PDF Oxu

Müxalifət

  • 10

“Yurd" şefi meydanda tək qalacaq

“Yurd" şefi meydanda tək qalacaq
Neçə müddətdir ki, AXCP (i) sədri Əli Kərimov qurultay keçirmək istəyini həyata keçirmək istəyir, ancaq alınmır ki, alınmır. İndi də parlament seçkiləri ərəfəsi yenidən qurultay məsələsini ortaya atıb. Bu günlərdə müxalifət mətbuatında verdiyi açıqlamasında bu yaxınlarda qurultay keçirəcəyini dönə-dönə israrla vurğulayıb.
Bundan öncə, bu məsələyə qarşı "Yurd"dakı əks-mövqelərin baş qaldırması ilə bağlı məlumat vermişdik. Amma hqiqətən də, görünür, "Yurd" şefinin qurultay arzusu, ötən ildə olduğu kimi, bu ildə də elə arzu olaraq qalacaq. Çünki partiyanın əksər funksionerləri bu qərara qarşıdır. Eyni zamanda, rayon təşkilatlarında qurultaya nümayəndə seçmək və konfransların keçirilməsi mümkünsüzdür. Partiyadan bizə verilən məlumata görə, artıq funksionerlər "Yurd" şefini şef saymırlar. Eyni zamanda, Ə.Kərimov funksionerləri bacarıqsız adlandırıb. Onlar da bundan hiddətlənərək, partiyanı tərk etməyə başlayıblar.
Bildirək ki, həqiqətən də, bu günlərdə "Azadlıq" radiosuna müsahibə verən Ə.Kərimov, müxalifətdəki passivliyə və bacarıqsızlığa görə həmkarlarını o ki var "sürüyüb". Yəni, müxalifət bu gündədir, bunlar isə, sadəcə, məzələnirlər. Bununla Ə.Kərimov həm də öz partiyasının daxilindəki "razborka"lardan diqqəti yayındırmaq istəyib. Görünür, Ə.Kərimov, qarşıdakı parlament seçkiləri ərəfəsi qurultayın keçirilməsini bilir və bu səbəbdən də, birinci növbədə, qurultay məsələsini arxa plana keçirmək istəyir. Mənbənin verdiyi məlumata görə, neçə dəfə "Yurd" şefi bu məsələni mərkəzi aparat qarşısında qaldırsa da, bu, baş tutmayıb. Çünki partiyada hazırkı durumdan narazı olan və Ə.Kərimovun apardığı siyasətə qarşı çıxan narazı funksionerlər, qurultayın baş tutmaması üçün açıq fəaliyyətə başlayıblar. Verilən məlumata görə, hətta həbsdən yenicə çıxan "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahidovun da Ə.Kərimova qarşı çıxanlarla bir cəbhədə olduğu bildirilir. Səbəb kimi isə, "Yurd" şefinin son bir neçə il ərzində AXCP (i)-ni rüsvay edən siyasət yürütməsi və artıq siyasətdə qocalıb əldən düşməsidir. Həmçinin, əyri və böhtançı adamları öz qoltuğunun altına salması da "Yurd" funksionerlərinin kəskin reaksiyasına səbəb olub. Ona görə də, neçə müddətdir ki, partiya funksionerləri bu seçkiərəfəsi də rayon təşkilatlarına təsir etməklə, qurultayqabağı konfransların keçirilməsinə əngəl törədirlər.
"Yurd"dan verilən məlumatda da açıq deyilir ki, belə gedişlə qurultay keçirmək, ən azından, növbəti parlament seçkilərinə kimi, çətin ki, mümkün olsun. Amma nə demək olar? Çünki bu dünya üzündə nə qədər əcaib şeylər varsa, bu radikal düşərgədə toplanıb.
O da bəllidir ki, AXCP (i) ilə yanaşı, AMİP də bu məsələ üstündə baş sındırır. Uzun müddətdir ki, siyasi səhnədən kənara çəkilən və AMİP-dəki proseslərdən kənarda qalan Etibar Məmmədov parlament seçkiləri yaxınlaşdıqca, partiyanın sədrliyinə qayıtmaq və yenidən radikal düşərgədə "yer tutmaq" üçün qurultay keçirmək qərarına gəlib. Yəni ki, "mən də varam" demək istəyir. Amma bu, elə xəyaldan başqa bir şey deyil. Çünki AMİP-çilər daha E.Məmmədova, azacıq da olsa, əvvəlki hörməti bəsləmirlər. Əksinə, artıq ona qarşı əsil nifrət yaranıb və Etibar bəy etiraf edib-etməsə də, fakt budur ki, onun rəhbərliyinə qarşı çıxanlar, onu dəstəkləyənlərlə müqayisədə həddindən artıq çoxdurlar.
Qayıdaq "Yurd"a. Mənbənin məlumatına görə, bu günlərdə Ə.Kərimov partiyanın mərkəzi aparat işçiləri ilə müşavirə keçirərək, təcili şəkildə onlara rayonlara gedərək qurultaya hazırlıq görməyi və tələsik konfranslar keçirməyi tapşırıb. Partiyadakı mənbələrin xəbərinə əsasən, "Yurd" şefi öz rəqibləri qarşısında biabır olmamaq və qarşıdakı mərhələdə start götürmək üçün mütləq qurultay keçirilməsinin vacib olduğunu deyib və bütün qüvvələrin buna səfərbər olunduğunu vurğulayıb. Amma məsələnin başqa bir tərəfində Ə.Kərimovun bu qərarına görə, ciddi peşmançılıq çəkəcəyi də fakt olaraq vurğulanır. Çünki narazı qüvvələr bu məsələnin tələm-tələsik həll olunmasına qarşı çıxırlar və Ə.Kərimovun göstərişi ilə keçirilməsi nəzərdə tutulan qurultayın reallaşmasına sərt təpki göstərirlər. Əli Kərimovu yandıran da elə budur. Amma fakt odur ki, artıq onun qurultay keçirmək və özünü tələm-tələsik lider elan etmək istəyi bu dəfə də puç oldu. Necə ki, müxalifət puç olub.

Digər xəbərlər