Etibar Məmmədovdan qəti qərar
Bu Etibar Məmmədov da qalıb yol ayrıcında. Bilmir yeni yaranacaq "Müxalifətin Ümumi Birliyi" adı ilə fəaliyyət göstərəcək yeni birliyə girsin yoxsa, "DUİ"-yə. Qalıb nə tərəfə yön alsın. Onu da vurğulamaq lazımdır ki, yeni yaranan birliyi də onun əsil düşmənləri olan- (Onlar həm də bir-birinin barışmaz düşmənləridir. Pah atonnan, radikal düşərgə əsil cəhənnəmdir ki, var.) - Əli Kərimov və İsa Qəmbərov qərarlaşıb. "DUİ"-də isə ona çətin ki, yer olsun.
Burada da "KAXCP" rəhbəri Mirmahmud Fəttayevin öz "kruqu" yer alıb. Hələ nəzərə alsaq ki, Müsavat başqanın "sağ əli" olan Pənah Hüseynov da burada lövbər salıb, onda AMİP liderinin buralarda qərarlaşması ağlabatan deyil. İndi AMİP liderinin durumunun nə qədər kritik olduğu aşkarca ortadadır. Çünki vaxt gedir, hamı yeni ilin ilk günündən başlayaraq, öz ətrafında blok yaratmağa və müxalifətdəki mövqelərini möhkəmləndirmək üçün rəqiblərinə öldürücü zərbə vurmağa hazırlaşır. Belə olan təqdirdə isə, onsuz da müxalifətdaxili proseslərdən geri qalan və "oyundankənar" vəziyyətə düşən AMİP lideri tələsməyə başlayıb. Partiyadakı mənbənin dünən verdiyi xəbərə əsasən, AMİP-də siyasi fəallığa başlamaq və parlament seçkisi ərəfəsi partiyanın qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunması ciddi müzakirəyə səbəb olub. Belə ki, partiyanın mərkəzi aparat əməkdaşlarını bir araya yığan AMİP lideri bildirib ki, artıq durub nəyisə gözləməyin vaxtı deyil. Çünki müxalifət düşrgəsindəki proseslər sürətlə dəyişir və bütün ümidlər yaranmış vəziyyətdən istifadə edib Müsavat və AXCP (i)-ni üstələməyə yönəlməlidir.
AMİP-dəki etibarlı mənbə qeyd edir ki, artıq E.Məmmədov blok formalaşdırılması ilə bağlı qərar qəbul edib və təcili şəkildə yaradılacaq yeni qurumun struktur sisteminin və hədəflərinin hazırlanması istiqamətində işçi qrupunun işə başlaması qərara alınıb. AMİP lideri öz tərəfdarları ilə söhbətində deyib ki, onun əsas məqsədi Müsavat və AXCP (i)-nin hazırkı böhran durumundan istifadə edib onları neytrallaşdırmaq, müxalifətdəki "transfer bazarında" önə çıxmaq və neçə illərdir AMİP-in boşa verdiyi illərin boşluğunu doldurmaqdır. Xəbəri verən mənbə qeyd edir ki, son vaxtlar Müsavat ətrafında yaşanan qalmaqallar, xüsusilə, Müsavatın daxilində baş qaldıran Rauf Arifoğlu İsa Qəmbərov qarşıdurmasının yenidən gündəmə gəlməsi AMİP lideri üçün önəmli vasitəyə çevrilib. E.Məmmədov bundan istifadə edib maraqlarını önə çəkməyə və rəqiblərini təxminən iki ildən sonra keçiriləcək parlament seçkilərinə qədər "zərərsizləşdirmək" istəyir. Əslində, AMİP liderinin başqa çıxış yolu da qalmayıb. AMİP bir partiya kimi əldən gedir, o, cəmiyyətdə siyasi partiya rəhbərindən daha çox "təqaüddə olan siyasətçi" kimi qəbul olunur, üstəlik, rəqibləri beynəlxalq təşkilatlardan qrant almaq üçün əllərini "çırmayıb işə" girişiblər. Sözsüz ki, əsas hədəf parlament seçkilərində var gücünü qoyub elə təxribat hazırlamaqdır ki, beynəlxalq təşkilatlar bunlara pul ayırsınlar. Amma bu məsələdə də geri qalmamaq üçün AMİP lideri təcili hərəkətə keçməli idi ki, bu da artıq baş verir. AMİP liderinin artıq on altı təşkilatla bir araya gəlmək üçün dəvət göndərildiyi və gələn həftənin ikinci günü müzakirələrə başlanacağı bildirilir.
Bu isə, o deməkdir ki, növbəti dəfə bloklaşma prosesi müxalifəti başına götürəcək və qrant almaq üçün yeni didişmələr başlanacaq.