Lalə Hacıyeva niyə seçkiyə qatılmaqdan çəkinir?
ALP sədri Lalə Hacıyeva parlament seçkilərində iştirak etməyəcəyini bildirib. İndi sıravi müxalifətçiləri "niyə" sualı düşündürür. Axı müxalifəti parçalamaq üçün Müsavat məhz "MBH" sədrini hədəfə almaqdan istifadə edirdi, indi nə oldu ki, "MBH" sədri belə bir qərar verdi? Bu sualın cavabını L.Hacıyevanın siyasi fəaliyyətində axtarmaq daha düzgün olardı. Bir vaxtlar təmsil olunduğu komandaya xəyanət edən və müxalifətə keçib saxta ittihamlarla çıxış edən bu xanım sonradan müxalifətdə də eyni xarakter nümayiş etdirdi və "ipinin üstünə odun yığmaq mümkün olmayan" siyasətçi imici qazandığı üçün müxalifətdə də rəğbət qazana bilmədi, halbuki bir vaxtlar hətta müxalifətin vahid lideri olmaq iddiasına da düşmüşdü.
Bir neçə dəfə partiyası ilə birgə seçkilərə qatılsa da, uğur qazana bilməyən "MBH" sədri indi anlayır ki, əgər namizədliyini versə belə parlament seçkilərində qələbə qazana bilməyəcək. Ötən seçkilər də bunu bir neçə dəfə sübut edib. Xalq nə L.Hacıyevaya, nə də onun rəhbərlik etdiyi təşkilata səs vermir. Xalq ancaq real iş görən, sözü ilə əməli üst-üstə düşən namizədlərə səs verir, təmsil olunduğu komandaya xəyanət edənlərin sabah xalqa, ona səs verib etimad göstərmiş seçicilərinə də xəyanət etməyəcəyinə heç kim zəmanət verə bilməz, ona görə də, nə bu müxalifət, nə də onun bir nümayəndəsi olan L.Hacıyevanın seçkidə minimum səs yığmaq imkanları sıfıra bərabərdir. Buna görə də, L.Hacıyeva səbəbini bildirmədən seçkilərdə iştirak etməmək qərarı verib. Həm də seçkidə iştirak etməməyin səbəbini açıqlamamaq "MBH" sədrinə imkan verir ki, seçkidən sonra digər müxaliflər məğlubiyyətlərini "seçki şəffaf keçirilmədi" deyib saxta ittihamlarla ört-basdır etmək istəyəndə, "mən bunu əvvəldən bilirdim, ona görə də, seçkidə namizədliyimi vermədim" desin. Amma kim nə deyir desin, Azərbaycanın seçki qanunvericiliyinin beynəlxalq standartlara tam uyğun olduğunu avropalı müşahidəçilər də dəfələrlə təsdiqləyiblər və hətta Avropanın özündə belə ideal seçkilərin keçirilmədiyini bəyan ediblər. Son illərdə digər ölkələrdə keçirilən seçkiləri Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkiləri ilə müqayisə edəndə də, ölkəmizdə seçkilərin tam ədalətli, azad və şəffaf şəkildə keçirildiyi bir daha aydın olur. Bunu bütün dünya təsdiq edirsə, bəs bizim müxalifət niyə həqiqətlə barışmaq istəmir, görəsən? Bunun da səbəbi məlumdur. Əgər seçkilərin ədalətli keçirildiyini təsdiqləsələr, gərək onda öz məğlubiyyətlərini, xalq arasında sosial dayaqlarının olmamasını, seçicilərin etimadını qazana bilmədiklərini etiraf etsinlər. Bu etiraf isə artıq çoxdan siyasi meyitə çevrilmiş müxalifətçi siyasətçilərin siyasət meydanından getməsi demək olardı. Onlar isə getmək istəmirlər və "MBH" sədri kimi hər seçkidə bir bəhanə uydurub seçkilərdə iştirak etməkdən ya imtina edir, ya da sadəcə, yayınırlar. Seçici isə, təbii ki, belə insanlara səs verə bilməz və verməyəcək. L.Hacıyevanın seçkidə iştirak etməkdən imtinasının səbəbi də sadə həqiqətdir.