Müxalifət xilas yolu axtarışında
Artıq parlament seçkiləri yaxınlaşdıqca, müxalifət daxilində müəyyən tərpənişlər hiss edilməkdədir. Xüsusilə də, son vaxtlar radikal partiyalar arasında baş verən çəkişmələr, bir-birilərinə yağdırdıqları ittihamlar onu göstərirdi ki, ümumi maraqlar naminə vahid mövqe sərgiləmək haqda heç kim düşünməyib, hər bir "lider" öz ətrafında blok yaratmaqla məşğul olub. Özlərinin də etiraf etdikləri kimi, həqiqətən də, müxalifət partiyaların özlərinin bir-biri ilə ciddi münaqişələri var və bu, hamının bir yerdə olmasını əngəlləyir. Axırda "Əli aşından, Vəli aşından olanlar" ortada qaldılar. Belə olan halda, bəs bölünməyən nədir? Axı bu qüvvələrin hər biri yaxşı anlayır ki, nəinki təklikdə, hətta bütün müxalifət birləşsə belə, heç bir şansları yoxdur. Məntiqlə düşünəndə, belə çıxır ki, liderlər, sadəcə, oyun oynayırlar. Məqsəd, həmişə dediyimiz kimi, eyni idi - özünü xarici ağalara real müxalifət qurumu və siyasi güc mərkəzi kimi göstərmək və bununla da ölkəyə axan qrantları ələ keçirmək. Məhz buna görə, bir çox partiyalar müxalifətin ümumi marağı naminə, özlərinə edilmiş müraciətə rədd cavabı və heç bir ümumi qurumda birləşmədi, bəzi partiyalar ayrıca qurumlar yaradıb, digərlərini iqtidara satqınlıqda ittiham etdilər. Hazırda elə bir vəziyyətdir ki, siyasi səhnədə qalmaq istəyən partiyalar zorən birlik yaratmağa məhkumdurlar. Çünki heç bir partiyanın təkbaşına mübarizə aparmaq üçün nə kifayət qədər elektoratı, nə də maliyyəsi və təşkilati imkanları yoxdur.
Göründüyü kimi, müxalifətin hazırkı durumu parlament seçkilərindən uğurla çıxmağa əl yeri qoymur. Düşərgə parçalanıb, vahid komandaya, vahid seçki platformasına malik deyil. Parçalanmalar bəs deyilmiş kimi, qütblər arasında mətbuat savaşı bu gün də davam edir. "Azadlıq" təmsilçiləri Müsavatı söyür, Müsavat isə blokun sosial bazası olmayan partiyaları ələ salır. "Cırtdan" partiyalar isə adekvat reaksiya olaraq böyük rəqiblərini təhqirlərə qonaq edir. Müsavat öz əvvəlki şöhrətini qaytarmaq üçün ortaya yeni bir ideya - Azərbaycan Xalq Cəbhsinin bərpa edilməsi formulunu atıb. Siyasi müşahidəçilərin fikrincə, bu təşəbbüs cəmiyyətdə müxalifətin (əslində isə, Müsavatın) imicini bərpa etməyə yönəlib. Yəni, müxalifət parçalanma yaradan qüvvə imicindən qurtulmaq niyyətindədir.
Başqa bir məqsəd Müsavatın tamam dağılmasının qarşısını almaqdır. Partiya strateqlərinin bir niyyəti də Müsavatı uğursuzluq zolağından qoparmaq və müxalifətdə ikinci qüvvə mərkəzinin yaranmasını əngəlləməkdir. Amma partiya başbilənləri buna nail ola bilmədilər.
ADP-nin sədri Sərdar Cəlaloğlu isə, bildirir ki, bu ideyanı ortaya atanlar yenidən gündəmə gəlmək fikrindədirlər və əsas məqsəd də müxalifətin birləşməsi yox, özlərinin xal qazanmasıdır. Uzun illər Müsavatın da, AXCP (i)-nin də kənara atdığı "KXCP" öz ətrafında yaratdığı "DUİ"-ni böyütdü. Artıq bu partiyanın ətrafında 20-yə yaxın "cırtdan" partiya birləşib. Lakin bu, sayca böyümədir, keyfiyyətcə və güc artımı baxımından böyümə deyil. Bu səbəbdən də, "DUİ"-nin parlament seçkilərində uğur qazanacağını söyləmək olmaz.
Beləliklə, düşərgə "sakinləri" bu yoldan çıxmağı mətbuat söyüşündə gördüyü üçün, dedikləri söyüşün sinonimi axtarırlar. Çünki "xoruz səsi eşidilməyən" söyüşlərin daha effektli olacağı ümidi ilə seçkiyə qədər gündəmdə qalacaqlarına ümid edirlər.