PDF Oxu

Müxalifət

  • 10

Əli Əliyev Etibar Məmmədova üz tutur

Əli Əliyev Etibar Məmmədova üz tutur
Müxalifət düşərgəsində elə bir iyrənc proseslər baş verir ki, adam mat-məəttəl qalır. Onsuz da siyasi riyakarlardan və "maşennik"lərdən ibarət olan bu siyasi düşərgədə hər şey riyakarlıq və fırıldaq üzərində qurulub. Baxın, dünənə qədər üzdə bir-birinin ailəsini və ləyaqətini təhqir edən müxalifət rəhbərləri, bir müddət sonra, əsil simasızlıq göstərərək, sonradan "cici-bacı" olurlar. Demək olar ki, bu düşərgədə siyasi riyakarlıq elə bir həddə çatıb ki, bu siyasi xarabalıqda kimin-kimə "işlədiyini" müəyyən etmək mümkünsüzdür. Elə müxalifət funksioneri var ki, bir neçə "obyektə" xidmət edir. Əksər müxalifət rəhbərləri, öz rəqiblərini sıradan çıxarmaq üçün bir-birlərinin partiyasına "razvetçik" göndərirlər. Bu məsələdə, əsasən, ön yeri AXCP (i) və Müsavat rəhbərləri tuturlar. Hər iki partiya rəhbərləri və funksionerləri qəbul etməsələr də, məlumdur ki, hər iki tərəfdə bir-birinə "işləyən" qüvvələr var və onlardan istifadə olunur. Deyəsən, bu məsələdə AMİP lideri Etibar Məmmədov da kənarda qalmayıb. Son parlament seçkiləri ərəfəsində AMİP lideri ilə "kəllə-kəlləyə" gələrək, partiyanı tərk edən və "Azadlıq" blokuna üz tutan Əli Əliyev, indi də yenidən öz keçmiş şefinə tərəf istiqamətlənib. Məsələ burasındadır ki, "Azadlıq" blokunda heç kəslə yola getməyən Ə.Əliyev, öz narazılığını açıq şəkildə gündəmə gətirməklə, əslində, sonrakı addımları üçün bir zəmin yaratmağa çalışır. O, son açıqlamalarında blokun durumunun yaxşı olmadığını və belə davam edərsə, qurumun lazımsız şəkil alacağını vurğulayır. Bundan başqa, "VİP" sədri E.Məmmədova qarşı münasibətinin heç də göründüyü kimi pis olmadığını da büruzə verməkdən çəkinmir.
"Azadlıq" blokuna üz tutduğu ilk günlərdə Ə.Kərimova sığınan "VİP" sədri, sonradan "Yurd" şefinin qəzəbinə gəldi. Belə ki, Ə.Əliyevdən şübhələnən Ə.Kərimov onu "himayə etməkdən" əl çəkdi. Sözsüz ki, bunun arxasında çox ciddi amillər dayanır. Yəqin ki, "Yurd" şefi Ə.Əliyevin AMİP liderinə xidmət etdiyini və onların sırasına özbaşına qatılmadığını bildirdikdən sonra, bu qərara gəlib. Çünki Ə.Kərimov yaxın vaxtlara qədər "VİP" sədrindən, özünün əsas rəqibi olan və "Azadlıq" blokunda AXCP (i) sədrinə ciddi maneə yaradan "MBH" sədri Lalə Hacıyevaya qarşı istifadə etməyə can atırdı. Hətta bir çox "Yurd" funksionerləri "VİP" sədrini ciddi-cəhdlə müdafiə etməyə can atırdılar. Digər bir ehtimala görə isə, parlament seçkiləri ərəfəsində məhz E.Məmmədovun ssenarisi əsasında Ə.Əliyevin "Azadlıq" blokuna üz tutduğunu və əsas məqsədin də parlament seçkilərindən sonra AMİP sədrinin rəqib və düşmən gözü ilə baxdığı Müsavat, ADP, AXCP (i), lap elə ALP-nin daxildən dağıdılmasına xidmət etdiyini vurğulamaq olar. Belə görünür ki, qarşıdakı parlament seçkiləri ərəfəsində AMİP lideri müxalfətdəki rəqiblərini, daha doğrusu, düşmənlərini sıradan çıxarmaq üçün Ə.Əliyevin üzərində hazırladığı planı reallaşdırmağı qərara alıb. Ə.Əliyevin isə bu hadisələrdən sonra yenidən AMİP-ə üz tutacağını düşünmək real haldır. Çünki "VİP" sədrinin Müsavat, ADP və AXCP (i) ilə bir sırada fəaliyyət göstərməsi bundan sonra mümkünsüz məsələdir.

Digər xəbərlər