PDF Oxu

Müxalifət

  • 4

Amerikalı ekspert Əli Kərimovu ifşa etdi

Amerikalı ekspert Əli Kərimovu ifşa etdi
ABŞ-ın nüfuzlu "Haffinqton Post" qəzeti tanınmış amerikalı politoloq, Kaliforniyanın "Tool Shed Group LLC" analitik mərkəzinin eksperti Ceyson Katzın "Əzəmətli diyardan qəribə səs" sərlövhəli məqaləsini dərc edib.
Müəllif yazır: "Bu yaxınlarda ABŞ-da nəşr olunan qəzetlərin birində Azərbaycan haqqında bir məqalə oxudum. Məqalənin müəllifi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimovdur. Zənnimcə, hər bir müəllif haqqında yazacağı məsələni ətraflı tədqiq etməli və öyrənməlidir. Düzünü deyim ki, mən müəllif və onun partiyası haqqında heç nə eşitməmişdim.
Müəllif mənim çox yaxşı tanıdığım ölkəni- Azərbaycanı avtoritar dövlət kimi qələmə verib. Prezident İlham Əliyevi şəxsən tanımasam da, Onun siyasi, iqtisadi və diplomatik sahələrdə qazandığı uğurlardan xəbərdaram.
"Mən Azərbaycanda bir neçə dəfə olmuşam və bu ölkəni tərəqqipərvər, müxtəlif mədəniyyətlərin təmsilçisi olan insanların yaşadığı açıq, dünyəvi və Qərbyönümlü bir ölkə kimi tanıyıram. Doğrudan da, Azərbaycan Şərq və Qərb sivilizasiyalarını özündə birləşdirən bir ölkə, dünyanın bütün hissələrində yaşayan insanların görmək istədikləri ideal bir məkandır. Azərbaycanda nadir hallarda başıörtüklü qadın görmək olar. Qadınlar həyat yoldaşları ilə çəkinmədən şəhərdə gəzirlər. Yeni infrastruktura malik bu postsovet respublikasında vətəndaşlar yaxşı maaşlı işlərlə, bir sözlə, hər cür rahatlıqla təmin olunublar". Müəllifin hədəfi Azərbaycanı tərəqqiyə aparan geniş infrastruktur, sosial xidmət, sənaye və kənd təsərrüfatı, habelə, müasir yollar, neft-kimya və enerji sahələrində möhtəşəm layihələrin təşəbbüskarı Prezident İlham Əliyevdir".
Məqalədə yazar Azərbaycan haqqında təəssüratlarını obyektivcəsinə qeyd edir: "Həqiqətən, Azərbaycan müsəlman dünyasında ilk demokratik parlamentli respublikadır. Azərbaycan, hətta ABŞ-dan da öncə, irqindən, dinindən, cinsindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara seçib-seçilmək hüququ verib. Müsəlman dünyasında ilk opera məhz Azərbaycanda yazılıb. Uzun müddət sovet respublikası olan Azərbaycan Sovet İttifaqının süqutundan dərhal sonra ABŞ, Avropa ölkələri və hətta İsrail ilə sıx əlaqələr qurub.
Onu da xüsusi qeyd etmək vacibdir ki, Azərbaycan əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. 2500 ildən artıqdır ki, bu ölkədə yaşayan yəhudilər arasında, hətta parlament üzvləri də vardır. Yəhudilər haqlı olaraq, özlərini Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi hesab edirlər. Bəlkə də Ə.Kərimovun yazdıqlarından, hamıdan əvvəl onlar təəccübləniblər.
Maraqlıdır, Ə.Kərimov Azərbaycanda mənim gördüyüm müasir yolları, parkları, yeni binaları və s. görməyib?! Məgər o, Azərbaycanda keçirilmiş seçkilərin rəsmi nəticələri ilə tanış olmayıb?! Azərbaycan xalqı seçkilərdə müxalifətə deyil, məhz Prezident İlham Əliyevə, onun siyasətinə güclü dəstək nümayiş etdirib".
Ceyson Katzın əsil reallığı amerikalı oxucuların nəzərinə çatdırıb: "Reallıq bundan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sabitlik, davamlı iqtisadi inkişaf hökm sürür, ölkənin beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ATƏT-in, Avropa Şurasının və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi Avratlantik məkana uğurla inteqrasiya edir. Ə.Kərimov ABŞ qəzetlərində məqalələr yazmaq, ağa qara demək əvəzinə, Azərbaycanın parçalanmış müxalifətinə kömək etsə, daha yaxşı olar".
Qeyd edək ki, AXCP (i) sədrinin ABŞ-da çap olunan "The Washington Post" qəzetində məqaləsi çıxıb. Müxalifətçi kimi və AXCP (i) sədri kimi heç bir uğur qazana bilməyən Ə.Kərimov indi də özünü jurnalsit kimi sınamaq qərarına gəlib. Vaxtaşırı müxtəlif qəzetlərə yazı yazan, öz şəxsi bloqunda jurnalist fəaliyyəti ilə məşğul olan radikal lider, nəhayət, xarici qəzetlərlə əməkdaşlığa başlayıb. Öncədən deyək ki, yazı o qədər də maraqlı və obyektiv olmasa da, hər halda, Ə.Kərimov ştatdankənar müxbir statusu ala bilər.
Ə.Kərimov dünyanın ən nüfuzlu qəzetlərindən bir olan "The Washington Post"da Azərbaycan həqiqətlərini, erməni təcavüzünü qabartmaq əvəzinə, müxalifətçilik ənənəsinə sadiq qalıb və ölkəmizi tənqid etməyə çalışıb.
Məqalənin həmin hissəsini təqdim etməklə, bu yazının əsil mahiyyətini ortaya qoyduq. Lakin bizim yazdığımızı güman ki, bu adamlar qəbul etmək istəmirlər. Lakin yuxarıdakı məqaləni yazan amerikalı ekspertdir və onun yazısı nüfuzlu bir qəzetdə çap olunub. Okeanın o tayında yaşayan insan Əli Kərimovun amerikalı oxucuları çaşdırmaq istəyinə qarşı əsil həqiqətləri ortaya qoyub və onu ifşa edib. İndi Ə.Kərimovun əks-arqumenti varsa, o, həmin nüfuzlu ekspertə cavab versin.
Bu il Azərbaycanda parlament seçkiləridir. 20 ildir ki, parlamentdə oturmağın həsrətilə yaşayan, ancaq buna nail ola bilməyən Ə.Kərimovun bu il şansı böyükdür. O baxımdan ki, o, son vaxtlar yerli və xarici mətbuatda nümayiş etdirdiyi jurnalist yaradıcılığına görə, "Azadlıq" qəzetinin parlament müxbiri təyin edilə bilər. Və beləcə həm həsrətində olduğu binaya giriş hüququ qazanar, həm də jurnalist yaradıcılığını daha rahat davam etdirə bilər. Nədən ki, xalqın səsini qazanıb deputat seçilmiş insanlardan eksklüziv müsahibələr götürməklə, bunun yollarını və texnologiyasını öyrənər. Bu imkan noyabrdan tez reallaşa bilməyəcəyindən biz indidən bunun əsas yolunu ona çatdırırıq. Ə.Kərimov, millət vəkili seçilməyin yeganə yolu milləti seçməkdir! Bu qədər bəsit...

Digər xəbərlər