PDF Oxu

Müxalifət

  • 10

Radikallar növbəti şou yaratmağa hazırlaşır

Radikallar növbəti şou yaratmağa hazırlaşır
Yenə də müxalifət düşərgəsində gərginlik başlayıb. Səbəb isə, qarşıdakı parlament seçkisində biabırçı uğursuzluğunu artıq qabaqcadan bilən radikal müxalifət yenidən icazəsiz aksiyalara start verdi. Mayın 21-də mitinq keçirməyi qərarlaşdıran Müsavat partiyasının bu addımı heç də düşərgədə olan digər müxalifət partiya sədrlərini qane etməyib.
ADP sədri Sərdar Cəlaloğlu müxalifətin hər seçkiöncəsi icazəsiz keçirdiyi mitinqlərin bir şou olduğunu söyləyib: "Bəzi siyasi təşkilatların kütləvi aksiyalar keçirmək cəhdləri ilə indiki situasiyanı dəyişmək mümkün olmayacaq. Müxalifət, bütün seçkilərdə olduğu kimi, qarşıdakı parlament seçkilərində də yenə də şou göstərmək istəyir. Lakin qanunsuz görülən hər hansı bir iş heç vaxt xeyirli olmayıb. Əgər müxalifət uğur əldə etmək istəyirsə, tamamilə fərqli taktika seçməlidir".
S.Cəlaloğlunun sözlərinə görə, kütləvi aksiyalar məsələsi müxalifət üçün ikinci, üçüncü dərəcəli olmalıdır: "Biz daha çox müxalifət qüvvələrinin birliyinə nail olmalıyıq. Təəssüf ki, indi bu istiqamətdə heç bir irəliləyişə nail ola bilmirik. İndiki situasiyada müxalifətin həmrəyliyinə daha çox ehtiyac var. Əgər bu həmrəyliyə nail ola bilsək, cəmiyyətin də müxalifətə olan inamını qaytara bilərik. Məncə, seçkilərdə uğur əldə etməyimiz üçün bizim həmrəyliyimiz hər şeydən vacibdir. Bu birlik düzgün məqsədlərə yönəlməlidir, ancaq müxalifətin birliyi məhdud məqsədlərə istiqamətlənir".
Müxalifətin birliyi ilə bağlı yeni cəhdlərə gəldikdə, S.Cəlaloğlu bir daha belə təşəbbüslə çıxış etməyəcəyini də vurğulayıb: "Əlbəttə, siyasi mübarizənin əsas şərtlərindən biri əldə olunan nəticə ilə bağlıdır. Amma bir daha şahidi oldum ki, bizim müxalifət demokratik dəyərləri hələ də tam mənimsəməyib. Belə olan halda, yenidən birliklə bağlı təşəbbüslərin heç bir mənası yoxdur".
Vəhdət partiyasının sədri Tahir Kərimli isə, bildirib ki, mitinqlər keçirməklə müxalifət bu seçkidə hansı yeni texnologiyalara əl atacaq? T.Kərimli müxalifətin parlament seçkisinə də, belə qanunsuz aksiyalarla da getməsinin müsbət nəticə verməyəcəyini də söyləyib: "Müxalifətin məqsədi kütləvi aksiya yox, şou göstərməkdir. Əgər aksiyalarını qanunla nəzərdə tutulan yerlərdə keçirməyə razılıq versələr, nə qədər zəif olduqları ortaya çıxacaq".
T.Kərimli, onu bildirib ki, qanunun tələblərinə görə, kütləvi aksiyalar keçirmək müxalifətin hüququdur. Bununla bağlı, sadəcə, qanunda göstərilmiş prosedurları gözləmək lazımdır: "Müxalifətin kütləvi aksiyalar keçirmək hüququ həmişə qanunla qorunub və bu gün də qorunur. Bu, normal bir haldır. Amma iş burasındadır ki, bu gün radikallar, əsasən, seçki öncəsi dövrlərdə aksiyalar keçirməyə və bunu siyasi şouya çevirməyə cəhd edirlər. Radikallar konflikt yaratmağa və hüquq-mühafizə orqanları ilə daha çox toqquşmaya getməyə, daha sonra bunları guya insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışırlar. Müxalifətin əsas məqsədi kütləvi aksiya keçirmək deyil. Onların əsas məqsədi toqquşma yaratmaq, şou göstərmək və sonra beynəlxalq təşkilatlara şikayət etməkdir."
T.Kərimli müxalifətin Bakı şəhər icra hakimiyyəti tərəfindən ayrılan yerlərdə icazəli aksiyalar keçirməkdən imtina etməsinə də münasibət bildirib: "Əgər aksiyalarını həmin yerlərdə keçirməyə razılıq versələr, onların nə qədər zəif olduqları ortaya çıxacaq. Çünki aksiyaya heç olmasa bir neçə yüz adam çıxarmaq lazımdır ki, bunu edə bilməyəcəklər. Aksiyada ciddi əsaslandırılmış, cəmiyyətin diqqətini cəlb edə biləcək şüarlar səsləndirilməlidir, bunlar da bugünkü müxalifətdə yoxdur. Digər tərəfdən, qanunun tələblərinə uyğun aksiyalar keçirsələr, onların əlində kimlərisə ittiham etməyə bəhanə qalmayacaq. Qanunsuz aksiyalarla, hüquq-mühafizə orqanlarıyla toqquşmaya cəhd etməklə, onların nəzərincə, nəsə əldə edirlər. Ancaq bütün bunlar cəmiyyətə maraqlı deyil".

Digər xəbərlər