"Ümid" partiyası siyasi arenadan uzaqlaşır
"Ümid" partiyası artıq siyasi arenanı tərk elir. Bir müddət öncə, qarşıdakı parlament seçkilərinə qatılacağını bildirən "Ümid" sədri İqbal Ağazadə artıq siyasi fəaliyyətini dondurmaq qərarına gəlib. Onun belə bir istəyə düşməsi isə, müxalifətin düşdüyü çıxılmaz vəziyyətlə əlaqləndirilir. Eyni zamanda, düşərgə iştirakçıları tərəfindən də böyük təzyiqlərə məruz qalmış İ.Ağazadə bütün bunların qarşısında dayanmaqdansa, siyasi arenadan getməyi üstün tutub.
Qeyd edək ki, "Ümid" sədri müxalifətin ən arzuolunmaz partiyası kimi, düşərgədə ən çox qınaq obyektinə çevrilən qurum sədrlərindəndir. Onun iqtidara işləməsi və bir sıra məsələlərdə müxalifətə xəyanət etməsi məsələsi daima müxalifətin gündəmində olan məsələlərdən olub. Amma bütün bunlara rəğmən İ.Ağazadə siyasətçi kimi fəaliyyətini davam etdirirdi. Bundan sonra isə, onu siyasət aləmində görmək mümkün olmayacaq. Çünki "Ümid" sədri artıq həm partiyasından, həm də siyasi fəaliyyətindən imtina etmək barəsində konkret qərar verib. Müxalifətin məhz belə bir durumunda "Ümid" partiyasının son qərar qəbul etməsi düşərgədə vəziyyətin nəzərdə tutulandan da ağır olmasından xəbər verir.
İ.Ağazadə isə son günlərə qədər parlament seçkilərinə qatılacaqlarını və bunun üçün müəyyən işlərin görüldüyünü bildirirdi. O, hətta artıq seçkidə neçə namizədlə iştirakları barəsində də konkret qərar verdiklərini açıqlamışdı. Bütün bunlar isə arxada qaldı. İndi müxalifət düşərgəsi ilə "Ümid" partiyasını böyük bir uçurum ayırır. Yaxın zamanlarda isə müxalifətin ümumilikdə həmin uçuruma yuvarlanacağı da şübhəsizdir. Çünki düşərgədə başlanmış olan qara piar kampaniyası müxalifəti tamamilə iflic edib. Düşərgədə birlik və partiyaların bir-birinə qarşı dayanması və qurum sədrlərinin ikiüzlülük nümayiş etdirmələri müxalifəti daha çətin durumla üz-üzə qoyub. İndi düşərgədə bir-birinə can deyənlər düşmənçilik mövqeyindədir. Xarici təşkilatlardan alınan maliyyə vəsaitlərinin ardı kəsildiyindən də müxalifət partiyaları üçün əməlli-başlı sonun başlanğıcı gəlib. Sadəcə olaraq, onlar müəyyən vasitələrdən istifadə edib hələ bir müddət də burada qalmaq niyyətindədirlər. Zaman isə heç nəyi gözləmədiyi kimi, müxalifəti də acı həqiqətlə barışmağa səsləyir. Müxalifətin isaları, əliləri, lalələri isə hələ də nə baş verdiyinin fərqinə varmadan düşüncəsiz hərəkətlər etməkdə davam edirlər. Onların çarxının fırlanması isə öz həmkarları üçün baş ağrısından başqa bir şey deyil. Amma hər şeyə rəğmən düşərgə təmsilçilərinin böyük əksəriyyətinin bu yaxınlarda "Ümid" partiyasının ardınca gedəcəyi şübhəsizdir.