AMİP qurultay keçirməyə hazırlaşır
Müxalifət partiyaları hələ də qəti mövqeyə gələ bilməyiblər. Onların apardıqları iyrənc siyasət nəticəsində xalqın nifrətini qazanıblar. Bütün bunların nəticədir ki, biri-birinin ardınca radikal müxalifət partiyalarının sədrləri özlərini həmin partiyanın "lideri" elan ediblər. Bunların arasında ALP-nin keçmiş sədri Lalə Hacıyeva (hazırda "MBH" lideridir), AMİP-in sabiq sədri Etibar Məmmədov, həmçinin, "ACP" lideri Rəsul Quliyev özlərini partiya lideri elan etməklə, bir növ partiyalarındakı böhrandan sığortalanmaq istəyirlər. Əslində, heç bir şey dəyişməyib. Necə deyərlər, köhnə hamam, köhnə tas. Çünki bir düşərgədə əqidə, ideya və düşüncə dəyişməzsə, o düşərgə heç bir zaman NORMAL fəaliyyət göstərə BİLMƏZ. Nə qədər ki, radikal müxalifət düşərgəsinə Müsavat başqanı İsa Qəmbərov, AXCP (i)-nin sədri Əli Kərimov, "MBH" lideri L.Hacıyeva, AMİP lideri E.Məmmədov, "ACP" lideri R.Quliyev və digərləri rəhbərlik edirlər, heç zaman müxalifət irəli gedə bilməz.
Cari ildə bəzi radikal partiyalar qurultay keçirməyə hazırlaşırlar. Müsavat partiyası ilə AMİP bu il qurultaya ciddi hazırlaşdıqlarını bildiriblər. Müsavat başqanı İ.Qəmbərov mətbuata açıqlamasında başqanlıqdan gedəcəyini açıqlayıb. AMİP-də isə vəziyyət tamam əksinədir. Belə ki, partiya sədrliyindən istefa verərək, özünü AMİP lideri elan edən E.Məmmədov yenidən qurultay keçirərək, adıçəkilən partiyanın sədri olmaq istəyir. Əslində, bütün bunlar bu il ölkəmizdə keçirilən parlament seçkilərinə hesablanmış taktikadır. Yəni hər bir müxalifət partiyası (partiya sədrləri) bu il keçirilən seçkidən yararlanmaq istəyir. Bütün bunlar, onu deməyə əsas verir ki, radikal müxalifət partiyaları və onların rəhbərləri çaşqınlıq içindədir.