Müsavatda başqanlıq savaşı yenidən gündəmə gəlib
Parlament seçkisi ərəfəsi Müsavat partiyasında başqanlıq davası yenidən gündəmə gəlib. Bu mövzunu ortaya atan partiyanın başqanı İsa Qəmbərov bu günlərdə mətbuata açıqlama verərək, bildirib ki, bu il keçiriləcək qurultayda başqanlığa namizədliyini irəli sürməyəcəyini söyləyib. İ.Qəmbərov bunu onunla əsaslandırıb ki, partiya nizamnaməsinə görə, bir şəxsin iki dəfədən artıq başqan olmaq hüququ yoxdur. Siyasi müşahidçilər Müsavat başqanının bu məsələni gündəmə gətirməsini təsadüfi saymırlar. Xatırladaq ki, bu məsələ gündəliyə gələndə, və ya media özü bu məsələni gündəmə gətirmək istəyəndə, İsa Qəmbərov sualdan məharətlə yayınır, "bu məsələnin hələ vaxtının çatmadığını" bildirirdi.
Bu dəfə isə Müsavat rəhbəri məsələni özü gündəmə gətirib. Siyasi analitiklər hesab edir ki, başqan bununla özünü gündəmə gətirmək istəyir. Qeyd edək ki, Milli Məclisdə bir qrup deputat Konstitusiya islahatlarının aparılmasını, bir şəxsin iki dəfədən artıq prezident ola bilməyəcəyinə dair müddəanın aradan qaldırılmasını təklif edərkən, bu təşəbbüsdən xoflanan ənənəvi müxalifət bir araya gələrək, bunu "antidemokratik addım" kimi dəyərləndirirdilər. Amma burada antidemokratik heç nə yoxdur. Bir çox inkişaf etmiş dünya ölkələrində bu təcrübə var. Belə ki, bir şəxs bir neçə dəfə dövlət başçısı seçilə bilir. Sadəcə, gündəmdən düşmüş və mövzu tapa bilməyən müxalifət bu məsələni qabartmaqla diqqəti çəkmək, var olduğunu sübut etmək istəyir. Aparılan müzakirələr də bu məqsədə xidmət edir. Analitiklərin fikrinə görə, İsa Qəmbərov gündəmin mövzusundan yararlanıb, özünü diqqət mərkəzinə çıxarmaq istəyir.
Başqa bir versiya Müsavatdaxili problemlərin böyüməsi ilə bağlıdır. Bəllidir ki, Müsavat daxilində "Azadlıq"la münasibətlərin istiləşməsinə münasibət birmənalı deyil. Konkret desək, Sülhəddin Əkbər qrupu AXCP (i) və "Azadlıq"la münasibətlərin istiləşməsində maraqlıdır, partiyanı tərk etmiş "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu qrupu Pənah Hüseynovun əlilə "DUİ"-nin gücləndirilməsində və sonda Müsavatın bu quruma daxil olmasını istəyir. Partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin isə mövqeyi hələ bəlli deyil. Bu adam gah "Azadlığ"a, gah da "DUİ"-yə "ilişir", Müsavatın imkanlarını şişirdir. Bu, heç də təəccüb doğurmur. Çünki başqanın özünün də mövqeyi məlum deyil. Müsavat partiyasından "Səs"ə verilən məlumata görə, İsa Qəmbərov bütün tərəflərlə əməkdaşlıqda maraqlı görünür. Amma qruplar narazıdır və öz istəklərini yeritmək istəyirlər. Mənbənin verdiyi açıqlamaya görə, parlament seçkiləri ərəfəsi Müsavat başqanı belə bir vaxtda həmin qrupların başını başqa məsələ ilə qatmaq istəyir: "Belə hesab olunur ki, İsa Qəmbərov partiyaçı qrupların başını "başqanlıq problemi" ilə qatmaqla, bir müddət vaxt qazanmaq istəyir. Ancaq gəlin bir ötən illərə diqqət yetirək. Başqanın bu hərəkətində bir səmimilik hiss olunur?"
Bu sual çoxlarını düşündürür. Əcəba, ortada Etibar Məmmədovun uğursuz təcrübəsi ola-ola İsa Qəmbərovun başqanlıqdan getmək istəyində qətidirmi? Siyasi müşahidəçilər İ.Qəmbərovun fikirlərinin hamısının şübhəli olduğunu bildiriblər. Vurğulayıblar ki, seçkilərə start verilən kimi, İ.Qəmbərov başqanlıqdan istefa vermək fikrindən vaz keçərək postunda qalacaq. Bunu həyata keçirmək Müsavat rəhbərliyinin əlində su içmək qədər asandır. Məsələn, İ.Qəmbərova yaxın şəxslərdən biri bir layihə hazırlayacaq ki, "bəs ölkə hələ tam demokratiyaya keçməyib, İ.Qəmbərovun bu dönəmdə Müsavatın başında qalması lazımdır". Və ya "müsavatçılar belə qərara gəldilər ki, İsa Qəmbərova daha bir şans verək, 2013-cü il prezident seçkilərinə qatılsın". Bu layihələrdən biri təsdiq olunur və İsa Qəmbərov postunda qalır. İ.Qəmbərovu postunda daha bir amil saxlaya bilər. Başqanlıq uğrunda savaşan qruplardan biri qalib gələ bilməsə, yeganə çıxış yolu İ.Qəmbərovun postunda saxlanması olacaq. Bəs çəkişən qruplardan hansı daha şanslıdır? Yəqin ki, İsa Qəmbərovdan sonra başqa bir şəxs Müsavatın başqanı olmayacaq. Çünki partiya daxilindən sızan məlumatlara görə, İ.Qəmbərov başqanlıqdan getdikdən sonra bu post, ümumiyyətlə, ləğv ediləcək. Ola bilsin ki, partiya nizamnaməsinə edilən dəyişikliklərlə əlaqədar olaraq başqan vəzifəsi icraçı katib və ya sədr postu ilə əvəzlənsin. Partiyanın sədri uğrunda isə üç nəfər yarışacaq. Arif Hacıyev, Sülhəddin Əkbər və Rauf Arifoğlu. Müşahidələr göstərir ki, hər üçünün partiya sədri olmaq şansları var. Xatırladaq ki, əlində təşkilati resurslar olan Arif Hacıyev, təbliğat imkanlarına malik Rauf Arifoğlu, məhz İsa Qəmbərovdan dəstək ala bilmədikləri üçün Məclis sədri seçilə bilmədilər.
Görünür, parlament seçkilərinə kimi, "başqanlıq savaşı" İ.Qəmbərovun istəyini ürəyində qoydu. Çünki artıq Müsavat bir neçə yerə parçalanmaq ərəfəsindədir.