PDF Oxu

Müxalifət

  • 8

AXCP (i) sədrinin növbəti hiyləsi

AXCP (i) sədrinin növbəti hiyləsi
Beynəlxalq təşkilatların qapıları radikal müxalifət düşərgəsinin üzünə bağlandıqdan sonra, həmin partiya sədrləri pul axtarmağın çıxış yolunu rayonlara ezam olunmaqda görür. Belə ki, bu günlərdə AXCP (i) sədri Əli Kərimov "Yurd"çuları rayonlara ezam etmək üçün tapşırıqlar verərək, bildirib ki, nəyin bahasına olursa-olsun, oradan əliboş qayıtmayın. Göründüyü kimi, radikal düşərgədə baş verənləri dünyanın heç bir siyasi düşərgəsi ilə müqayisə etmək qeyri-mümkündür. Diqqət yetirdikdə açıq-aşkar bir fakt ortaya çıxır ki, radikal müxalifət düşərgəsi çox acınacaqlı və rəzil durumdadır. Bu rəzillik onların siyasi simalarını tam ortaya qoymaqdan başqa, həmçinin, meydan hərəkatından üzübəri siyasi riyakarlıqla, ən dəhşətli xəyanət əməlləri ilə "baş girlədən" və fəaliyyət göstərən radikal müxalifətin indiki mərhələdə siyasi iflasının qaçılmaz olduğunu da sübut edir.
AXCP (i)-nin İmişli rayon təşkilatının üzvü Səbuhi Verdiyevin verdiyi məlumatda bildirilir ki, artıq rayon təşkilatlarında Ə.Kərimov partiya sədri kimi qəbul edilmir. Xüsusilə, son dilənçilik etmələri partiya funksionerlərinin hiddətinə səbəb olmuşdur. Belə ki, funksionerlər 17 ilə yaxın AXCP (i)-də təmsil olunlduqları üçün özlərini bağışlamırlar: "Fırıldaqçı və hiyləgər Ə.Kərimov kimi düşərgədə olan digər partiya rəhbərləri, o cümlədən, Müsavat, ADP, ALP xalq tərəfindən nifrətlə qarşılanılır. Son vaxtlar bir çox beynəlxalq təşkilatların qrantları hesabına ölkədə qarşıdurma yaradanlar, bu gün artıq bu təşkilatlar tərəfindən də qəbul edilmir. Çünki Ə.Kərimov kimilər ancaq öz şəxsi istəklərini həyata keçirmək üçün demokratik və inkişaf etmiş Azərbaycanı dağıtmağa belə hazırdırlar. Bu isə mümkünsüzdür. Çünki artıq xalq, o cümlədən, bütün müxalif qüvvələr ölkə Prezidentinin bu son 6-7 il ərzində apardığı uğurların şahidi olur."
Sabiq "Yurd"çu Nazim Hümbətov da deyilənləri təsdiq etdiyini və Ə.Kərimovun "Yurd"çuların regiona ezam olunduğunu bildirdi. N.Hümbətov, həmçinin, onu da qeyd etdi ki, parlament seçkiləri ərəfəsi radikal müxalifət düşərgəsi hansı mövqedən çıxış edəcəyini hələ də bilmir: "Müxalifət partiyalarının rəhbərləri qarşıdakı parlament seçkilərində düşərgənin hansı mövqedən çıxış edəcəyinə dair çox paradoksal açıqlamalar verir və həmçinin, özləri də bilmədən bu siyasi xəstələri ifşa edən bir sıra həqiqətlərə aydınlıq gətirirlər. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu, bir sıra müxalifət partiyalarının qarşıdakı seçkilərdə öz partiyasından irəli sürəcəyi namizədlərin digər müxalifət partiyalarından çox olacağının bildirir: "Ona görə də, AXCP(i)-nin, Müsavatın, AMİP-in, ALP-nin və digər partiya sədrlərinin bu istiqamətdə bir sıra cəhdlər göstərməklə siyasi donkixotluq etmək istəyirlər. Bu isə onları biabırçı rüsvayçılığa gətirir. Əsil rüsvayçılığın bir neçə xırda "cırtdan" partiyaları öz ətrafına toplayıb siyasi oyunbazlıqla məşğul olanlar yenə də öz çirkin "missiyalarını" yenidən işə salmağa başlayıblar. Görünür, radikal müxalifət partiyaları bir sıra beynəlxalq təşkilatların dəstəyindən əllərini üzdüklərinə görə, artıq onların, hətta öz mərkəzi aparat işçilərini saxlamaq imkanları tükənib".
Sabiq AXCP (i) funksioneri N.Hümbətov bildirdi ki, artıq S.Cəlaloğlunun bu açıqlaması AXCP (i)-nin daxilində ciddi narazıçılıqlara səbəb olub: "Onu da deyim ki, partiyada maliyyə böhranı olduğu üçün Ə.Kərimov partiya funksionerlərini və mərkəzi aparat əməkdaşlarını öz hesablarına ezamiyyətə göndərməyə məcbur olub. Hətta vəziyyət o yerə çatıb ki, AXCP (i) funksionerləri, başda Qulamhüseyn Əliyev olmaqla, bir sıra funksionerlər Ə. Kərimovla görüşərək, onun bu qərarının qəbuledilməz olduğunu və təcili olaraq geri götürülməsini tələb ediblər. Məlumata əsasən, artıq əksər partiya əməkdaşları öz narazılıqlarını mətbuat vasitəsilə bildirməyə, "Yurd" şefini ifşa etməyə qərar veriblər. Ə.Kərimovun bu addımı partiya rəhbərliyinə gətirilmiş yeni şəxslərin onun qarşısında qoyduqları şərtlərlə əlaqələndirib. Belə ki, AXCP (i)-nin maliyyələşməsi ilə bağlı bir sıra məsələləri öz üzərinə götürən bu şəxslər, eyni zamanda, indiki aparat əməkdaşlarının tamamilə dəyişdirilməsini və əvəzində onların öz yaxın adamlarının bu işə cəlb olunmasını "Yurd" şefindən tələb ediblər."
Bütün deyilənlərdən isə, bir məsələ məlum olub ki, xarici qrant təşkilatlarından əlləri üzülən digər radikal müxalifət partiyalarının rəhbərləri kimi Ə.Kərimovun parlament seçkilərinə getməsi də müşkül olacaq.

Digər xəbərlər