Müsavatın seçki siyahısı növbəti qarşıdurma yaratdı
Müsavat partiyasının bu günlərdə açıqladığı parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı ilə bağlı artıq ilkin qığılcımlar baş verib.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat partiyası tərəfindən parlament seçkilərində namizədliyi göstərilən şəxslər sırasında adının olmamasından hiddətlənərək, partiya rəhbərliyini tənqid və təhqir hədəfinə götürüb. O bildirib ki, adının namizədlər arasında göstərilməməsi ona qarşı olan kompaniyanın yeni mərhələsidir. Onsuz da, Müsavat rəhbərliyində təmsil olunan şəxslərin başlıca hədəfinin məhz onu sıradan çıxarmaqdan ibarət olduğunu bildirən R.Arifoğlu məhz bu açıqlanan siyahıdan da hər şeyi açıq şəkildə görməyin mümkünlüyünü dilə gətirib. Bildirib ki, Müsavatda özünü hamıdan "ağıllı", "güclü" göstərmək istəyən şəxslər çoxdur. R.Arifoğlunun bu yanaşmasından belə aydın olur ki, artıq Müsavat partiyası daxilində müəyyən qütbləşmələr öz namizədlərini seçkidə irəli sürmək üçün böyük kompaniyaya başlayıblar. Onların sırasında Müsavat icra aparatının rəhbəri Arif Hacıyevin və Ali Məclisin sədri Sülhəddin Əkbərin R.Arifoğluna qarşı olan münasibətini xüsusilə qeyd etmək yerinə düşər. Çünki bu iki şəxs, mütəmadi olaraq, R.Arifoğlunun zərərsizləşdirilməsi üçün müəyyən işlər görürlər. Bu dəfə isə onlar açıq şəkildə R.Arifoğluna qarşı olan münasibətlərini nümayiş etdirməyə fürsət qazanmış oldular.
R.Arifoğlu isə, öz növbəsində, ona qarşı olan bütün addımlara qarşı mübarizə aparacağını bildirib. "Səs" qəzetinə açıqlamasında R.Arifoğlu bildirib ki, o özünün namizədliyinin Müsavat partiyası tərəfindən göstərilməməsi sırf texniki məsələ kimi qiymətləndirir. R.Arifoğlu adekvat işlər görəcəyi iddiasında olduğunu da dilə gətirib: "Mən artıq öz namizədliyimi Nizami rayonu 25 saylı seçki dairəsindən irəli sürəcəyim barəsində Müsavat rəhbərliyində məlumat vermişəm. Ümid edirəm ki, Müsavat rəhbərliyində təmsil olunan şəxslər mənim namizədliyimi dəstəkləyəcəklər.
Namizədliyini irəli sürdüyü seçki dairəsindən digər müxalifət birlik və bloklarından kiminsə, namizədliyinin irəli sürülməsi məsələsinə gəlincə isə, R.Arifoğlu müxalifət düşərgəsində onunla hər hansı bir şəxsin eyni bir dairədən namizədliyinin vermək gücünə malik olmadığını dilə gətirib. "Müxalifətçilər arasında kiminsə, mənimlə eyni dairədən namizədliyini verməsini mümkünsüz hal hesab edirəm. Çünki hazırda müxalifət düşərgəsində belə bir gücə malik olan şəxs mövcud deyil. Eyni zamanda, müxalifət düşərgəsində ağıllı şəxslər var və kiminsə mənimlə mübarizə aparmaq fikrinə düşməyəcəyinə əminəm" -deyən R.Arifoğlu iddialarında sona qədər israrlı olduğunu bildirib. Bütün bu olanlar isə Müsavat daxilində yaranan ziddiyyətlərin məntiqi sonluğu kimi qiymətləndirilir. Ona görə də, İ.Qəmbərov ya R.Arifoğlunun Müsavatın namizədləri siyahısına salınmasına razı olacaq, ya da "Yeni Müsavat" partiyasının yaradılması məsələsi ilə barışacaq.