“Azadlıq" blokunda mövqe davası başlayıb
Bir müddətdir ki, müxalifət düşərgəsində özlərini aktiv göstərməyə çalışan şəxslər qarşılarına çıxan maneələri dəf etməkdə israrlı görünürlər. Bu sıradan AXCP (i) sədri Əli Kərimovun adını xüsusilə qeyd etmək lazımdır.
Çünki son bir ayda özünü şou-biznes nümayəndələri kimi reklam etməkdən zövq alan Ə.Kərimov "Müxalifətdə ondan başqa heç kim qalmamalıdır" prinsipini əsas tutaraq, çirkin işlərlə məşğuldur. "Vaşinqton-Post" qəzetindəki məqalənin ardınca rəhbərlik etdiyi qəzetin əməkdaşlırını piket keçirməyə təhrik edən Ə.Kərimov, indi də, bir blokda təmsil olunduğu şəxslərlə problem yaşamaqdadır. Heç bir halda özündən başqa ikinci bir şəxsi müxalifət düşərgəsində görmək istəməyən Ə.Kərimov elə bu məqsədlə də, ən iyrənc işlərə belə əl atmaqdadır. Onun uzun müddətdir ki, təmsil olunduğu "Azadlıq" blokunda ALP lideri Lalə Hacıyeva ilə problem yaşaması deyilənləri bir daha təsdiqləyir. Müxalifətdə özündən şərəfsiz, vicdansız birinə rast gələndə, dərhal əməliyyata keçən Ə.Kərimov bu dəfə də, deyəsən, L.Hacıyevanı təqaüdə göndərmək istəyindədir. Amma maraqlı bir məqam ondan ibarətdir ki, Ə.Kərimovun qurbanları orijinal formada sıradan çıxarılır. O, bu metodla müxalifət düşərgəsində əlinə-ayağına dolaşan hər kəsi zərərsizləşdirməkdə mahirdir. Təkcə bir faktı demək kifayət edər ki, onun himayədarlıq etdiyi "Azadlıq" qəzetinin əməkdaşları məhz bu variantla onun toruna düşüblər.
Digər bir məqam ondan ibarətdir ki, son vaxtlar Müsavat başqanı İsa Qəmbərovala "dost"luq edən Ə.Kərimov məhz ALP liderini onun əli ilə vurmağı planlaşdırıb. İlkin mərhələdə əsas hədəf olan şəxsin şərəfsiz kimi qələmə verilməsinə nail olan Ə.Kərimov məhz İ.Qəmbərovun dili ilə L.Hacıyevanın müxalifət düşərgəsində satqın, ikiüzlü və agent kimi qiymətləndirilməsi prosesini yekunlaşdırıb. Hazırkı mərhələdə isə Ə.Kərimov onun mövqelərini tamamilə əlindən almağı planlaşdırır. Artıq qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı Müsavatla "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar arasındakı məlum razılaşmanın nəticələrinə əsasən, İ.Qəmbərov və Mirmahmud Fəttayev "Azadlıq" blokunun hər iki təmsilçisinə yer ayırıb. Məhz belə olan halda, blokun iki təmsilçisi AXCP (i) və "Vətəndaş və İnkişaf Partiyası" üçüncü təmsilçini, yəni ALP-ni tək buraxmış olur. Bu isə başqasının əli ilə "Azadlıq" blokunun dağılmasına nail olmaq prinsipinin Ə.Kərimov variantıdır. Çünki yeri gələndə, Ə.Kərimov "mənim bu işlərdən xəbərim yoxdur deməklə" İ.Qəmbərovla L.Hacıyevanı, faktiki olaraq, qarşı-qarşıya qoymuş olur. Bu isə onun köhnə xislətidir. Bütün bunlar isə "Azadlıq" blokunun tez bir zamanda siyasi səhnəni tərk etməsinə yeni bir stimul vermiş olur.
Heç bir halda, müxalifətin birliyi və əmakdaşlığı baş tutmadığından, burada olan qüvvələr məhz digər məsləkdaşlırını sıradan çıxarmaqla niyyətlərini reallığa çevirməyi düşünürlər. Çünki bu hal onların çirkin xislətindən doğan bir zərurətdir. Cəmiyyətimiz maraqları naminə müxalifət düşərgəsində təmsil olunan şəxslərin istənilən iyrənc işlərə əl atmasının dəfələrlə şahidi olub. Elə ona görə də, cəmiyyət müxalifətin bu anormallığını heç vaxt bağışlamır.