PDF Oxu

Müxalifət

  • 10

Nurəddin Məmmədli Müsavat rəhbərliyini ittiham edir

Nurəddin Məmmədli Müsavat rəhbərliyini ittiham edir
Radikal müxalifət düşərgisində hökm sürən gərginlik hələ də davam etməkdədir. Biri-birilərini müxalifətin parçalanmasında və s. məsələlərdə ittiham edən "bəy"lərin savaşı hələ bitmək bilmir. Məlum olduğu kimi, tənqidlər və ittihamlar hədəfində, əsasən, Müsavat partiyasının rəhbərliyi, xüsusən də, partiya başqanı İsa Qəmbərovdur. İ.Qəmbərovun bir əldə iki qarpız tutması onun hansı səviyyədə "siyasətçi" olduğunu göstərdi. Onun "bir əldə iki qarpız tutması" nədir? Yəni İ.Qəmbərov həm radikal müxalifətdə təmsil olunan həmkarlarını agent adlandırır, həm də onlara əməkdaşlıq təklif edir. Burdan göründüyü kimi, təzadlarla dolu radikal düşərgə elə öz oyunlarının (daha dəqiqi, oyunbazlıqlarının) qurbanına çevriliblər. Təbii ki, belə də olmalıdır. Çünki bir düşərgədə AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İ.Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "ACP" lideri Rəsul Quliyev, "Ümid" sədri İqbal Ağazadə, AMİP lideri Etibar Məmmədov kimi "bəy"lər "ağalıq" edirlərsə, bundan artıq nə gözləyəsən? 15 ildən artıqdır ki, respublikamızda keçirilən bütün seçkilərdə (Prezident, parlament, bələdiyyə seçkiləri) MƏĞLUB OLAN MÜXALİFƏTİN nəyə ümid etdiyi hələ də məlum deyil. Çünki xalq onlara çoxdan "yox" deyib. "Bəy"lər isə, hələ də bundan bir nəticə çıxara bilməyiblər. Qeyd etdiyimiz kimi, radikal müxalifət partiyaları arasında qarşıdurmalar davam etməkdədir. Belə ki, AXCP (i) ilə Müsavat partiyası arasındakı münasibətlər yenidən gərginləşməyə başlayıb. Müsavat başqanı İ.Qəmbərovun "birlik" təklifinə rədd cavabı verən AXCP (i) rəhbərliyi İsa "bəy"in partiyasını narazı salıb. AXCP (i) rəhbərliyi bəyan edib ki, əməkdaşlıq etdikləri "Azadlıq" blokunu Müsavatla dəyişməyəcək. Necə deyərlər, iki partiya arasındakı körpülər çoxdan yandırılıb. Onu da qeyd etmək lazımdır ki, AXCP (i) ilə əlaqələrin qurulmasında bəzi Müsavat funksionerləri maraqlı olmadıqları üçün, ikitərəfli əlaqələrə maneçilik törədirlər. Belə qüvvələrin başında Müsavat partiyasının rəhbərliyində təmsil olunan və partiyadaxili qruplaşmalardan birinə rəhbərlik edən Arif Hacıyevdir. O, dəfələrlə mətbuata açıqlama verərək, Ə.Kərimovun rəhbərlik etdiyi və "Azadlıq" blokunda təmsil olunan AXCP (i)-nin əleyhinə tənqidi fikirlər səsləndirir: "AXCP (i)-nin tutduğu yol düzgün, ədalətli yol deyil. Bu, demokratik qüvvələrin (maraqlıdır, A.Hacıyev radikal müxalifəti demokratik qüvvə adlandıranda xəcalət çəkmirki?) ziyanına olan yoldur və hesab edirəm ki, bu mövqe AXCP (i) üçün ciddi və acı nəticələrə səbəb ola bilər". A.Hacıyevin bu sözləri qarşı tərəfdə narazılığı daha da artırıb. Belə ki, AXCP (i) funksioneri Nurəddin Məmmədli mətbuata açıqlamasında qeyd edib ki, A.Hacıyev bu sözləri ilə müxalifətdaxili inteqrasiyanın əleyhinə yönəlib: "Müxalifət qüvvələrinin inteqrasiyası kimi iri bir məsələ gündəmdə olduğu məqamda ayrı-ayrı partiya nümayəndələrinin biri-birində səhv axtarması, ayrı-ayrı təşkilatlara ünvanlanmış neqativ fikirlərin söylənməsini normal hesab etmirəm. Xüsusən də, "Azadlıq" blokunun seçkilərdə inteqrasiya olunmasının çox ciddi hesab etdiyimiz və bu istiqamətdə işlər apardığımız bir zamanda bu cür polemikaları yersiz sayıram. A.Hacıyev bu cür fikirləri ilə müxalifətin birliyinə mane olur və düşərgədə narazılıq yaradır. O ki qaldı bu cür məsələlərdə kimin haqlı, kimin haqsız olduğunu zaman göstərəcək". Bu da AXCP (i)-nin qarşı tərəfə ünvanladığı mesajdır. Maraqlıdır, partiyadaxili məsələləri həll edə bilməyən və partiyanı idarə edə bilməyən Müsavat başqanı İ.Qəmbərov (həmçinin, onun müxalifətçi həmkarları) dövləti necə idarə edə bilər? Sualın cavabı isə hər kəsə bəllidir. Necə deyərlər, MƏĞLUBİYYƏT simvoluna çevrilmiş Azərbaycanın radikal müxalifəti cəmiyyəti bu cür maraqlı şouları ilə təəccübləndirməkdədirlər.

Digər xəbərlər