İsa Qəmbərov Lalə Hacıyevanın agent olduğunu sübut etməyə hazır olduğunu bildirib
AXCP (i) Müsavat yaxınlaşması nəhayətdə İsa Qəmbərovun özünə yeni bir düşmən qazanması ilə nəticələndi. Qarşıdan gələn parlament seçkilərində müxalifətin, məhz Müsavat partiyasının ətrafında birləşməsinin vacibliyini iddia edən İ.Qəmbərov bütün məsləkdaşlarını onun ətrafında birləşməyi təklif etmişdi. Bu isə müxalifət düşərgəsində, heç də birmənalı qarşılanmadı. Çünki düşərgədə ənənəvi bir hal mövcuddur ki, birinin təklifi digəri üçün təhlükəli hal kimi qiymətləndirilir. Doğrudur, zaman-zaman müxalifət düşərgəsində olanlar bu metodlarla öz imkanlarını artırmağa müəyyən səy göstəriblər. Amma hazırda düşərgə təmsilçilərinin bu hiyləsi öz təsirini itirib. Buna səbəb müxalifətçilərin öz aralarında bir-birinə hansı yöndə tor qurduqlarını bilməsidir. Yuxarıda qeyd etdiyimiz kimi, İ.Qəmbərovun təklifini müsbət qarşılayan yeganə şəxs isə AXCP (i) sədri Əli Kərimovdur. Hər şeydən məhrum olub, bütün imkanlarını itirmiş Ə.Kərimov İ.Qəmbərovun bu təklifini göydəndüşmə bir hal kimi qiymətləndirib. Amma onun bu günə qədər təmsil olunduğu "Azadlıq" blokunda olan partiyaların heç bir AXCP (i)-nin Müsavatla yaxınlaşmasını qəbul etmirlər. Çünki həmin blokda təmsil olunan "Vətəndaş və İnkişaf Partiyası"nın və "MBH"-nin Müsavatla böyük ədavəti mövcuddur. Onlar da aralarından birinin dönük çıxmasını qəbul etmirlər. Elə bu səbəbdən də "VİP" sədri Əli Əliyev və "MBH" lideri Lalə Hacıyeva Ə.Kərimova vermiş olduğu qərarından çəkilməsi üçün iki həftə vaxt veriblər. Həmin vaxt çərçivəsində Ə.Kərimov Müsavatla aralarındakı yaranmış isti münasibəti sona çatdırmalıdır. Əks təqdirdə isə, onun "Azadlıq" blokunda qalması sual altında ola bilər. Bu arada isə Müsavat partiyasının məclis toplantısındakı çıxışında İ.Qəmbərov konkret olaraq ALP lideri L.Hacıyevanın İran və Rusiya ilə əməkdaşlığı müqabilində, müəyyən məlumatlar ötürdüyünü bildirib. Elə hal-hazırda hər iki partiya arasındakı münasibətləri də bu məsələ daha da kəskinləşdirib. ALP liderinin özü bu məsələyə münasibət bildirməsə də, ona "kuryerlik" edən Əvəz Temirxan İ.Qəmbərovu böhtan atmaqla, başqa şəxsin ictimai nüfuzuna zərbə vurmaqda günahlandırıb. O bildirib ki, İ.Qəmbərov başından böyük işlərlə məşğul olmaqdansa, gedib partiyasındakı vəziyyətə bir çarə tapsın. Müsavat başqanına qarşı hiddətini gizlətməyən Ə.Temirxan müxalifət düşərgəsində agent varsa da, onun birincisinin İ.Qəmbərov olduğunu deyib. "Düşərgədə son zamanlar baş verənlər hər kəsin gözü önündədir. Burada kimsə özünü daha qabarıq formada göstərməyə çalışırsa, başqalarının nüfuzu ilə oynamamalıdır. İ.Qəmbərov kimi çürümüş siyasətçilərin isə vaxtı çoxdan bitib. Onlar, sadəcə olaraq, bunu qəbul etmək istəmirlər. Amma hamı bilir ki, İ.Qəmbərov zaman-zaman hansı oyunlardan çıxıb. Onun Lalə xanım haqqında dediklərində isə heç bir həqiqət mövcud deyil. Hazırda isə İ.Qəmbərovun ittihamı ilə bağlı ALP lideri böyük təəssüf keçirir. Düşünürük ki, yaxın zamanlarda münasibətləri məhkəmə yolu ilə aydınlaşdıraq" deyən Ə.Temirxan, hansı yolla olur-olsun, İ.Qəmbərovu bu ittihamına görə cəzalandıracaqlarını da bildirib. Ona görə də, tamamilə başsız qalmış müxalifət düşərgəsində yaxın zamanlarda ilginc olayların olacağı qaçılmazdır. Çünki bunun üçün artıq zəruri bir məqam da yetişib.