Fərəc Quliyev radikal müxalifətə meydan oxumaq istəyir
Müxalifət düşərgəsindəki yaranmış pərakəndəlik burada daha ilginc olayların baş verməsinə şərait yaradıb. Uzun müddətdir ki, düşərgədə normal münasibətlərin belə nizama salınmaması müxalifətin tamamilə iflic olmasına gətirib çıxarıb. Ona görə də, müxalifət düşərgəsində partiya sədrlərindən başqa heç kəs qalmayıb.
Çünki hökm sürən anormal mühit məhz insanların buradan üz çevirməsi ilə nəticələnməsinə səbəb olub. Əgər belə olmasaydı, dünənə kimi müxalifət partiyalarında müəyyən qütblərdə təmsil olunan şəxslər indi ayrılıqda özlərinə yeni mərkəzlər, birliklər və ya digər siyasi təşkilatlar yaratmazdılar. Bununla yanaşı, bir faktı da qeyd edək ki, müxalifət düşərgəsindən üz çevirmiş şəxslərin hər biri, burada böyük haqsızlıqların olduğunu, müxalifət partiya rəhbərlərinin öz məqsədlərini reallaşdırmaq üçün onlardan istifadə hallarının olduğu barəsində ilginc məlumatlar veriblər. Bu səbəbdən də, artıq Azərbaycan cəmiyyəti müxalifətin illüziyalarına inanmır. Geridə qalmış, köhnə psixologiyaya malik şəxslərin müxalifət düşərgəsində "hegemonluq" etməsi buradakı vəziyyəti daha da çıxılmaz edib. Buna əyani misal olaraq ADP, AXCP (i), Ədalət, Müsavat partiyasında təmsil olunan bəzi funksionerlərin keçmiş cəbhəçi Fərəc Quliyevin yaratdığı "Milli Düşüncə" mərkəzində təmsil olunmağa üstünlük vermələrini göstərmək olar. Burada təmsil olunan Elxan Şükürlü, Mübariz Aşırlı, Oqtay Qasımov, Tahir Seyidov, Əhməd Qəşəmoğlu, Ülvi Həkimov, Nurəddin İsmayılov və digərləri təmsil olunduqları partiyalardan qoparılaraq, məhz yeni yaradılmış olan "Milli Düşüncə" mərkəzinə cəlb edilməsi də, sırf korporotiv maraqlara xidmətin göstəricisidir. Çünki bu mərkəzin yaradıcısı olan F.Quliyev qarşıdakı parlament seçkilərində radikal müxalifəti zərərsizləşdirib, seçkiyə güc mərkəzi olaraq qatılmaq niyyətindədir. "Milli Düşüncə" mərkəzində təmsil olunan şəxsləri öz mənsub olduqları partiyalara qarşı qoyan F.Quliyev iddialı partiya sədrlərinin bütün imkanlarını əlindən almaq niyyətindədir. Söz yox ki, onun bu ideyası məhz müxalifəti tamamilə sıradan çıxarmaq və öz maraqlarını reallaşdırmaq məqsədinə istiqamətlənib. Xarici ölkələrdə gizli fəaliyyətlə məşğul olan müəyyən təşkilatlardan böyük maliyyə dəstəyi alan F.Quliyev məhz onların göstərişini də, reallaşdırmaq məcburiyyətindədir. Bu baxımdan da, düşünmək olar ki, müxalifətdə F.Quliyev problemi yenidən özünü büruzə verəcək. Çünki heç bir halda bu şəxs, müxalifət düşərgəsində özünə qarşı edilmiş haqsızlıqları cavabsız qoymaq niyyətində olmadığını bildirib. Ona görə də, müxalifət öz daxilində olan bəlalardan qurtarmamış, F.Quliyev problemi ilə qarşılaşmalı olacaq. Bu isə, öz növbəsində, müxalifətin məhv olmuş dayaqlarını tamamilə darmadağın edəcək.