Müxalifətin birliyi baş tutan deyil
Son zamanlar müxalifət partiyalarının birlik modelinin yaradılması ətrafında müxtəlif müzakirələr aparılsa da, danışıqlar nəticəsiz qalıb. Ancaq budəfəki birlik ideyaları da partiyalararası münaqişələr ucbatından baş tutmayacaq. Çünki onlar bir-birini xarici qüvvələrə işləməkdə ittiham edir, bəzən isə qarşı tərəf biri digərini müxalifətin ümumi birliyinə xələl vurmaqda günahlandırırlar. Amma görünən odur ki, növbəti parlament seçkilərinə də müxalifət pərakəndə vəziyyətdə qatılacaq. Maraqlıdır ki, müəyyən ambisiyalar üzündən birləşə və eyni mövqedən çıxış etməyi bacarmayan müxalifət partiyaları bunun səbəblərini özündə axtarmır. Etiraf etmələri vacibdir ki, uzun müddətdir, müxalifət partiyaları vahid mövqedən çıxış etmək iqtidarında deyil. Bunun üçün öncə, onlar qarşılıqlı səmimi münasibətlərin qurulmasına səy göstərməlidirlər. Əks-təqdirdə, onların bir-birini aldadaraq, verdiyi vədlərə xilaf çıxması ümumi nəticənin əldə olunmasına mane olur. Müxalifət partiyaları arasındakı intriqaların mövcudluğunu zaman-zaman siyasi partiya funksionerlərinin özləri də etiraf edir. Lakin bunun aradan qaldırılması üçün bir sıra mühüm problemlərin olduğunu və partiyaların onların həlli istiqamətində heç bir addım atmadıqlarını bildirirlər. Belə ki, Azərbaycan Milli İstiqlal partiyası (AMİP) müxalifətin normal seçki blokunun yaranmasını mümkün hesab etmir. Bu barədə mətbuata açıqlamasında AMİP katibi Əli Orucov bildirib. Onun sözlərinə görə, qarşıdurmaların mövcudluğu səbəbindən AMİP parlament seçkilərində təkbaşına iştirak edəcək. Ə.Orucov onu da qeyd edib ki, nəticəsi olmayan birlik müzakirələrinin mətbuata çıxarılması düzgün deyil. Nəticəsi olmayan müzakirələr barədə ictimaiyyətin məlumatlandırılması və nəticənin olmaması onlarda müxalifət partiyalarına qarşı inamsızlıq yaradır: "Həmin partiyalarla seçkiyə bir yerdə getmək özünü aldatmaq olardı. Çünki həmin partiyalar müttəfiqini yarı yolda qoymaq təcrübəsinə malikdir. Bu sıraya AXCP (i)-ni və onun daxil olduğu "Azadlıq" blokunu daxil etmək olar. AMİP "Azadlıq" blokunun olduğu birlikdə təmsil olunmayacaq. AXCP (i) isə verdiyi vədlərə sadiq siyasi partiya deyil. Əslində, bu partiya müxalifətin birliyində də maraqlı deyil". O, müxalifətin geniş koalisiyasının yaranacağına inanmamalarını partiyalar arasında gərginliyin hökm sürməsi ilə əsaslandırıb. Qeyd edib ki, birlik istəyini bəyan edən müxalifət liderləri arasında münasibətlər olduqca soyuqdur. Onlar bir-birinə inanmır və şübhə ilə yanaşır. Belə bir şəraitdə normal, effektli birliyin yaranması mümkün deyil. Perspektivli birliyin yaranmasını mümkünsüz edən daha bir faktor isə bir çox partiyaların ipinin öz əllərində olmamasıdır. "Onların ipi ölkə xaricində bəzi dairələrin əlində olduğundan müstəqil qərarlar verə bilmirlər" - deyə bildirib.