PDF Oxu

Müxalifət

  • 8

İsa Qəmbərov niyyətinin baş tutmadığına görə məyus olub

İsa Qəmbərov niyyətinin baş tutmadığına görə məyus olub
Müxalifət düşərgəsinin qocaman sakinlərindən olan Müsavat başqanı İsa Qəmbərov üçün də bu il sonuncu dayanacaqdır. Çünki o, təmsil olunduğu partiyanın nizamnaməsinə əsasən, bu il başqanlıq kürsüsündən istefa verməlidir. Doğrudur, İ.Qəmbərov onu başqanlıqdan ayıracaq zaman yetişdikcə, müəyyən vasitələrdən istifadə etməklə, vaxtı bir qədər də uzatmağa çalışsa da, Müsavatda hər şey onun əleyhinə işləyir. Bu yaxınlarda Müsavat daxilində baş qaldıran gənclər də İ.Qəmbərovu yola salmağın vaxtının çatmasına işarə ediblər.
Amma nədənsə, başqan hər şeyi qulaqardına vurub öz məkrli niyyətini reallaşdırmaq üçün əlindən gələn bütün iyrənc əməllərdən istifadə etməyə çalışır. Partiya daxilində isə ona qarşı yönəlmiş qəzəb daha da şiddətlənir. Ona görə də, Müsavatdaxili təlatümdən qurtula bilmir. Bu il başqanlıq seçkiləri keçiriləcəyindən, Müsavat partiyasında bu kürsü uğrunda əməlli-başlı mübarizə başlayıb.
Bu günə qədər Müsavat partiyasında gənclərlə işə sonuncu dərəcəli bir iş kimi baxıldığını iddia edən T.Abbaslı bundan sonra yeniliklər etməyin zamanının çatdığını da söyləyib. T.Abbaslı Müsavatda olanlardan hiddətə gəldiyini də gizlətməyib. O, hazırkı başqan İ.Qəmbərovu tənqid-təhqir etməkdən belə çəkinməyərək, onun kimi siyasətçilərin artıq təqaüdə çıxdıqlarını bildirib. Bütün bunlar isə Müsavatda yenidən gərginləşmiş münasibətlərin daha da şiddətlənəcəyindən xəbər verir. Olanların qarşılığında isə siyasətə gəlməklə konkret məqsəd güdən İ.Qəmbərov başqanlıqdan getməmək üçün bəhanələr axtarır. O, bu məqsədlə Müsavatda onu zərərsizləşdirmək istəyənlərə qarşı mübarizəsini şiddətləndirməkdədir.
Müsavat daxilində indi də söz-söhbətlər bitmək bilmir. Çünki indiyə qədər başqanlıq postunu bu il təhvil verəcəyini bildirən İ.Qəmbərov sonda niyyətini gizlədə bilməyib. Özünə Türkiyə müxalifətindən böyük dəstək gəlməsi barəsində uydurma bəyanatlar verən İ.Qəmbərov, əslində, başqanlıqdan getməmək üçün müxtəlif bəhanələrdən istifadə edir. Baxmayaraq ki, onun başqanlıqda qalmasını, ümumiyyətlə, Müsavatda heç kim istəmir, amma İ.Qəmbərov zorla da olsa özünü bu kürsüdə saxlamağa cəhdlər göstərir. Çünki ötən il İ.Qəmbərov bir neçə dəfə xarici ölkələrdə səfərlərdə olub və orada öz havadarlarından yeni göstərişlər alıb. Eyni zamanda, Müsavat başqanı bütün bunların müqabilində əldə etmiş olduğu vəsaiti məhz ona qarşı çıxanları zərərsizləşdirməyə sərf edəcəyi fikrindədir. Onun bu cür xəyali addımları isə başqanın ixtiyarının öz əlində olmadığından xəbər verir. Digər bir yandan isə, o, məhz xarici havadarlarından almış olduğu göstərişləri yerinə yetirmək üçün hələ bir neçə il də başqanlıqda qalmağı planlaşdırıb. Elə bu məqsədlə də, o, artıq rəhbərlik etdiyi qurumda ona qarşı çıxanlara əhəmiyyət verməyərək, digər müxalifətçi həmkarlarına əməkdaşlıq barəsində təkliflər göndərib. Onun bu təkliflərinin arxasında isə, həmişə olduğu kimi, çirkin niyyətinin dayanması da hər kəsə məlumdur. İ.Qəmbərovla əməkdaşlığa razılıq verən müxalifət partiyaları isə bütün bunları bilərəkdən, bu sövdələşməyə gedirlər. Onların isə yeganə məqsədi İ.Qəmbərovla aralarında yarana biləcək hər hansı bir insidenti böyütməklə gündəmdə qalmaqdan ibarətdir. Çünki boş oturmaqdansa, müxalifət yetkililəri bu cür intriqaların olmasında maraqlı görünürlər. Bu səbəbdən də, müxalifət düşərgəsində hələ daha böyük təlatümlərin olacağı qaçılmazdır. Məhz düşərgədə baş verənlər isə müxalifətin yaxın zamanlarda tamamilə sıradan çıxmasını şərtləndirəcək amil kimi qiymətləndirilir.

Digər xəbərlər