PDF Oxu

Müxalifət

  • 12

Müsavatla "Azadlıq" bloku yenidən üz-üzə dayanmalı olub

Müsavatla "Azadlıq" bloku yenidən üz-üzə dayanmalı olub
Radikal müxalifət düşərgəsində növbəti dəfə əsəblər tarıma çəkilib. Yenidən "Azadlıq" bloku ilə Müsavat partiyası arasında problem yaşanmaqdadır. Müxalifətin emosional partiya sədrlərindən olan "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev son zamanlar başından yekə məsələlərə burun uzadır. Bir müddət öncə, AXP-nin keçmiş sədri Pənah Hüseynovla didişən Ə.Əliyev bu dəfə Müsavata ilişib. Ə.Əliyevə yuxarıdan aşağı yanaşma prinsipi ilə yanaşan müsavatçılar isə onun qabağına Müsavat deputat qrupunun üzvü İkram İsrafili çıxarıblar. "VİP" sədrinin ittihamlarına daha sərt cavab verən İ.İsrafil Ə.Əliyevin adını siyasətçilərin arasında eşitsə də, onun rəhbərlik etdiyi partiyanı belə tanımadığını dilə gətirib. Bu baxımdan da, "Azadlıq" blokunun formal bir təşkilat olduğunu qeyd edən İ.İsrafil burada təmsil olunan partiyaların arxasında 10 nəfərin belə olmadığını söyləyib. Qeyd edib ki, müxalifət düşərgəsində anormal üsullarla idarə olunan partiyalar sırasında Ə.Əliyevin rəhbərlik etdiyi qurumu da qeyd etmək heç də yanlışlıq olmazdı. "Çünki bu tip qurumları Azərbaycan cəmiyyətində heç kim indiyə qədər tanımayıb və tanımayacaqdır. Ə.Əliyevin siyasi kimliyi isə müxalifət üçün hələ də sual doğurur. Belə şəxslər siyasətə ancaq şəxsi maraqlardan yanaşırlar. Ona görə də, zaman-zaman onlar tərəfindən yanlış addımların atılmasının müşahidə etmək mümkün olur" -deyən İ.İsrafil mənsub olduğu partiyadakı ziddiyyətləri nədənsə yaddan çıxarıb. Amma nəzərə almaq lazımdır ki, hazırda müxalifət düşərgəsində təmsil olunan partiyalar sırasında Müsavat daxilində olan dərin böhranla müqayisə olunacaq ikinci bir problem mövcud deyil. Bu baxımdan da, Müsavatın son zamanlar bir sıra müxalifət partiyaları ilə konfiliktə maraq göstərməsi onlara yönəlik diqqəti kənarlaşdırmaq məqsədi daşıyır. Sadəcə olaraq, məsələnin görünən tərəfi də ondan ibarətdir ki, bu gün Müsavat müxalifətin bir nömrəli düşməni gözündə qələmə verilib. Odur ki, müxalifət düşərgəsində alovlanan problemin tüstüsü hələ İsa Qəmbərovun gözünü çox acışdıracaq.

Digər xəbərlər