PDF Oxu

Müxalifət

  • 11

“Azadlıq" bloku “DUİ"-nin təklifini rədd etdi

“Azadlıq" bloku “DUİ"-nin təklifini rədd etdi
Hər seçki öncəsi bir-birinin ünvanına təhqirlər işlədərək, diqqət mərkəzinə çevrilməyə çalışan müxalifət təmsilçiləri düşərgədə yenidən çaxnaşma salmağa nail olublar. Artıq müxalifət düşərgəsində qarşıdan gələn parlament seçkilərinə bir neçə ay qalmasına baxmayaraq, bu prosesə hansı formada qatılmaq uğrunda savaş gedir. Səfil günündə yaşayan müxalifət nümayəndələri kif bağlamış partiya nizamnamələrini əllərinə alıb növbəti dəfə ortalığa düşməyə başlayıblar. Artıq düşərgədə təmsil olunan bir sıra partiya və birliklər müəyyən təkliflər verməklə heç də sabit olmayan münasibətlərini daha da kəskinləşdiriblər. Müsavat başqanı İsa Qəmbərov müxalifətin, məhz onun rəhbərliyi altında parlament seçkilərinə getməsini labüd hesab etsə də, onun bu təklifi düşərgədə əməlli-başlı gərginlik yaradıb. İ.Qəmbərovun təklifinə, ilk növbədə, reaksiya verən ALP-nin sədr əvəzi Əvəz Temirxan olub. O bildirib ki, Müsavat partiyası ilə əməkdaşlıq etmək təhlükəlidir. "Çünki bu partiyanın rəhbərliyi qarşısında olan hədəflərə çatmaq üçün digər qurumları güdaza verməyi yaxşı bacarır" deyən Ə.Temirxan, üstəlik, İ.Qəmbərova qarşı olan şəxsi hiddətini belə gizlətməyib. Bunun ardınca isə, münasibətlərin daha da kritik həddə çatması Müsavatın "Azadlıq" blokuna əməkdaşlıq təklif etməsi oldu. Belə ki, Müsavatın təklifinə blokda yeganə müsbət cavab verən AXCP (i) sədri Əli Kərimov ALP ilə "VİP"-in hücum hədəfinə çevrilib. Son zamanlar Müsavatla AXCP (i) arasında yaxınlaşmanın olması Ə.Kərimovun blokdakı müttəfiqlərindən üz çevirməsi ilə nəticələnib. Çünki iki həftə öncə, İ.Qəmbərovun əməkdaşlıq təklifinə Ə.Kərimov tərəfindən müsbət cavab verilməsi onun təmsil olunduğu "Azadlıq" blokundakı problemləri daha da artırıb. Artıq iki həftədir ki, blokda olan bütün işlər Ə.Kərimovdan gizlin və onunla məsləhətləşmədən aparılır. Bütün bunların davamı kimi isə Ə.Kərimov İ. Qəmbərova yarınmaqdan ötəri neçə illər bir yerdə olduğu ALP-nin sədr əvəzi Ə.Temirxana Müsavat başqanına qarşı işlətmiş olduğu ifadələrinə diqqət yetirməyi də tövsiyə edib.
Xatırladaq ki, Müsavatın Ali Məclisinin toplantısındakı çıxışında İ.Qəmbərov öz aralarında olanların İrana, Rusiyaya və başqa yerlərə işləyənlərin olduğunu bildirib. Bunun ardınca isə, dolayısı ilə də olsa, ALP lideri Lalə Hacıyevanı qeyd etdiyi məsələlərə daha yaxın şəxs kimi qiymətləndirən İ.Qəmbərov, əslində, nəyə eyham vurduğunu hamıdan yaxşı bilirmiş kimi bir jest göstərib. Məhz bundan sonra isə iki partiya arasında, sözün əsil mənasında, söz davası başlayıb. Ə.Temirxan da öz liderinin heyifini almaq üçün İ.Qəmbərovun ünvanına olmazın ifadələr işlədib.
Müxalif düşərgədə bu məsələlərin ardınca özünü parlament seçkilərinə guya ciddi hazırlaşanlar sırasında göstərməyə çalışan "Demokratiya Uğrunda İttifaq"da bir sıra partiya və təşkilatlara əməkdaşlıq etmək barəsində təkliflər göndərib. Onların təklifinə düşərgədə, hələlik, Müsavat partiyası tərəfindən müsbət cavab verildiyini bildirən "DUİ"də təmsil olunan "Azadlıq" partiyasının sədri Əhməd Oruc "Azadlıq" blokuna göndərdikləri əməkdaşlıq təklifinə heç bir cavab verilmədiyini bildirib. O, qeyd edib ki, "Azadlıq" bloku parlament seçkisi öncəsi təklif olunan birlik məsələsinə müsbət cavab verməsə, bunun acı nəticələri ola bilər. Ə.Oruc "Azadlıq" blokunun prosesə qatılmamasını, faktiki olaraq, müxalifətin paçalanması kimi qiymətləndirib. Onun təbirincə, onsuz da heç bir imkana və ya nüfuza malik olmayan müxalifət partiyaları qarşıdakı seçkidə də birlik nümayiş etdirə bilməsələr, bu, onlar üçün sonun başlanğıcı olacaq.

Digər xəbərlər