Son günlər radikal müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri parlament seçkilərinə qatılmaqla bağlı ziddiyyətli fikirlər səsləndirirlər. Məsələyə münasibətini öyrəndiyimiz siyasi partiya sədrləri qeyd etdilər ki, bu radikal "bəy"lərin özlərini gündəmdə qalmaq üçün atdıqları addımdır. Çünki radikal müxalifətin sosial bazası tükənib və eyni zamanda, radikallar arasında qarşıdurmalar hələ davam etməkdədir.
Məsələyə münasibət bildirən "Yurddaş" partiyasının sədri Mais Səfərli bildirdi ki, müxalifət hər zaman seçkiöncəsi birlik yaratmaqla bağlı cəhdlər etsə də, bu birlik baş tutmayıb: "Radikal müxalifət partiyaları dəfələrlə cəhdlər ediblər ki, birlik yaratsınlar. Ancaq birlik formalaşdıra bilməyiblər. Heç şübhəsiz ki, növbəti dəfə də belə olacaq. Digər tərəfdən də, müxalifətin seçkilərdə cüzi uğur əldə etmək şansı da yoxdur. Bunun səbəbini radikal "bəy"lərin özündə axtarmaq lazımdır. Çünki radikal düşərgədə dağılma prosesləri gedir və bunun qarşısını ala bilmirlər. Onlar öz partiyalarında islahatlar apara və demokratizmi təmin edə bilmirlər. Adları çəkilən partiyalarda bir durğunluq hökm sürür. Müxalifət seçkiləri uduza-uduza gedir. Bütün bunlar müxalifətin öz elektoratının itirilməsinə səbəb olub. Radikal müxalifət düşərgəsinin zəifləməsinin digər səbəbi də Azərbaycanda güclü hakimiyyətin olmasıdır. Ölkəmiz günü-gündən inkişaf edir. Ölkə başçısı İlham Əliyev uğurlu bir siyasət həyata keçirir. Yəni respublikamız bütün sahələrdə uğurlar əldə edir. Bütün bunlar ona gətirib çıxarıb ki, müxalifətin arxasınca gedən şəxslər də, radikal "bəy"lərdən üz çevirib. Yəni bütün xalq Prezdent İlham Əliyev cənablarını dəstəkləyir".
"NƏ BEYNƏLXALQ TƏŞKİLATLAR, NƏ DƏ XALQIMIZ MÜXALİFƏTƏ İNANMIR"
"Müxalifət liderləri özlərini gündəmdə saxlamaq üçün ölkəmiz haqqında dünyaya yanlış məlumat verirlər. Yəni onlar ölkəmizdə gedən iqtisadi-siyasi uğurlara kölgə salmaq istəyirlər. Lakin onlara nə beynəlxalq təşkilatlar, nə də xalqımız inanmır. Çünki radikal "bəy"lər hər zaman yalan danışmaqla məşğuldur "-deyə M.Səfərli əlavə etdi. "Yurddaş" partiyasının sədri onu da bildirdi ki, on il bundan əvvəl müxalifət partiya sədrlərinin istefa verməsi zəruri idi. Dünyada belə bir praktika mövcuddur ki, hər hansı bir seçkidə bir partiya uduzursa, onun lideri istefaya getməlidir. Məsələn, qardaş ölkə olan Türkiyədə də belə bir praktika mövcuddur. Hər zaman demokratiyadan danışan radikal "bəy"lər bu haqda düşünməlidirlər. Heç şübhəsiz ki, qarşıdan gələn seçkilərdə də müxalifət növbəti dəfə məğlub olacaq.
"MÜXALİFƏTİN İDEOLOJİ BİRLİYİ YARANA BİLMƏZ"
Münasibətini öyrəndiyimiz digər müsahibimiz, Vəhdət partiyasının sədri Tahir Kərimli də qeyd etdi ki, müxalifətin birliyi heç zaman baş tutmayacaq: "Yalnız müxalifətin birliyi formal, məhdud bloku ola bilər. Müxalifətin ideoloji birliyi ola bilməz. Radikal düşərgəni tam əhatə edən birliyi mümkün deyil. Bundan başqa, Müsavat partiyasının başqanı İsa Qəmbərov təklif irəli sürür ki, Rəsulzadə-Elçibəy xətti götürənlər blok yarada bilər. Həmçinin, İ.Qəmbərov qeyd edib ki, "MBH" lideri L.Hacıyeva həmin blokda təmsil oluna bilməz. "Azadlıq" bloku isə qeyd edir ki, "MBH" lideri də həmin blokda təmsil olunmalıdır. Eləcə də, "Ümid" partiyası ilə olan məsələlər, onu deməyə əsas verir ki, radikal düşərgə dağınıq haldadır. Yəni müxalifət partiyalarının bir blok şəklində birləşməsi qeyri-mümkündür. Onların əvvəlcədən də məğlub olacaqları aydındır. Ancaq radikal "bəy"lər əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də siyasətdən uzaq əməllərlə məşğuldurlar. Hər kəsə məlumdur ki, onların hamısının hakim partiya olan Yeni Azərbaycan Partiyasına qarşı mübarizə aparmaq imkanları yoxdur. Çünki müxalifətin sosial bazası tükənib".
T.Kərimli onu da vurğuladı ki, Müsavat partiyasının başqanı İ.Qəmbərov başda olmaqla, radikal "bəy"lər hər zaman siyasi savadsızlıq nümayiş etdiriblər: "Müsavat başqanı İ.Qəmbərov bir tərəfdən müxalifəti birləşdirmək, yəni "ağsaqqallıq" missiyasını üzərinə götürmək istəyir (əslində, bu, özünü gündəmdə saxlamaq üçün atılan bir addımdır), bir tərəfdən də müxalifətdən olan həmkarlarını agent adlandırır. Bu, onu deməyə əsas verir ki, İ.Qəmbərov yalnız sözdə birlikdən danışır. Çünki, o bilir ki, müxalifətin birliyi alınmayacaq. Onu da vurğulayım ki, ittihamlar qarşılıqlıdır. Yəni radikal "bəy"lərin mübarizəsi biri-birilərinə qarşı yönəlib. Müsavat başqanı məntiqsiz hərəkətlərlə çıxışlar edir".
"XARİCİ DÖVLƏTLƏRDƏN İMDAD DİLƏMƏK MƏNƏVİYYATA SIĞAN MƏSƏLƏ DEYİL"
"Bir neçə il bundan öncə, Müsavat partiyası rüsvayçı mitinqlər edərkən əllərində ABŞ-ın sabiq prezidenti Corc Buşun şəkilini tuturdular. Bu, əslində, Əbülfəz Elçibəydən gələn ənənədir. Çünki Ə.Elçibəy də qeyd edirdi ki, "mən türkün, Atatürkün əsgəriyəm". Türkiyə bizim üçün əziz olsa da, biz müstəqil bir dövlətik. Azərbaycana hər zaman soyuq münasibət bəsləyən, erməni lobbisinin üstünlük təşkil etdiyi ABŞ prezidentinin şəkilini əldə tutmaq, ondan imdad diləmək heç bir mənəviyyata sığan məsələ deyil. Bu, xalqın və dövlətin mənafeyinə uyğun olmayan məsələdir. Ona görə də, Allah onların işinə fərəc vermədi"-deyə Vəhdət sədri əlavə etdi. Sonda T.Kərimli vurğuladı ki, bütün seçkilərdə olduğu kimi, bu ilin parlament seçkilərində də hakim Yeni Azərbaycan Partiyası (YAP) qələbə çalacaq: "Hər zaman olduğu kimi, bu dəfə də YAP seçkilərdə qələbə qazanacaq. Yəni müxalifətin məğlubiyyəti qaçılmazdır. Biz də Vəhdət partiyası olaraq, ölkəmizdə demokratik şəraitdə keçiriləcək növbəti parlament seçkilərində iştirak edəcəyik".