PDF Oxu

Müxalifət

  • 9

"Ümid" partiyası müxalifətdən xaric edilir

"Ümid" partiyası müxalifətdən xaric edilir
Müxalifət düşərgəsində arzuolunmaz şəxs kimi qələmə verilən "Ümid" sədri İqbal Ağazadə siyasətdən birdəfəlik uzaqlaşmaq barəsində qərar verib. "Ümid" partiyasının yarandığı gündən müxalifət partiyaları arasında qərar tuta bilməməsi, həmçinin, həmin qurumun oyuncaq bir fiqur kimi ortalığa atılması İ.Ağazadənin bütün planlarını alt-üst etmiş oldu. Bu səbəbdən də, bir müddət öncə qarşıdan gələn parlament seçkilərində bir neçə məntəqədən artıq namizədlərini irəli sürmək barəsində bəyanat verən İ.Ağazadə bunların ardınca siyasətdən uzaqlaşdı. Bir faktı da qeyd edək ki, ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində də "Ümid" sədri bir neçə min namizədlə seçkiyə qatılacağını bildirsə də, reallıqda 5 namizəd göstərə bilmədi. Bütün bunlar isə İ.Ağazadənin ətrafında özündən başqa heç kimin olmadığından xəbər verir. Amma nədənsə "Ümid" sədri hələ də öz çılğınlığından və məkrli niyyətindən geri çəkilmək fikrində deyildi. Son anadək öz şəxsi maraqlarına xidmət edən və siyasətdə ancaq bu ideyalarını gerçəkləşdirmək üçün qaldığını isbatlayan İ.Ağazadə siyasətdən getməyini başqa bir məqamla pərdələməyə çalışır. Əslində isə, müxaılifət düşərgəsində olanların hər biri bu cür məntiqsiz uydurmalarla özlərinin çirkin ideyalarını gizlətməyə çalışırlar. "Ümid" sədri də düşərgədə olanlardan heç nəyi ilə fərqlənmir. Sadəcə olaraq, bu günə qədər düşərgədə onun saxlanması bir çox obyektiv və subyektiv səbəblərlə izah oluna bilər. İlk növbədə, İ.Ağazadə müxalifət düşərgəsində öz çılğınlığı ilə seçilən şəxslərdən olub. Pənah Hüseynovdan sonra düşərgədə belə bir şəxsin qalması, görünür, müxalifətin müəyyən məqsədlərinə nail olmaq üçün gərəkli imiş. Amma bütün bunlara baxmayaraq, İ.Ağazadə birdəfəlik siyasi arenanı tərk etmək qərarı verdi. Onun belə bir qərar verməsinə isə bir sıra səbəblərin əsas olduğu bildirilir. İlk növbədə, İ.Ağazadə həm sədrlik etdiyi partiyadan, həm də mənsub olduğu düşərgədən imtina etməklə, ona qarşı yönələn qüvvələrin qarşısında dözümsüzlük nümayiş etdirdi. Digər tərəfdən isə hazırda düşərgədə hegemonluq etmək iddiasında olan Müsavat partiyasının başqanı İsa Qəmbərovun düşərgədə qara piar əməliyyatı, demək olar ki, "Ümid" sədrinin başında çatlamış oldu. Çünki İ.Qəmbərov müxalifətin şəriksiz lideri olmaq üçün son zamanlar ən iyrənc metodlardan istifadəyə əl atır. Müsavat başqanı bütün çirkin əməllərini məhz müxalifətin mövcud qüvvələrinin sıradan çıxarılmasına yönəlib. Belə ki, o özünün əzəli rəqibləri olan Azərbaycan Liberal Partiyasının lideri Lalə Hacıyevanı müxalifətin xəyanətkar şəxsi kimi və bir çox ölkələrin agenti kimi qələmə verərək, onu ləkələməklə müəyyən mənada niyyətini gerçəyə çevirməyə cəhd göstərdi. İ.Qəmbərovun ikinci həmləsi isə L.Hacıyevanın təmsil olunduğu "Azadlıq" blokundakı partiyaları ondan ayırmaqla nəticələndi. Məhz beləliklə də, İ.Qəmbərov ilkin mərhələdə başqanlığının son çağını yaşamasına baxmayaraq, çoxdandır niyyətində olduğu çirkin planlarının birinci hissəsini yerinə yetirmiş oldu. Onun ikinci həmləsi isə "Ümid" partiyasının müxalifət düşərgəsindən uzaqlaşması planı idi. İ.Qəmbərov 2003-cü il prezident seçkilərindən İ.Ağazadəyə heç nəyi güzəştə getməyərək, onu müxalifətin arzuolunmaz şəxsi kimi qələmə vermişdi. Bu gün isə müxalifətin baş bəlası İ.Qəmbərov məkrli niyyətinə çatmış oldu. Onu da əlavə edək ki, İ.Ağazadə siyasətdən getməsi barəsində qərar verməsindən öncə, mayın 1-də partiyasının mitinq keçirməsini planlaşdırırdı. Amma hər zaman olduğu kimi, bu dəfə də müxalifətin arzusu gözündə qalmış oldu. Çünki düşərgə hazırda "Ümid" partiyası olmadan bütün çirkablar içində çabalamaqdadır. Digər tərəfdən isə, İ.Ağazadənin ardınca hələ buradan bir sıra partiya rəhbərlərinin də uzaqlaşması gözlənilir. Məhz hər seçiköncəsi xarici havadarlarının ağuşuna sığınan müxalifət liderləri bu dəfə tamamilə başsız qaldıqlarından yeganə çıxış yolunu siyasətdən uzaqlaşmaqda görürlər.

Digər xəbərlər