Müsavat partiyasında mitinq problemi yaşanır
Müsavat başqanı İsa Qəmbərovla "KAXCP" sədri Mirmahmud Fəttayev son zamanlar möhkəm rəfiq olublar. Onlar bir-birlərinə o qədər yaxınlaşıblar ki, artıq bu "ittifaq"larına AXCP (i) sədri Əli Kərimovu belə qatmaq niyyətində deyillər. İ.Qəmbərovla M.Fəttayevin son bir aya qədər yaxın münasibətdə olmaları müxalifətin problemlərinin artması baxımından da təsiredici olub. Çünki onlar ağız-ağıza verib, ağızlarına gələni deyirlər.
Bu isə, öz növbəsində, müxalifət düşərgəsində böyük səs-küyün yaranmasını daha stimullaşdırmış olub. Bu baxımdan da, bu iki cütlük arasında nə yaşanmasından asılı olmayaraq müxalifət onların bu "sevgi"sini pisləyir. Doğrudur, İ.Qəmbərovun gözü hələ də Ə.Kərimovda qalsa da, hələlik, yaranmış olan bu boşluğu doldurmaq üçün M.Fəttayev foktorundan istifadə edir. İsanın daha bundan sonra nə vaxta qədər belə bir variantdan istifadə edəcəyini proqnozlaşdırmaq onun şəxsiyyəti qədər problemlidir. Çünki bir də gördün ki, günü sabah İ.Qəmbərov M.Fəttayevdən üz döndərdi. Bu, onun üçün su içimi qədər asan olan bir məsələdir. Amma hələlik, M.Fəttayev ona lazımdır. Danışanda, desin ki, biz o boyda "DUİ" ilə əməkdaşlıq edirik.
Ona görə də, İ.Qəmbərovun atmış olduğu bu addımları ona, sadəcə olaraq, danışmağa əsas olsun deyə lazımdır. Məhz onunla havadarları verdikləri pulun müqabilində gördüyü işin haqq-hesabını apardıqda, "görürsünüz də, "DUİ" ilə əməkdaşlıq edirik. Üstəlik də, bir dəfə mitinq keçirmişik, mayın 21-də yenə keçirəcəyik" deyə özünü sığortalamış olsun. Olanlar isə İ.Qəmbərovun bütün əməllərinin, sadəcə olaraq, özünü sığortalamaq prinsipinə əsalandığını şərtləndirir.
Müxalifət düşərgəsində yaranmış olan süstlüyü pozmaq üçün məhz bir sıra partiyalara əməkdaşlıqla bağlı təklif göndərməklə özünü gözə soxmağa çalışan İ.Qəmbərov, nəticədə, M.Fəttayevlə "bacılıq" olmağa nail olub. Onun bu "ittifaqı" isə uzun sürən bir şey deyil. Ötən ay partiyasında olan-qalan beş-üç nəfərin cibinə pul basıb metronun qabağında hay-küy salmağa göndərən İ.Qəmbərov bu ayın 21-də eyni halı təkrarlamağı planlaşdırır. Çünki İ.Qəmbərovun özü də gözəl bilir ki, heç kəs onun çirkin ideyalarından ötəri dəyərli vaxtını itirib Müsavatın mitinqinə qatılan deyil. Ona görə də, İ.Qəmbərov təsisçisi olduğu mətbu orqanın əməkdaşlarından yararlanıb, kiçicik bir səs-küy salmaqla işini bitmiş sayacaq. Bütün bu olanlar isə müxalifət düşərgəsindəki vəziyyətin hansı səviyyədə olmasından və burada özünü "lider" kimi aparan şəxslərin nəyə qadir olmalarından xəbər verir.