Müsavatla “DUİ”-nin namizəd davası başlayıb
Ötən həftə Müsavat partiyası ilə "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar qarşıdakı parlament seçkilərində namizədlərin müəyyənləşməsi məsələsini müzakirəyə çıxardılar. Həmişə olduğu kimi, müxalifətin bu məsləhətləşmələri də qarşılıqlı ittihamlar və gərgin ab-havada davam etdi. Əsas müzakirə mövzusunun məhz qarşıdan gələn parlament seçkilərində namizədlərin müəyyənləşməsi məsələsi olmasına baxmayaraq, tərəflər aralarındakı köhnə ədavətlərini daha çox qabartmağa çalışdılar. "DUİ" təmsilçisi olan AXP üzvü Pənah Hüseynov növbəti dəfə onun namizədliyinin irəli sürülməsi məsələsini qabardaraq, hər iki tərəfi tənqid atəşinə tutdu. P.Hüseynovun ittihamlarına cavab verən "DUİ" təmsilçisi "Azadlıq" partiyasının sədri Əhməd Oruc öz namizədliyini geri götürməyəcəyini və sona qədər ona qarşı çıxanlarla mübarizə aparacağını bildirib. O, qeyd edib ki, P.Hüseynova görə, öz namizədliyindən imtina etmək fikri yoxdur. "Əgər belə olsa, təmsil olunduğum "DUİ"-dən çıxacağam və digər müxalif birliklərə qoşulacağam. Bu fikrimi Mirmahmud "bəy"ə və İsa "bəy"ə də çatdırmışam. Onlar isə məni müəyyən vasitələrlə dilə tutub P.Hüseynovun namizədliyini irəli sürmək istəyirlər" deyən Ə.Oruc maraqları təmin olmayınca, iddiasından dönməyəcəyini dilə gətirib.
Müsavatla "DUİ" bu məsləhətləşmələrində vahid namizədlərin irəli sürülməsi məsələsi üzərində dayanmalı oldu. Tərəflər P.Hüseynov və Ə.Oruc da daxil olmaqla, namizədlərinin adlarını açıqlasalar da, yeni bir gərginliyin əsasını qoymuş oldular. Çünki hər iki təşkilatın daha çox namizəd irəli sürmək marağı olduğundan, hələlik, onların heç biri bu məsələnin həllindən razı görünmürdülər. Digər bir narazılıq doğuran fakt isə müxalifət təmsilçilərinin şəxsi maraqlarını daha çox önə çəkməsidir. Müsavatda təmsil olunan şəxslər "DUİ"-yə nisbətən namizədlərinin sayını az göstərdiyini bildirərək, yaxın zamanlarda bu razılaşmanın pozulmasının da qeyri-adi bir hal olmayacağını dilə gətiriblər. Onların iddialarına cavab olaraq, "DUİ" təmsilçiləri də bir sıra məsələlərdən narazı olduqlarını söyləyiblər. Müsavatın hazırda deputat mandatına sahib olan şəxslərin yenidən namizədliyini irəli sürməsini "DUİ" təmsilçiləri qısqanclıq əlaməti kimi dəyərləndiriblər. Eyni zamanda, burada digər bir böyük qalmaqala səbəb ola biləcək məsələ Müsavat və "DUİ"-nin AXCP (i)-dən partiya sədrinə və ali məclisin sədrinə, "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyevin təmsil olunduğu seçki dairələrində namizəd göstərməmək barəsində razılığa gəlməsidir. Bu, bir tərəfdən Müsavat partiyasının "Azadlıq" blokunu parçalamaq niyyətinə hesablansa da, digər yandan müxalifət partiyaları arasında ayrıseçkilik prinsiplərinin bir daha təzahür tapması kimi dəyərləndirilir. Çünki son vaxtlar İ.Qəmbərovun başlıca məqsədi "Azadlıq" blokunu parçalamaq və orada təmsil olunan AXCP (i) və "VİP"-i öz tərəfinə çəkmək üçün bütün imkanlardan istifadə etməsi də, atılan addımları bir daha təsdiqləmiş olur. Məhz onun M.Fəttayevlə də razılaşdırdığı məsələdə "Azadlıq" blokundan iki qurumun adı çəkilir. Ancaq Azərbaycan Liberal Partiyası barəsində heç bir söz deyilmir. Bu da, öz növbəsində, İ.Qəmbərovla ALP lideri Lalə Hacıyeva arasında başlanan agent məsələsinin məntiqi davamı kimi qimyətləndirilir. Çünki iki gün öncə, "Azadlıq" blokunun həmtəsisiçilərindən olan "VİP" sədri Ə.Əliyev də etiraf etdi ki, Müsavat partiyasının mətbu orqanı olan "Yeni Müsavat" qəzeti blokun parçalanması üçün bütün imkanlarını səfərbər edib. Bütün bunlar isə müxalifət düşərgəsində birlikdən danışan şəxslərin reallıqda bir-birinə qarşı olan düşmənçilik münasibətlərini olmasını bir daha nümayiş etdirir.