PDF Oxu

Müxalifət

  • 15

Etibar Məmmədov köhnə "dost"unun ətəyindən yapışmalı oldu O, Nazim İmanovu AMİP-ə sədr gətirmək istəyir

Etibar Məmmədov köhnə "dost"unun ətəyindən yapışmalı oldu O, Nazim İmanovu AMİP-ə sədr gətirmək istəyir
Azərbaycan Milli İstiqlal Partiyası problemlərdən qurtula bilmir. Qurumun fəaliyyəti son beş ildə, demək olar ki, tamamilə dayanıb. Çünki hazırda partiyaya liderlik edən Etibar Məmmədov AMİP sədrliyindən istefa verdikdən sonra, qurumun vəziyyəti tamamilə acınacaqlı duruma düşdü.
Geniş biznes planlarını daha da inkişaf etdirmək məqsədilə əl-qolunu açmağa çalışan E.Məmmədov, nəinki ölkə daxilində, hətta ölkədən kənarda da ətraflı işlər görməyə başladı. Bir vaxtlar Dağıstan ərazisində göy-göyərti satmaqla kiçik biznesə sahib olan E.Məmmədov sonradan bu imkanlarını daha da genişləndirməyə də nail olub. Artıq son illərə qədər, nəinki alış-satışla məşğul olan E.Məmmədov, hətta tikinti sektorunda da ad çıxarmağı bacarıb. Təsadüfi deyil ki, onun "Kamaz Etibar" adlandırılması da bu amillərlə bağlıdır. Dağıstandan sonra Türkiyədə də biznes əlaqələri quran E.Məmmədov, hətta orada Elkin Tanıkoğluna 500 min ABŞ doları dəyərində pul atıb, Azərbaycana qaçmağı da bacarıb. Türkiyədə bir ilə yaxın bizneslə məşğul olmasına baxmayaraq, orada bir çox şəxslərlə ortaq əlaqələrə girən E.Məmmədov onların etibarından sui-istifadə edərək, müəyyən vəsaitləri mənimsəməyi də özünə borc bilib. Bu yaxınlarda E.Məmmədovdan pulunu qoparmaq məqsədilə Azərbaycana gələn E.Tanıkoğlu da səslənən fikirləri təsdiqləyib. O bildirib ki, E.Məmmədov onlardan Azərbaycanda bir çox işlərini reallaşdırmaq üçün 500 min ABŞ dolları alıb. Sonradan isə müxtəlif bəhanələrlə bu pulu qaytarmaqdan imtina edən E.Məmmədov E.Tanıkoğluna hədə-qorxu da gəlib. Amma bu günə qədər onun harada və hansı işlə məşğul olması barəsində heç bir məlumata malik olmadığını deyən türkiyəli iş adamı E.Məmmədovu tapıb ondan haqqını tələb edəcəyində israrlı olduğunu da bildirib.
Müxalifət düşərgəsində bu cür vicdansızların olması heç kəsə sirr deyil. Sadəcə olaraq, onlar heç nədən utanmadan, yenə də, siyasət adı altında çirkin işlərini davam etdirmək iddiasındadırlar. Bu yaxınlarda aktiv siyasətə qayıdacağını bildirən E.Məmmədov siyasətdən uzun müddət aralı qaldığını, artıq yeni bir formada siyasi fəaliyyətlə məşğul olmağın zamanının çatdığını söyləyib. O, müxalifət düşərgəsində köhnə prinsiplərdən əl çəkib, yeni qaydada münasibətlər qurmağın vaxtının yetişdiyini də bildirib. Bu məqsədlə E.Məmmədov mənsub olduğu AMİP-də bir sıra dəyişikliklər etmək barəsində qərara gəlib. İlk olaraq, bir neçə ildir ki, sədrsiz qalmış partiyasına köhnə "dost"u Nazim İmanovu AMİP-ə sədr postuna gətirməyi planlaşdıran E.Məmmədov artıq onunla müəyyən bir razılığa gəldiyini də deyib.
Qeyd edək ki, N.İmanov AMİP-in ən fəal üzvlərindən bir olub. Lakin E.Məmmədovdan sonra sədrliyə iddialı olan N.İmanovun maraqları təmin edilmədiyindən, o, partiyadan küsüb gedib. İndi isə onun geri qaytarılması üçün E.Məmmədov bütün vasitələrdən istifadə etməyə çalışır. Məlumata görə, hətta E.Məmmədov N.İmanova AMİP-ə sədrlik edəcəyi müqabilində, yüksək məvacibdən əlavə avtomobil və biznes sahəsi də vəd edib. Bu isə, öz növbəsində, AMİP-də mövcud narazılıqları bir qədər də alovlandırıb. Çünki partiyanın işində aktiv olduğunu və bütün işlərin onun tərəfindən görüldüyünü bildirən AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov haqsızlıqla qarşılaşdığını iddia edib. O bildirib ki, E.Məmmədov Azərbaycanda olmadığı müddətdə AMİP onun sayəsində fəaliyyətini davam etdirə bilib. Ona görə də, Ə.Orucov AMİP-də böyük paya və mənəvi haqqa sahib olduğunu söyləyib. Olanlar isə AMİP-də bir neçə il öncə baş verən olayların təkrarı kimi qiymətləndirilir. Həmin vaxt N.İmanovun AMİP-ə sədr gətirilməməsi və onun əvəzinə Ayaz Rüstəmovun bu kürsüdə oturulması partiyadaxili böyük ziddiyyətlərə səbəb olmuş, nəticədə, A.Rüstəmov az bir müddətdə tutduğu vəzifədən istefa verməklə yanaşı, siyasətdən birdəfəlik uzaqlaşmışdı. Hazırda AMİP-də olanlar isə partiyanın fəaliyyətinin sonunun yaxınlaşmasına işarə edir. Çünki bundan sonra AMİP-in normal bir partiya kimi fəaliyyəti sual altındadır.

Digər xəbərlər