Mayın 21-də Müsavat gənclər təşkilatı piket keçirmək həvəsinə düşdüklərini bildiriblər. Bununla da onlar bir müddət öncə keçirmiş olduqları biabırçı piketin ardınca növbəti dəfə də özlərini gülünc vəziyyətə salmaqdan usanmadıqlarını göstərməyə çalışırlar. Müsavatda daxili proseslərin son həddə çatması partiyadakı gənclərin belə, başqana qarşı çıxmasına şərait yaratmış olub. Artıq neçə müddətdir ki, özünü reklam prinsipinə üstünlük verən Müsavat başqanı İsa Qəmbərov bir ay müddətində ardıcıl olaraq üç dəfə xarici ölkələrdə səfərlərdə olub.
Elə bu səfər müddətində də, İ.Qəmbərov müəyyən maraqlı dairələrlə söhbətlər apararaq, yeni göstərişlər alması deyilənləri bir daha təsdiqləmiş olur. Çünki üzdə özünü huri-mələk kimi göstərməyə çalışan İ.Qəmbərov, əslində, siyasət aləmində heç vaxt sərbəst fiqur olmayıb. İ.Qəmbərov bütün hallarda xarici maraqlı qüvvələrin qulu olub. Bu gün də, o vəziyyət davam edir. O, həmişə öz çirkin niyyətləri ucbatından mənsub olduğu düşərgədə olan şəxsləri belə çıxılmaz duruma salıb. Bu şəxs, demək olar ki, müxalifət düşərgəsində ən iyrənc sima almış bir fiqurdur. Onun istənilən formada pafoslu çıxışı, sadəcə olaraq, sifarişçinin niyyəti ilə eynilik təşkil etmiş olur. Bu baxımdan da, Müsavat başqanlığında qaldığı müddətdə də, İ.Qəmbərov hər şeyi şəxsi maraqlarına qurban verməli olub. Elə bu səbəbdəndir ki, bu gün Müsavat partiyası ömrünün son baharını yaşamaqdadır. Partiya daxilində baş qaldırmış üsyan, başqanlıq postuna yiyələnmək istəyən şəxslər arasında düşmənçilik prinsipləri Müsavatın uçurumun bir addımlığında dayanmasını təmin edən hallardır. İ.Qəmbərov xarici havadarlarının göstərişlərinə uyğun olaraq partiyasında təmsil olunan üç-beş nəfər gənci və təsisçisi olduğu "Yeni Müsavat" qəzetinin əməkdaşlarını metro stansiyalarının qarşısında hay-küy salmağa göndərməklə özünün iç üzünü bir daha açıb göstərmiş olur.
Mayın 21-də növbəti dəfə piket keçirmək məsələsi üstündə baş sındıran İ.Qəmbərov yenidən iki-üç nəfərin timsalınada hay-küy salmaqla almış olduğu göstərişləri yerinə yetirirmiş kimi görüntü yaratmağa çalışacaq. Əslində isə, onun özü də bilir ki, bu gün müxalifətin istənilən formada mitinq və ya piket keçirmək istəyi cəmiyyət tərəfindən birmənalı şəkildə rədd edilir. Çünki Azərbaycan cəmiyyəti müxalifətin hansı yuvanın quşu olduğunu çox gözəl bilir. Bu baxımdan da cəmiyyətin dəstəyindən tamamilə məhrum olmuş müxalifətin bundan sonrakı mövcudluğu, sadəcə olaraq, cavabsız sual doğurur. Bununla yanaşı, əgər Müsavat partiyası kimi oyuncaq bir qurum piket və ya mitinq keçirmək barəsində uydurma qərarlar qəbul edirsə, daha bunun heç bir şərhə ehtiyacı yoxdur. Guya Müsavat partiyasında təmsil olunan gənclər nəsə bir yenilik edib nümunə olacaqlar? Bu isə absurd bir məsələdir. Onların böyükləri bu gənclərdən əvvəl nəyə nail oldularsa, müsavatçı gəncləri də həmin sürprizlər gözləyir. Sadəcə olaraq, ola bilsin ki, Müsavat başqanı xarici donorlar müqabilində aldığı vəsaitdən həmin gənclərə də müəyyən məbləğ vermiş olsun. Bu isə məsələnin tamamilə başqa tərəfidir. Amma görünən əsil tərəf isə ondan ibarətdir ki, bu gün müxalifət sonuncu mərhələsini yaşamaqdadır. Artıq bundan sonra cəmiyyətimiz bu tiplərin nə adlarını eşidəcək, nə də ki, üzlərini görəcək.