Əli Kərimov başı ilə yanaşı, ağlını da itirir
Demokratik cəmiyyətin əsas tələblərindən biri də azad, demokratik seçkilərin keçirilməsidir. Azərbaycan bu prinsipə bələdiyyə, parlament və prezident seçkilərinin demokratik dəyərlərə uyğun keçirməklə sübuta yetirib. Eyni zamanda, seçki prosesini yaxından izləmiş beynəlxalq təşkilatlarda Azərbaycanın demokratik ənənələrə sadiq olduğunu təsdiqləyiblər. Təbii ki, bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri də əvvəlki seçkilərdən fərqlənməyəcək. Yəni bu seçkilər də azad və demokratik şəraitdə başa çatacaq.
Cəmiyyətdə müşahidə olunan seçki marağına əsasən, demək olar ki, əhali arasında parlament seçkilərinə diqqət böyükdür. Bu da insanların öz talelərinə biganə qalmadıqlarını göstərir. Bütün bunların fonunda isə radikal müxalifət hər cür çirkin vasitə və üsullardan istifadə etməklə, ictimai fəallığı pozmağa çalışırlar. Hətta AXCP (i) sədri Əli Kərimov bir qədər də uzağa gedərək, xalqa şər atmaq kampaniyası həyata keçirir. Bu, biçarə həm də yazıq məxluqun iddiasına görə, xalq hazırkı seçki məcəlləsi ilə parlament seçkilərində iştirak etməyə hazır deyil. Xəstə təxəyyülünün məhsulu olan yanaşmada Ə.Kərimov mövqeyini Seçki Məcəlləsində müxalifəti razı salmayan məqamların olması ilə əlaqələndirib. Amma qeyd etmək lazımdır ki, ATƏT, eləcə də, Venetsiya Komissiyası Azərbaycan Seçki Məcəlləsinin beynəlxalq tələblərə, demokratik prinsiplərə tam uyğun olduğunu qeyd ediblər. Azərbaycan ictimaiyyəti də, eləcə də, cəmiyyətin ayrılmaz hissəsi olan qeyri-hökumət təşkilatları, xalqın istək və maraqlarının ifadəçisi olan əksər siyasi partiyalar Seçki Məcəlləsinin demokratik tələblərə tam uyğun olduğunu bildiriblər. Ə.Kərimovun isə, pis arvadsayağı bardaş qurub, keçirilməsinə 8 aydan da çox vaxt qalan parlament seçkiləri ilə bağlı sərsəm ifadələr səsləndirməsi, onun beyin hüceyrələrində mənfiyə doğru müəyyən dəyişikliklər olduğunu deməyə əsas verir. Eyni zamanda, Ə.Kərimovun başı ilə yanaşı, ağlını da tamamilə itirmək üzrə olduğunu söyləmək mümkündür. Əslində, onun itirə-itirə getməsindən bir o qədər təəccüblənmək düzgün deyil. Ən azı, ona görə ki, siyasi fəaliyyəti ərzində bu yazığın udduğu məqamlar olmayıb. Daim nəyi isə itirib və ya nədənsə məhrum olub. Əbülfəz Elçibəydən miras qalan AXCP də Ə.Kərimovun düşünülməmiş səhv siyasətinin nəticəsi olaraq, tamamilə dağıldı. Vaxtilə müxalifət düşərgəsində aparıcı simalar olmuş AXCP (i) funksionerləri indi, müstəqil olaraq, fəaliyyət göstərirlər. Yəni özləri partiyalar yaradaraq, Ə.Kərimovdan da üstün formada siyasi fəaliyyətlə məşğuldurlar. Ə.Kərimov isə, zamanın göstərdiyi diqtəyə əsasən, demək olar ki, "Yurd" şefi təfəkküründən yuxarı gedə bilmədi.
Düzdür, bəzi xarici maraqlı qüvvələr dayaz düşüncə tərzinə malik müxalifətçilərdən istifadə etməklə, Azərbaycanda öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Bu sırada Ə.Kərimov ən yetərli və istəkləri reallaşdırmağa layiq sima kimi xarici maraqlı qüvvələrin daha çox diqqətini cəlb edir. Bu ilin parlament seçkiləri ili olduğunu nəzərə aldıqda, Ə.Kərimovun yaramaz qüvvələrin daha çox işinə yarayacağını söyləməyə əsas verir. "Yurd" şefi xarici maddi və mənəvi dəstəkdən ruhlanaraq, təxribat xarakterli məlumatlarını genişləndirməkdədir. O, gah sahibi olduğu qəzetlərdə qeyri-ciddi məlumatlar dərc etdirir, gah da xarici qüvvələrin yer aldığı beynəlxalq təşkilatların müəyyən sektorlarına bəyanatlar ünvanlayır. Aradabir müəllif yazıları ilə çıxış edən Ə.Kərimov başı və ayağı bilinməyən və məzmunu məlum olmayan məqalələrdən cızmaqara edərək, xarici mətbuat orqanlarında da dərc etdirir. Bu məqalələr başdan-ayağa Azərbaycan xalqına və dövlətinə şər atmaqdan ibarət olur. Təbii ki, acı da olsa, sapı özümüzdən olan bu biçarə baltacığının erməni dəyirmanına su tökən yazılarla çıxış etməsi onun umacının şər-böhtandan yoğrulduğunu deməyə əsas verir. Təbii ki, bu cür mövqeyə görə, Ə.Kərimovun cəzasız qalması da mümkün deyil. Hər halda, bugünkü cəbhəçilər prinsipial mövqe ortaya qoymasa, yəqin ki, sabah müsavatçılar və yaxud ADP-çilər Ə.Kərimovu cəzalandırmağa müvəffəq olacaqlar. Hər halda, qənaətimiz belədir.