Müsavat verdiyi sözdən peşman olub
Artıq bir neçə gündür ki, Müsavat partiyası piket keçirəcəyi barəsində tabeçiliyində olan mətbu orqanlarda yazılar dərc etdirir. Sadəcə olaraq, hər bir addımlarını sözdə reallaşdıran Müsavat yetkililəri bu dəfə də başlarına bəla açıblar. Müsavat icra aparatının rəhbəri Arif Hacıyev piket keçirəcəkləri təqdirdə, müxalifətin əksər partiyalarının onlara dəstək olacağını bildirsə də, reallıq onun növbəti dəfə çərənlədiyini bir daha təsdiqlədi. Çünki Müsavat partiyasının müxalifətə piket keçirmək barəsində təklifi elə söz olaraq qaldı.
Düşərgədə tamamilə iflic olmuş partiyalara piket keçirməyin yaraşmaz olmasını nədənsə, görməzliyə vuran Müsavatın təklifi birmənalı qarşılandı. Boşboğazlıq etməkdə mahir olan A.Hacıyev müxalifətin durumunu bilə-bilə piket həvəsinə nə məqsədlə düşdüyü isə pərdəarxası işlərin nəticəsidir. Daima sifarişlər yerinə yetirən Müsavat partiyasının bu dəfə yeni bir göstəriş və təsir altında olduğu hamıya bəllidir. Sadəcə olaraq, düşərgədə olanlar Müsavata sərf etdiyindən onlar indiki halda bundan məharətlə istifadə edərək, öz maraqlarını gerçəkləşdirməyə çalışırlar. Amma bir reallıq isə onların məkrli palanını tamamilə iflic edib. Piketdən, mitinqdən ağız dolusu danışan Müsavat başqanı İsa Qəmbərovun canına indi daha böyük qovğa düşüb. Çünki onlar piket keçirəcəkləri təqdirdə, bu mitinqə kimləri çıxaracaqlarını, deyəsən, tamamilə unutmuşlar. Gec də olsa, onların yadına düşən bu fakt müxalifətin düşmüş olduğu durumun göstəricisidr. Sadəcə olaraq, İ.Qəmbərov bilmək olmur kimin nəyinə şirnikləşib belə bir qərar verib. Keçirəcəkləri piketi reklam etmək üçün əllərindən gələni etməyə səy göstərən müsavatçılar, indi də, kimləri bura cəlb etmək üçün fikrə dalıblar. "Azadlıq" blokuna piketdə birgə iştirakla bağlı təklif göndərilməsinə baxmayaraq, Müsavatın bu jesti də qarşılıqsız qaldı. Artıq blokda Əvəz Temirxan, Əli Əliyev və Əli Kərimovdan başqa heç kəs qalmadığından, onlar Müsavatın təklifinə başqa bəhanə ilə yox demək məcburiyyətində qaldılar. ADP sədri Sərdar Cəlaloğlu isə İ.Qəmbərovu görməyi belə özünə rəva bilmədiyindən belə bir piketdə Müsavatla iştirakın əleyhinə olduğunu bildirib. Nəhayətdə isə tamamilə gülünc duruma düşmüş "Demokratiya Uğrunda İttifaq"ın sədrlər şurasına rəhbərlik edən Mirmahmud Fəttayev Müsavatın piket təklifinə müsbət cavab verib. Onun da bu cavabı "DUİ" təmsilçisi olan Pənah Hüseynovun təkidindən sonra baş tutub. Amma "DUİ" tam heyətlə bu piketdə iştirak etməyəcək. "Azadlıq" partiyasının sədri Əhməd Oruc "itlə yoldaşlıq edərəm, amma İsa Qəmbərovla etmərəm" deyib bu məsələdən kənarda qalacağını bildirib. "DUİ" təmsilçisi olaraq digər həmkarlarının seçimlərində sərbəst olduqlarını və onlara bu hərəkətinə görə, heç bir iradının olmadığını bildirən Ə.Oruc düşərgədə gündə bir formaya düşən şəxsləri görməyə gözünün olmadığını da dilə gətirib. Bütün bu olanlar isə müxalifət düşərgəsindən hələ bir partiyanın piket keçirmək üçün etdiyi cəhdin qarşılığıdır. Ümumilikdə isə, müxalifət bu fikrə düşərsə, yaranacaq mənzərə indidən hər kəsə bəllidir. Çünki tamamilə sosial bazadan məhrum olmuş müxalifət bu kəlməni ağlından da keçirmir. İndi müxalifət düşərgəsində özlərinin dedikləri kimi birinci şəxslərdən başqa heç kəs qalmayıb. Ona görə də, müxalifət səsini, sadəcə olaraq, sözdə çıxarır. Əməldə isə bunu etmək onlar üçün qeyri-mümkün olan məsələdir.