Konstruktivlik, ya da siyasi səhnəyə əlvida!
Məlum olduğu kimi, son 5-6 ildə Azərbaycan siyasətinə yeni qüvvələrin gəlməsi məsələsi yenidən geniş müzakirə obyektinə çevrilib. Bu məsələ əvvəlcə siyasi ekspertlər, cəmiyyətin ayrı-ayrı təbəqələri tərəfindən müzakirə olunurdusa, 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra, hətta bu gün parlament seçkiləri ərəfəsində özlərini "ana müxalifət" adlandıran Müsavat, AXCP (i), ADP, ALP, AMİP partiyalarının funksionerləri də Azərbaycan siyasətində yeni qüvvələrə ehtiyac olduğunu bildirirlər. Əksər siyasi ekspertlər də qeyd edirlər ki, ölkə siyasətinə yeni müxalifət qüvvələrinin gəlməsi artıq cəmiyyətin sosial sifarişinə çevrilib.
Politoloqlar hesab edirlər ki, Azərbaycanda növbəti seçkilərə qədər yeni qüvvələr formalaşa bilər. Çünki seçki prosesi yeni qüvvələrin formalaşmasına münbit şərait yaradır. Politoloq Zərdüşt Əlizadə hesab edir ki, seçki prosesi dövründə yeni qüvvəni formalaşdırmaq daha asan olar, nəinki seçkilərarası dövrdə: "Bundan başqa, hazırda iddialı müxalifət qüvvələrinin öz ətraflarında yaratdıqları mif darmadağın olduğundan, onlar olan-qalan nüfuzlarını da itiriblər və sosial bazadan məhrum olublar. Son illərdə müxalifətin keçirdiyi aksiyalarda vətəndaşların iştirak etməməsi, partiya liderlərinin siyasi cəhətdən tamam tükənməsi, müxalif mətbuat vasitələrinin tirajlarının xeyli azalması, siyasi mühitdə fəaliyyətsizlik dövrünün başlaması, müxalifət düşərgəsində qarşılıqlı ittihamlar savaşının qızışması və s. amillər bunu sübut edir".
Vəhdət partiyasının sədri Tahir Kərimli hazırkı müxalifətin bundan sonra da keçiriləcək seçkilərdə biabırçı uğursuzluğa düçar olacağını bildirir: "Müxalifət nə qədər ki, radikal mövqedə dayanır, bir o qədər də ictimaiyyətin nifrətinə düçar olur. Elə bu səbəbdəndir ki, ölkədə keçirilən bütün seçkilərdə məğlub olur. Bu isə, onu göstərir ki, bu qüvvələr artıq xalqın inamını itirib və onların heç bir perspektivi qalmayıb. Ölkədə mövcud olan partiyalar sürətlə parçalanır, bölünür və sıradan çıxır. Bütün bunlar müxalifətin ümummilli mənafelər üçün yox, öz şəxsi mənafeləri üçün çalışdığını göstərir. Artıq siyasi gündəmdən düşdüklərini, cəmiyyət tərəfindən unudulduqlarını görən qoca qurdlar bu seçkiləri də boykot etməyə cəhd etməklə, yenidən gündəmə gəlmək və xarici ağalarına "baxın, biz hələ ölməmişik, siyasi mübarizəmiz davam edir" tipli mesaj vermək istəsələr də, onlar çoxdan ölüblər".
T.Kərimli onu da bildirir ki, hazırkı müxalifət liderləri, əsasən də, radikallar siyasi meyitlər yığnağına çevriliblər: "Abırsızlar düşərgəsində gedən proseslər göstərir ki, builki bələdiyyə seçkilərində də, yenə də və son dəfə olaraq könhə qurdlar iştirak edəcək. Necə deyərlər, görünür, "döyüşə yenə də qocalar" gedəcək. Cəmiyyətin içindən gələcək yeni qüvvələr isə, indiki radikal müxalifət liderləri son "nəfəs"ini də verib qurtarandan sonra ortaya çıxa biləcəklər".