Parlament seçkiləri ili başlayandan bu günə kimi, müxalifət düşərgəsinin sakinlərinin qara günləri də başlayıb. Bu da olan haldır. Çünki sosial bazası olmayan və ictimaiyyətin nifrətilə üzləşən radikal partiya sədrləri bütün seçkiərəfəsi belə şou oyunlar oynayıblar. Doğrudur, düşərgədə Müsavat-AXCP (i) birliyi ətrafında müzakirələr davam etsə də, bu birliyə müsavatçılar heç cürə inanmırlar.
Belə ki, AXCP (i)-nin "Azadlıq" blokundakı müttəfiqlərini istəmədiyini açıq şəkildə bəyan edən Müsavat artıq Xalq Cəbhəsinin də "bostanını daşlamağa" başlayıb. Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin verdiyi açıqlamasında ALP-nin və AXCP (i)-nin ünvanına tənqidi fikirlər səsləndirməsi qarşı tərəfdən müsbət qarşılanmayıb. Belə ki, A.Hacıyev "AXCP (i)-nin Müsavatla əməkdaşlığa daha çox ehtiyacı var",- deməsi "Yurd"da minnət vurması kimi qəbul edilib. A.Hacıyev ALP-nin də ünvanına daha sərt fikir söyləyib: "Bu gün üçün ALP ciddi siyasi qüvvə kimi qəbul edilmir".
A.Hacıyevin bu fikirinə münasibət bildirən ALP-nin sədr əvəzi Əvəz Temirxan A.Hıcıyevin bütün fikirlərinin tamamilə qərəzli olduğunu söyləyib. "Onda 2000-ci ildə Müsavat brendi altında 15 partiyadan sonra Arif Hacıyevin də etirafına görə, ikinci yeri tutmuş partiya ALP deyildi, bəs hansı partiya idi? 2003-cü ildə ALP-nin lideri prezident seçkilərində heç bir müttəfiqsiz, heç bir xarici maliyyə dəstəyi olmadan ilk üçlükdə bərqarar olmuşdu. Əgər klassik mənada ALP adlı partiya yoxdursa, 2005-ci ildə 70 namizədi ilə müstəqil olaraq YAP-la bərabər partiya kimi seçkiyə qoşulan ALP deyildimi? O 70 namizəddən 12-nin qalib gəldiyi partiyanın adı ALP deyildi, bəs nə idi? Saxtakarlığa etiraz əlaməti olaraq və Müsavatın deputatlarından fərqli olaraq, mandatdan imtina edən Lalə Hacıyeva hansı partiyanın lideri idi? Bütün bunlardan sonra Arif Hacıyevin ALP-yə bu cür yanaşması qərəzdən başqa bir şey deyil. Müsavat nə vaxtsa güclü partiya olub. Xalq hərəkatından çıxmış, hakimiyyət tərkibində formalaşmış bir partiya kimi güclü olub. Amma təəssüf ki, bu, keçmişdə qalıb. Mən istərdim ki, Müsavat güclü olsun, amma onun gücü keçmişdədir. 2005-ci ildən bu yana Müsavatın gücünü kim və harada görüb? Əgər kimsə klassik mənada Müsavatın gücünü hardasa görübsə, mənə izah etsin",- deyən Ə.Temirxanın sözlərinə görə, heç kim belə bir misal göstərə bilməz, ona görə ki, heç bir gücdən söhbət gedə bilməz.
Ə.Temirxan, həmçinin, Müsavat rəhbərliyinin müxalifət çərçivəsində sözünün keçmədiyini və bu səbəbdən də, onunla əməkdaşlıqdan imtina etdiklərini bildirib: "Müsavat rəhbərliyinin 2003, 2005-ci illərdə tutduğu cəsarətsiz mövqe onların cəmiyyətdə sözünün qəbul olunmamasına gətirib çıxarıb. Belə olan halda Müsavatla əməkdaşlıq həmin partiyanın səviyyəsinə enmək deməkdir. Ona görə də, qərəzli və səviyyəsiz insanların toplaşdığı partiya ilə əməkdaşlığımız mümkünsüzdür".