ilə parlament təmsilçiliyi müxalifət düşərgəsindəki mənzərəni əsaslı surətdə dəyişə bilər. Bir müddətdən sonra isə parlament təmsilçiliyinin yaratdığı legitimlik şəraiti, büdcədən partiyaların maliyyələşməsinin tətbiq olunacağı halda əlavə imkanlar, düzgün və məqsədyönlü təşkilati-təbliğati və beynəlxalq işlərin qurulması 2013-cü ilin astanasında fərqli münasibətlər sistemi yarada bilər. Yarana biləcək sağlam münasibətlər sistemi, ilk növbədə, dövlətçiliyə xidmət göstərəcək.
Bütün bunlara rəğmən, belə nəticəyə gəlmək olur ki, Ə.Əliyev artıq müxalifət düşərgəsində "hegemon"luq arzusunda olan iki şəxsin İ.Qəmbərovla Ə.Kərimovun iyrənc fəaliyyətlərinə son qoyulmasının vacibliyini etiraf edir. Açıq şəkildə hər iki müxalifət nümayəndəsinin adlarını ifadə edən Ə.Əliyev İ.Qəmbərov və Ə.Kərimovun ardınca "Ümid" partiyasının da siyasi arenadan uzaqlaşdırılmasının vacibliyini dilə gətirir. "VİP" sədri bütün olanların müqabilində İ.Qəmbərovla Ə.Kərimovun müxalifətdə "lider"lik nüfuzunun artıq heçə endiyini, onların nüfuzlarının zədələndiyini də vurğulayıb. O, həmçinin, müttəfiqi olduğu AXCP (i) sədrinin parlament seçkilərində uduzacağını və Ə.Kərimovun istefaya məcbur olacağına əminliyini də ifadə edib. Ə.Əliyev digər bir yandan isə, AXCP (i) olmadan "Azadlıq" blokunun fəaliyyətinin daha məqbul olacağına da inamını dilə gətirib.
Onu da əlavə edək ki, "Azadlıq" bloku ilə Müsavat arasındakı problemə qədər İ.Qəmbərov ALP "lider"i Lalə Hacıyevanı "agent" adlandırıb. Elə bunun ardınca da, hər iki müxalifət təşkilatı arasında başlanan düşmənçilik nəticəsində düşərgədə daha ilginc faktların meydana çıxacağı gözlənilir. Çünki müxalifət düşərgəsi artıq öz ömrünü tamamilə başa vurduğundan bu cür tükürpədici faktların üzə çıxması gözlənilən haldır.

Digər xəbərlər