Biri şouya, digəri isə siyasətə meyil göstərir
Bu, bir real faktdır ki, Sovet İttifaqı dağılıb, yeni müstəqil dövlətlər yaranan zaman meydana pul qazanmaq üçün müxtəlif təbiətli insanlar çıxdı. Bu insanların bir qismi dükan-bazar açmağa, özlərinə biznes yaratmağa çalışdılar. Başqa bir qismi isə ictimai təşkilatlar, mətbu orqanlar təsis etməyə səy göstərdilər. Əlinə bir mikrofon alıb estrada ulduzu olmağa çalışanlar da oldu. Siyasi partiya yaradıb, populist fikirlərlə cəmiyyətin diqqət mərkəzinə çevrilməyə cəhd göstərənlərin sayı da az olmadı. Ancaq cəmiyyətlər formalaşıb, demokratik mühit yaradıldıqca, həmin insanların da bazarı tədricən aradan çıxmağa başladı.
Meydanda daha praqmatik, sağlam təfəkkürlü, yüksək bilik və bacarığa malik insanlar qaldı. Düzdür, bəzi sahələrdə hələ də durulaşma tam şəkildə başa çatmayıb. Yəni hələ də bəzi insanlar ağına-bozuna baxmadan, öz dayaz təfəkkürü ilə meydan sulamaqdadırlar. Bu cür neqativ sahələr, xüsusilə də, siyasət meydanında və şou-biznes sahəsində özünü daha qabarıq şəkildə göstərməkdədir. O mənada ki, Azərbaycan siyasi səhnəsində, xüsusilə də, müxalifət düşərgəsində hələ də siyasi cəhətdən savadsız, bilik və bacarıq baxımından zəif göstəricilərə malik insanlar siyasi partiyalarda fəaliyyət göstərib, cəmiyyətə siyasi məsələlərdən moizələr oxuyurlar.
Şou-biznesdə də, müxalifət düşərgəsində olduğu kimi, heç bir səs diapozonuna, səhnə mədəniyyətinə malik olmayan insanlar mövcudluqlarını saxlamaqdadırlar. Məhz bu və ya digər amillər nəzərə alındığındandır ki, bəzən tənqidçilər şou ilə siyasətin bir-birindən ayrılmaz və bir-birini təkrarlayan sahələr kimi dəyərləndirirlər. Əgər Aygün, Röya, Natəvan, Səidə, Xuraman, Faiq, Tünzalə, Nura və bu kimi şou ulduzları zövq korlayan, əxlaqi dəyərlərə xələl gətirən, düşük hərəkətləri, mədəniyyətsiz danışıqları ilə cəmiyyətə hörmətsizlik edirlərsə, AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, ADP sədri Sərdar Cəlaloğlu, AMİP lideri Etibar Məmmədov, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "Ümid" partiyasının sədri İqbal Ağazadə və digərləri də ölkədə gedən genişmiqyaslı quruculuq-abadlıq işlərinə, əhalinin yaşayış durumunun yaxşılaşdırılmasına xidmət edən islahatlara xələl gətirməyə, cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edən şər və böhtan xarakterli fikirlər səsləndirirlər. Əgər Xuraman Şuşalı erməni dığaları tərəfindən işğal altında olan Şuşanın adını özünə ləqəb götürüb, səhnədə yarıçılpaq şəkildə atlanıb-düşürsə, buna nə ad vermək olar və ya "ay səni namərd dünya" deməmək nə dərəcədə mümkünsüzdür? Qaşlarını aldıran Faiq Ağayev televiziyalarda az qala iki metr hündürlükdə ola bilən fikirlər səsləndirilsə, Röya birbaşa televiziyada və konsert salonlarında hamilə görkəmini ifrat dərəcədə nümayiş etdirirsə, Rəqsanə dünyaya gələn övladlarının atasının kimliyinin məlum olmadığını bəyan edirsə, Tünzalə rayondan Bakıya gəldikdən sonra ərindən boşanmağa qərar verirsə, Nura çimərlik paltarında müxtəlif pozalarda özünün görkəmini nümayiş etdirirsə, Kərim adlı birisi televiziyadan keçmiş həyat yoldaşı haqqında əxlaqsız ifadələr səsləndirirsə, Aygün yarıçılpaq xarici ölkə vətəndaşı olan kişi ilə şəkil çəkdirir və televiziyada əlini onun çiyninə qoymaqla səhnələr düzəldirsə, buna təccüblənməmək və "lənət sənə kor şeytan" deməkdən çəkinmək mümükündürmü? Nəzərə almaq lazımdır ki, adları qeyd olunan teleulduzların "səmərəli fəaliyyət"lərinin yalnız bir faizini qeyd etməyə imkan oldu. Əgər bu fəaliyyət sferasına digər doxsan doqquz faizidə əlavə etsək, çox dəhşətli mənzərəni müşahidə etmək olar.
Qeyd etmək yerinə düşərki, müxalifət partiya liderləri də şou əhli sayağı addımları ilə seçiliblər. AXCP (i) sədri Ə.Kərimovun siyasətdə dostuna və yoldaşına xəyanət edən simasız kimi tanındığı faktdır. Onu bir illik hakimiyyətləri dönəmində yüksək dövlət vəzifəsinə irəli çəkən Əbülfəz Elçibəy sonradan yetirməsinin gözdənsalma kampaniyasının hədəfinə çevrilməsi hər kəsə məlumdur. Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fazil Qəzənfəroğlu, Əliməmməd Nuriyev, Qulamhüseyn Əlibəyli, Mirmahmud Fəttayev və bu kimi digər cəbhəçilər Ə.Kərimovun məqsədyönlü tənqid və təhqirlərinin qurbanları olmuşlar.
Müsavat başqan İ.Qəmbərov əqidə dostlarına qarşı xüsusi fəaliyyəti ilə seçilənlərdən olub. Başqan çirkin siyasi məqsədlərini reallaşdırdıqdan sonra Vurğun Əyyub, Vaqif Səmədoğlu, Şirzad Əyyub, Niyazi Mehdi kimi partiya qurucularını sıradan çıxarıb, tarixin arxivinə atmaq yolu tutması hər kəsə məlum olan faktdır. Dəfələrlə müxalif partiya sədrlərini müxtəlif qüvvələrə işləməkdə günahlandıran İ. Qəmbərov ötən ay "müxalifət partiya sədrlərinin bəziləri hakimiyyətə, bəziləri isə İran və Rusiyaya işləyir" deməklə şou əhli sayağı qalmaqallar yaratmağa daha çox meyilli olduğunu nümayiş etdirdi. ADP sədri Sərdar Cəlaloğlu da Rəsul Quliyev kimi, bir bozbaşçının pullarını əlindən alıb, özünə qərargah, maşın və ev aldıqdan sonra, onun ADP-dən uzaqlaşdırılmasına nail oldu. AMİP lideri Etibar Məmmədov partiyanı ümumiyyətlə, siyasət meydanından tamamilə silinməsinə yarıtmaz siyasəti ilə nail oldu. Eyni ilə "Ümid" partiyasının sədri İqbal Ağazadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan da Faiq, Rəqsanə, Tünzalə, Xuraman, Aygün və digər şou əhli kimi addımlar atmaları ilə tanınıblar.
Təbii ki, bu, çox geniş mövzudur. Ancaq "bəsdir" deyib, buradaca mövzuya son qoyuruq. Sadəcə, sonda yadımıza bir sahə də düşür ki, demə, cəmiyyətdə çiçəklənməkdə olan falçılıq sahəsidə var. Amma etiraf edim ki, sehr və cadudan çox qorxduğumdan falçıların adlarını və fəaliyyətlərini yazmaqdan çəkinirəm. Düşünürəm ki, hər kim olsa, mənim kimi addım atardı.