PDF Oxu

Müxalifət

  • 10

Müsavat və AXCP arasında yenidən savaş başlayır

Müsavat və AXCP arasında yenidən savaş başlayır

Qarşıdan gələn parlament seçkilərinə hazırlaşmaq əvəzinə, hazırda radikal müxalifət düşərgəsində ziddiyyətli proseslər baş alıb gedir. Bir tərəfdən radikal "lider"lər bəyan edir ki, növbəti parlament seçkilərində birgə fəaliyyət göstərmək lazımdır, digər tərəfdən isə, bir-birinə ittihamlar yağdıraraq danışıqları pozurlar. Davam etməkdə olan proseslərdən görünür ki, müxalifətin ümumi birliyini yaratmaq bu il də mümkün olmayacaq. Çünki müxalif partiyalar ayrı-ayrı bloklar və ittifaqlarda cəmləşir və bir-birinə qarşı əks mövqedə dayanırlar.

Müxalif düşərgədə müxtəlif qütblərin bir-birinə qarşı savaş açması artıq təəccüblü deyil. Son günlərdə isə, düşərgədə baş verən qarşıdurmaların əsasında "agent problemi" dayanır.
AXCP (i) sədri sədri Əli Kərimov "Azadlıq" qəzetinin bugünkü sayında dərc olunan müsahibəsində Müsavat partiyasının sədri İsa Qəmbərovun açıqlama verərək, Lalə Hacıyevanın "agent" mövzusunda açıqlama verməsini Lalə Hacıyeva qəsdən etmədiyini söyləməsi şərtini irəli sürüb. "Bu halda, yenidən Müsavat partiyası ilə "Azadlıq" bloku arasında danışıqların aparılması üçün tam zəmin yaranmış olacaq" - deyə Ə.Kərimov bildirib.
AXCP (i) sədri, həmçinin, qeyd edib ki, Müsavatla əməkdaşlıq, birlik tərəfdarıdırlar, amma bu birliyi yalnız "Azadlıq" bloku-Müsavat çərçivəsində görürlər. Daha sonra isə deyib ki, "Müsavatla əməkdaşlıq naminə "Azadlıq" blokunu dağıtmaq fikrində deyilik".
"Müsavat partiyası "Azadlıq" bloku ilə hər hansı danışıqlar aparmaq təşəbbüsü irəli sürməyib və belə bir niyyətimiz də yoxdur". Bu sözləri mətbuata açıqlamasında Müsavat partiyası icra aparatının rəhbəri Arif Hacıyev bildirib.
"Biz AXCP (i) ilə əməkdaşlıq etmək barədə ilkin təkliflə çıxış etmişdik. AXCP (i) sədrinin isə belə bir şərt irəli sürməsi vəziyyəti daha da gərginləşdirir. Təəssüf edirəm ki, AXCP (i)-nin bir sıra fəallarından sonra Əli Kərimov da bu açıqlamaları ilə İsa Qəmbərovu hədəf götürdü, onu ədalətsiz və qərəzli olmaqda suçladı. Əgər mətbuatın "Azadlıq" qəzetinin bu mövzu ilə bağlı monitorinqi aparılsa, hansı tərəfin daha qərəzli və ədalətsiz olduğu ortaya çıxar" - deyə Arif Hacıyev bildirib.
A.Hacıyevin sözlərinə görə, Müsavat heç vaxt AXCP (i) qarşısında "Azadlıq" blokundan çıxmaq və ya onu dağıtmaq şərti qoymayıb. "Görünür, AXCP (i) hansısa motivlər və arqumentlər əsasında Müsavatla əməkdaşlıq qurmaq istəmir. Hesab edirəm ki, bu, çox yanlış və ziyanlı mövqedir, demokratik qüvvələrin, ilk növbədə isə, Müsavat və AXCP (i)-nin maraqlarına ziddir"- deyə o vurğulayıb. Müsavat funksioneri onu da qeyd edib ki, AXCP (i) öz müttəfiqlərini müəyyənləşdirməkdə azaddır.
"Mənim səsləndirdiyim fikirlər isə AXCP (i)-nin gələcək taleyindən narahat olmağımdan doğur. Biz AXCP-ni güclü görmək istəyirik. Bu, Müsavatın da, demokratik qüvvələrin də maraqlarına uyğundur. Amma Əli Kərimovun mövqeyi yanlışdır və hansısa motivlər əsasında belə açıqlamalar verməsi mənə təəccüblüdür" deyə A.Hacıyevin əlavə edib.
Bələdiyyə seçkilərində rüsvayçı məğlubiyyətə uğrayan müxalif düşərgədən hərdən belə fikirlər səslənir ki, heç olmasa, parlament seçkilərində müxalifət nümayəndələrinin müəyyən yer qazanması üçün seçkilərə birgə gedilməlidir. Lakin bu təşəbbüslər düşərgənin müxtəlif cinahlarında heç də birmənalı qarşılanmayıb.
Əksər partiyalar parlament seçkisinə təklikdə getmələrinin daha məqsədəuyğun olacağını bildirirlər. Bu səbəbdən, müxalifətin birgə fəaliyyəti mümkün olmur. Burada əsas maneə həmin partiyaların liderləridir. Çünki heç bir partiya rəhbəri hansısa birlikdə əriyib getmək istəmir.
Bəziləri isə, yalnız özünün lider kimi qəbul olunacağı birlikdə təmsil olunacaqlarını bildirdilər. Müsavatın birləşmə təklifinin, əsasən, "Azadlıq" blokuna yönəldiyini anlamaq çətin deyil.
Lakin bu blokun rəhbərləri dəfələrlə onları satqınçılıqda, əsil müxalifət olmamaqda və digər rüsvayçı əməllərdə suçlayıb. Bunlar daim müxalifətin birgə alyanslarını dağıtmaqla məşğul olublar.
Belə bir təklifin Müsavatdan səslənməsini Əli bəy heç cür həzm edə bilməzdi. Bu məsələdən rəncidə olan və böyük təəssüf hissi keçirən Əli bəy öz-özlüyündə yaman qəzəbləndi ki, "indi baxın görün, məni lider kimi qəbul etməsəniz, sizi içərinizdən necə parçalayıram". Bu məqsədlə də ortalığa bir neçə kompramat informasiya atdı. Bununla da məşvərət tərəfləri bir-birini qırmağa başladı. Nəticə isə ümumi məğlubiyyət.
Bu səbəbdən də, irəli sürülən təkliflərin hansısa birliyə və ya seçki blokuna çevrilmə şansı da sıfıra bərabərdir. Bunlar özləri də qeyd edir ki, bunun məntiqi və nəticəli sonluğu yoxdur, amma yenə cəmiyyətin gözünə kül üfürürlər. Elə ona görə də, heç kim onlara inanmır və bütün seçkilərdə rüsvayçı duruma düşürlər.

Digər xəbərlər