PDF Oxu

Müxalifət

  • 9

Əli Kərimov nəhayət ki, parlamentin astanasından keçəcək

Əli Kərimov nəhayət ki, parlamentin astanasından keçəcək

İctimai rəydə formalaşan və birmənalı şəkildə qəbul edilən mövqe ondan ibarətdir ki, insanlar daim elmi biliklərini, dünyagörüşünü inkişaf etdirməlidir. Əks halda, cəmiyyətlərdə gedən demokratik inkişaf prosesindən həmin insanlar geri qalmış olar. Təbii ki, insan resurslarının geniş dünyagörüşü, dərin bilik və bacarığı ölkələrin inkişafına və tərəqqisinə də təkan vermiş olar. Bu tezisləri ümumilikdə siyasətlə məşğul olan şəxslərə aid etsək, yuxarıda qeyd olunan prinsiplərin daha çox onlara vacib olduğunu söyləmək olar. Çünki siyasətlə məşğul olan insanların düşüncə tərzinin yeniləşməsi çevrədə olan insanlar üçün də böyük maraq kəsb edir. Əgər siyasətçi müasir dövrün tələblərinə uyğun yeni fikirlərə, ideyalara malik deyilsə, o zaman həmin siyasətçilərin təmsil olunduğu partiyaların inkişafından söhbət gedə bilməz. Azərbaycan müxalifət partiyalarının ölkədə gedən ictimai-siyasi proseslərdən kənarda qalmasının başlıca səbəbini siyasi liderlərin günahı ilə əlaqələndirmək olar. Daha doğrusu, onların böyük hissəsinin köhnə təfəkkürdə qalması və dünyada gedən qlobal dəyişiklikləri dərk edə bilməmələri partiyaların iflasını şərtləndirən əsas amilə çevrilib. Buraya həmin partiya sədrlərinin dövlətə və milli maraqlara zidd siyasət aparmalarını da əlavə etsək, acınacaqlı durumun konkret səbəblərini müəyyənləşdirmək olar. 1992-ci ilə qədər institutda laborant kimi çalışan indiki Müsavat başqanı İsa Qəmbərovun bütün hərəkətlərini, davranışını və açıqlamalarını izləsək, onun 20 il bundan əvvəlki düşüncə tərzində nə isə dəyişiklik baş vermədiyini söyləmək olar. Eynilə AXCP (i) sədri Əli Kərimov, AMİP lideri Etibar Məmmədov və digərlərinin də köhnə təfəkkürdən hələ də qurtula bilmədiklərini onların fəaliyyətlərində müşahidə etmək mümkündür. Fikir verin: 1990-cı ilə qədər "Azadlıq" qəzetinin foto-müxbiri, daha sonra müxbiri kimi cızma-qaralar yazan Əli Kərimov 20 il sonra da bu vərdişini davam etdirməkdədir. "Yurd" şefi bu vərdişini ilk vaxtlar (2007-ci ilin mart ayından, yəni "Azadlıq" qəzetinin 14 mart buraxılışında - red. İ.Ə.) imzasız məqalələr dərc etməklə həyata keçirmişdir. Ancaq Ə.Kərimov getdikcə siyasətdə uğur qazanmağın onun üçün qeyri-mümkün olduğunu dərk etdikdən sonra, gizli vərdişini açıq şəkildə büruzə verməyə başlamışdır. Hətta Ə.Kərimov fəaliyyətinin geniş spektri əhatə etdiyini nümayiş etdirmək üçün öz fəaliyyətini xarici mətbu orqanlarda da göstərməyə çalışıb. Onun "Vaşinqton-Post" qəzetində dərc etdirdiyi müəllif yazısı da jurnalist fəaliyyətinin ölkə hüdudlarından kənarda davam etdirmək istəyindən irəli gəldiyini göstərir. Düzdür, Ə.Kərimov "Vaşinqton-Post" qəzetində dərc etdirdiyi yazını Ermənistan mətbuatının Azərbaycanla bağlı yaydığı dezinformasiyadan istifadə etməklə qələmə alıb. Müəyyən hissələrində isə "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin yazdığı məqalələrdən istifadə edib. Yəni, Ə.Kərimov öz fəaliyyətini dezinformasiyalardan və plagiatlıqlardan istifadə etməklə, nümayiş etdirməyə çalışıb. Bütün bunlara rəğmən Ə.Kərimov 20 ildən sonra jurnalist fəaliyyətini bərpa etməyə səy göstərir. AXCP (i) idarə heyətinin adının çəkilməsini istəməyən üzvünün bizimlə söhbətində dediyinə görə, Ə.Kərimovun jurnalistikaya meyil göstərməsinin konkret səbəbləri mövcuddur: "Ə.Kərimov bütün çılpaqlığı ilə siyasət onluq olmadığını başa düşür. Parlamentin müxbiri olduğu 1990-cı illər sevdası isə Ə.Kərimovu rahat buraxmır. Bu mənada, Ə.Kərimov jurnalistliyə qayıdıb "Azadlıq" qəzetinin müxbiri kimi Azərbaycan Respublikasının Milli Məclisinə akredasiya olmaq istəyir. Sonradan isə parlamentin deputatı ola biləcəyinə ümid bəsləyir".
Reallıqlara əsaslanaraq, demək olar ki, dünyamızda yaşayan insanların hər birinin özünəməxsus istək və arzuları var. Bu mənada, Ə.Kərimovun da arzularına təbii yanaşmaq lazımdır. Ancaq bir məsələ var ki, 20 il siyasətdə olub cüzi uğur qazana bilməyən Ə.Kərimov jurnalistikaya yenidən qayıdıb sonradan deputat seçilə biləcəyi üfüqdə görünən işartıya bənzəyir. Bu proseslərin analizini aparsaq, Ə.Kərimovun yenidən start götürməsi fonunda yalnız ən azı 2030-cu ildə parlamentin deputatı seçilə biləcəyi güman edilə bilər. Bununla yanaşı, 2030-cu ili də Ə.Kərimov üçün uğurla hesab etmək olar. Ən azı ona görə ki, nəhayət, arzuların reallığa çevriləcəyi tarixi zaman yetişmiş olacaq. Hər halda, atalar demişkən: "Yeməkdən ümid yaxşıdır". Ə.Kərimov da yeməyib-içməyib arzularına köz basıb, 2030-cu ili gözləməlidir.

P.S. Bir də ki, nə fərqi var, ya arxa qapıdan, ya da əsas qapıdan...? Əsas odur ki, müxbir kimi də olsa, Əli Kərimov parlamentin binasına girib-çıxacaq.

Digər xəbərlər