İsa Qəmbərov müxalifət düşərgəsində təklənib
Hər zaman ölkəmizdə keçirilən seçkilərdən öncə, müxalifət düşərgəsində çaxnaşmalar yaranır və bu özünün pik nöqtəsinə çatır. Çünki müxalifətçilər bir-birlərinə qarşı bəslədikləri kini və nifrəti gizlədə bilmirlər. Birlikdə fəaliyyət göstərmək fikri ortalığa çıxarkən, onlar çirkin əməllərindən əl çəkmirlər. Bu il ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində yenə də radikallar bir-birlərinə düşmənçilik etməklə məşğuldurlar.
Müsavat başqanı İsa Qəmbərov bir neçə gün bundan öncə, müxalifət düşərgəsində təmsil olunan partiyaların hamısını tənqid etmişdi. O, bildirmişdi ki, müxalifətçilərin birlikdə fəaliyyət göstərməsini Müsavat partiyasının rəhbərliyindən başqa heç bir müxalifət partiyası rəhbərliyi istəmir. Həmçinin, İ.Qəmbərov özünün dəfələrlə müxalifətin birliyinə cəhd etdiyini və bu cəhdin qarşısının müxtəlif zamanlarda ALP-nin sədr əvəzi Əvəz Temirxan və AXCP (i) sədri Əli Kərimov tərəfindən alındığını söyləyib. Belə hesab etmək olar ki, İ.Qəmbərov bu çıxışları ilə özünü müxalifət düşərgəsinin "qəhrəmanı" hesab edir və müxalifətçilər arasında özünü "lider" kimi aparmağa çalışır. Müsavat başqanının belə məntiqsiz, savadsız, düşünülməmiş çıxışlarının dəfələrlə şahidi olmuşuq. Amma nəinki İ.Qəmbərovun, həmçinin, bütün müxalifətçilərin düşünülməmiş çıxışlarını çox eşitmişik.
Qeyd edək ki, Müsavat başqanı İ.Qəmbərovun müxalifətçiləri tənqid etməsinə ilk cavab verən partiya rəhbərləri AXCP (i) sədri Ə.Kərimov və ALP-nin sədr əvəzi Ə.Temirxan olub. "İsa Qəmbərov özünü, həmişə olduğu kimi, yenə də reklam etməklə məşğuldur" deyən Ə.Kərimov Müsavat başqanının tənqidinə cavab verib. Həmçinin, Ə.Kərimov onuda bildirib ki, İ.Qəmbərov heç vaxt müxalifətçilərin birliyinə çalışmayıb. ALP-nin sədr əvəzi Ə.Temirxan isə "İ.Qəmbərov yalan danışmaqdan nə zaman əl çəkəcək?!" deməklə Müsavat rəhbərliyinə cavab verib. Müxalifətçilərin birləşməsini əngəlləyən ən birinci şəxsin, məhz İ.Qəmbərov olduğunu söyləyən ALP-nin sədr əvəzi onun bu cür yersiz çıxışlarının əhəmiyyətsiz olduğunu düşündüyünü bildirib. Bu qalmaqallar bir daha təsdiq edir ki, müxalifət düşərgəsində heç bir birləşmədən, birgə fəaliyyətdən söhbət gedə bilməz. Onlar heç vaxt birləşə bilməyib və heç vaxtda birləşə bilməyəcəklər. Çünki onların bir-birlərinə qarşı nifrətləri azalmır, əksinə, artır.