Əli Kərimov Amerikadan nə istəyir?
Müxalifətçi kimi və AXCP (i) sədri kimi heç bir uğur qazana bilməyən Əli Kərimov indi də özünü jurnalist kimi sınamaq qərarına gəlib. Vaxtaşırı müxtəlif qəzetlərə məqalələr yazan, öz şəxsi bloqunda jurnalist fəaliyyəti ilə məşğul olan radikal lider, nəhayət, xarici qəzetlərlə əməkdaşlığa başlayıb. Dünən AXCP sədrinin ABŞ-da çap olunan "The Washington Post" qəzetində məqaləsi çıxıb. Öncədən deyək ki, yazı savadsız, bayağı, başlıcası məzmunsuz olsa da, hər halda, Ə.Kərimov tapşırıq əsasında ştatdankənar müxbir statusu ala bilər.
Ə.Kərimov dünyanın ən nüfuzlu qəzetlərindən bir olan "The Washington Post"da Azərbaycan həqiqətlərini, erməni təcavüzünü qabartmaq əvəzinə, müxalifətçilik ənənəsinə sadiq qalıb və ölkəmizi tənqid etməyə çaılışıb. Məqalənin elə başlanğıcında AXCP (i) sədri bildirir: "Bir çox amerikalı, ola bilsin ki, Azərbaycanı zəngin neftinə, ya da Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə görə tanıyır". Bərəkallah! Bu sözləri yazan adam özü bu streotipin dağılması üçün yazısında heç nə demir. əvəzində ölkə iqtidarını sərt tənqid edir, hətta ABŞ-ı Azərbaycan hakimiyyətini dəstəklədiyinə görə qınayır.
Radikal müxalifətçi daha sonra yazır: "2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan müxalifəti Qərb ölkələrinin Gürcüstan və Ukraynada "qızılgül" və "narıncı" demokratik inqilablara dəstəyindən ruhlanmışdı. Əfsuslar olsun ki, hadisələr başqa istiqamət üzrə cərəyan etdi. Bununla belə Vaşinqton saxtalaşdırılmış seçki nəticələrini təsdiqləyən Azərbaycan Konstitusiya Məhkəməsinin işini alqışladı".
Göründüyü kimi, Ə.Kərimov yalnız öz məntiqi ilə yanaşmaqdan başqa heç nə bilmir. Yəqin ki, o, ötən seçkilərdə baş verən rüsvayçılığı hələ də unutmuş deyil. Bəlkə də dünyanın heç bir ölkəsində müxalifət xalqdan bu dərəcədə ağır zərbə almamışdı.
Ə.Kərimov yazır ki, guya Azərbaycanda azad mətbuata basqı var. Konkret cinayət əməlinə görə, iki jurnalistin həbs olunmasını əsas gətirən AXCP (i) sədri bunu söz azadlığına qəsd kimi dəyərləndirir. Lakin unudur ki, hər bir dövlətin öz qanunları var və bu qanunlara görə, cinayət törədən şəxs jurnalist olsa belə məsuliyyətdən azad oluna bilməz. Bundan başqa həmin adamlar jurnalist fəaliyyətinə görə yox, konkret cinayət əməlinə görə həbs olunublar.
Ə.Kərimov ölkədə ötən ilin martında həyata keçirilmiş referenduma və konstitusiyaya əlavə və dəyişikliklərə də toxunub. O, iddia edir ki, guya bu dəyişikliklər demokratik deyil. Halbuki əlavə edilən və dəyişdirilən maddələrin hüquqi və demokratik olduğu həm ekspertlər, həm də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib. Əgər bunlar pis olsaydı, xalq ona səs verərdimi? Görünür, Əli bəy öz uğursuzluğunun səbəbini başqa yerdə axtarır.
Daha sonra müəllif yazır: "Noyabrda parlament seçkiləri keçiriləcək. Demokratik müxalifət bir daha iqtidarla yarışmağa hazırlaşır. Biz qərara almışıq ki, seçki prosesində iştirak edək, çünki anlayırıq ki, bu, ideallarımız uğrunda mübarizədə bir şansdır".
Məqalədə yeganə obyektiv fikir də elə budur. Çünki müxalifət yalnız xalq arasında öz nüfuzunu artırmaqla, seçkilərdə iştirak etməklə məşğul olmalıdır.
Ə.Kərimov yazır: "Gərək Birləşmiş Ştatlar da Cənubi Qafqazın ən böyük dövlətiın mövqeyinə uyğun siyasət aparsın. Uzun müddətdir ki, ikitərəfli münasibətlər enerji, təhlükəsizliyi və demokratik inkişaf sahəsində əməkdaşlığa əsaslanıb. Təəssüf ki, azərbaycanlıların çoxu ABŞ siyasətinin enerji maraqları və terrorçuluqla qlobal mübarizəyə söykəndiyini düşünür. Fikrimizcə, demokratiyaya az əhəmiyyət verilir".
Burada isə aşkar paradoks var. İkinci cümlədə deyilir ki, "uzun müddətdir ikitərəfli münasibətlər demokratik inkişaf sahəsində əməkdaşlığa əsaslanıb, sonuncu cümlədə isə "demokratiyaya az əhəmiyyət verilir"- yazılır. Görəsən, Ə.Kərimov demokratiya dedikdə, nəyi nəzərdə tutur? Bunu bəlkə də amerikalı oxucu anlamaz, azərbaycanlı oxucu isə nəyin nəzərdə tutulduğunu yaxşı bilir. Çünki Azərbaycan xalqı bu adamı da, onun kimilərini də yaxşı tanıyır. Məşədi İbadın sözü olmasın, "biz bunları əvvəllər çox təcrübədən keçirmişik".