"Azadlıq" bloku mitinqə kimlərlə çıxacaq?
Mayın 15-də "Azadlıq" blokuna daxil olan müxalifət partiyaları mitinq keçirmək niyyətində olduqlarını bildiriblər. Blokda təmsil olunan partiyaların növbəti dəfə mitinq keçirmək niyyətinə düşüblər.
Onların bundan öncə keçirmək istədikləri piket xarakterli mtiniqdə özlərini nə dərəcədə biabır etdiklərinin fərqinə varmadan yenidən belə bir iddiaya düşmələri bir sıra gizli mətləblərlə bağlıdır. Dünənə kimi AXCP (i) sədri Əli Kərimovu düşmən gözündə görən müxalifət indi, nədənsə, onun iyrənc işlərinə göz yumur. Son 20 günə qədər "Azadlıq" blokunda təmsil olunan partiyaların belə Ə.Kərimovu arzuolunmaz şəxs kimi qələmə verməsi barəsində, bütövlükdə, müxalifətin diqqətində idi. Çünki Müsavat partiyasının başqanı İsa Qəmbərov "Azadlıq" blokunu ALP lideri Lalə Hacıyevanın əlindən almaq məqsədilə Ə.Kərimovu ona qarşı qaldırmışdı. Eyni zamanda, blokun digər təmsilçisi "VİP" də Müsavatın gözündən yayınmamışdır. Hətta Müsavat "DUİ" ilə birlikdə seçki platformasına AXCP (i) və "VİP"-i də daxil edib. Bütün bunlar isə "Azadlıq" blokunun dağılmasına xidmət edir. Digər tərəfdən isə İ.Qəmbərov özü də ayrılıqda L.Hacıyevanı zərərsizləşdirmək üçün onu ləkələmək və keçmişini yenidən ictimaiyyətə təqdim etmək üçün hərəkətə başlamışdı. Bunun müqabilində isə, L.Hacıyeva da sakit dayanmayıb. Bir neçə gün öncə, xarici havadarları ilə gizlin şəkildə görüş keçirən L.Hacıyeva onlardan aldığı yeni göstərişləri reallaşdırmaq üçün ağalıq etdiyi təşkilatı bir sıra iyrənc işlərə sövq etməyə başlayıb. Buna misal olaraq, "Azadlıq" blokunun mayın 15-də də mitinq keçirmək barəsində vermiş olduğu bəyanatı göstərmək kifayət edər. Çünki L.Hacıyeva İ.Qəmbərovla aralarında yaranmış gərginlikdən istifadə etməklə, müxalifətin bölüşdürülməsi məsələsini də yenidən gündəmə gətirməyi planlaşdırırdı. Bu baxımdan da, İ.Qəmbərovla L.Hacıyeva arasında baş verən gərginlik müqabilində hər iki şəxsin rəhbərlik etdiyi qurumdan biri siyasi arenanı tərk etməli idi. Sonluqda isə İ.Qəmbərov adi bir qadından üstün olmağını sübut etmək üçün əlindən gələni etməyə başladı. Hazırda da hər iki şəxs arasında gərgin durum yaşanmaqdadır.
"Azadlıq" blokunun indiki məqamda mitinq keçirmək barəsində verdiyi ardıcıl iki qərar isə formal xarakter daşıyır. L.Hacıyeva bu addımlarla müxalifət düşərgəsindəki rəqiblərinə, hələ də, ayaqda qaldığını və fəaliyyətini davam etdirdiyi barəsində mesaj ünvanlamaq niyyətindədir. Onun çirkin niyyətinin isə yaxın zamanlarda reallaşması müxalifət düşərgəsində daha ilginc olayların baş verəcəyindən xəbər verir. Guya L.Hacıyeva mitinq keçirməklə yeni bir iş görəcəkmiş kimi görüntü yaratmağa çalışsa da, onun bu hərəkətləri, əslində, özünü daha gülünc vəziyyətə salır. Çünki iki-üç nəfərin hay-küy salmaqla ajiotaj yaratmağa cəhd göstərməsi ilə nəyə nail olmağın mümkünlüyünü elə müxalifətçilərin özləri də gözəl bilir. Sadəcə olaraq, onlar hələ də, öz mövcudluqlarını hiss etdirməyə səy göstərirlər. Amma müxalifət düşərgəsində baş verən ilginc olaylar burada təmsil olunan siyasi partiyaların ömrünü günbəgün qısaldır.