İsa Qəmbərova qarşı kampaniyaya start verilib
Müxalifət düşərgəsinin davası hələ də bitmək bilmir. Düşərgə daxilində baş verən qalmaqallar, bu il seçki ili olduğundan, daha da geniş miqyas alıb. Artıq bir müddət müttəfiqlik nümayiş etdirən (təbii ki, əməldə yox, sözdə) radikal "bəy"lər indi heç sözdə də müttəfiqlik nümayiş etdirmirlər. Yəni radikalların "dostuluğu"nun müddəti 40 gündən artıq çəkmir. Düşərgə təmsilçiləri- AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan, "ACP" lideri Rəsul Quliyev, AMİP lideri Etibar Məmmədov görüntü xatirininə blok yaradaraq, birlik nümayiş etdirmiş oldular. Bu bloklar da, tez bir müddətdə, öz ömürlərini başa vurmuş oldular. Bir bloku və ya siyasi partiyanı siyasətdən bixəbər insanlar idarə edəndə, belə birliklərin də taleyi bu cür olacaq.
E. Məmmədov partiya sədrliyindən uzaqlaşdı və özünü AMİP lideri adlandırdı. Maraqlıdır, heç bir sosial bazası olmayan bir partiyada liderlik postuna ehtiyac vardırmı? Əgər Etibar "bəy" özünü lider hesab edirsə, onda gərək liderlik qabiliyyətini də fəaliyyəti boyu nümayiş etdirmiş olardı. Onu da qeyd etmək lazımdır ki, radikal müxalifət düşərgəsində özünü lider hesab edənlər daha çoxdur. Bura L.Hacıyeva ilə R.Quliyevi də əlavə etmək olar. Onlar da neçə müddətdir ki, özlərini lider kimi cəmiyyətə sırıyırlar. Rəsul "bəy" 1-2 nəfərdən ibarət "ACP" partiyası ilə maraqlanmır. İ.Qəmbərov isə, bu il uzun illərdir başçılıq etdiyi Müsavat partiyası ilə vidalaşacaq. Əslində, İsa "bəy" çoxdan Müsavat partiyası ilə, ümumiyyətlə, SİYASƏTLƏ VİDALAŞMALI İDİ. İ.Qəmbərov dəfələrlə qeyd edib ki, o, partiyanın siravi üzvü kimi fəaliyyət göstərəcək. Məlumata görə, Müsavat başqanı partiya daxilində, hadisələrin gedişindən asılı olaraq, konkret qərar verəcək: ya partiyanın siravi üzvü, ya da lider olmaq. Ancaq deyəsən, birinci variant reallaşacaq. Çünki partiya daxilində mübarizə daha da genişlənib. İndiyə qədər Müsavatdaxili münaqişələrdə iştirak etməyən Qubad İbadoğlu partiya başqanlığına namizəd kimi irəli sürülüb. İndi iki şəxs arasında ciddi mübarizə gedir. Belə ki, bu mübarizəyə Arif Hacıyev də qoşulub. Bütün Müsavatdaxili münaqişələrin hər biri adıçəkilən partiyanın başqanı İ. Qəmbərova qarşı böyük ZƏRBƏDİR. İsa "bəy"ə digər zərbəni isə düşərgə yoldaşları- L.Hacıyeva, Ə.Kərimov, "Ümid" sədri İqbal Ağazadə də zərbələr vurmaqdadır. Belə ki, L.Hacıyeva ilə Müsavat başqanının arasında mövcud olan gərgin vəziyyət indi pik nöqtəyə çatıb. O ki qaldı AXCP (i) ilə münasibətlərə, iki partiya arasında vəziyyət normal deyil. AXCP (i)-nin sədr müavini Nurəddin Məmmədli mətbuata açıqlamasında qeyd edib ki, Müsavatın elə şərtləri var ki, bizi qane etmir. Bunun ardınca isə, Müsavat funksioneri A.Hacıyev mətbuata açıqlamasında qeyd edib ki, Müsavat partiyasının sosial bazası AXCP (i)-dən daha güclüdür. Necə deyərlər, kor kora kor deməsə, bağrı çatlar. Müsavat - "Ümid" arasında münasibətlərə gəlincə, bəllidir ki, tərəflər biri-birilərini qəbul etmir və müxalifət saymırlar. Bütün bunlar onu göstərir ki, düşərgədə, həmçinin, Müsavat daxilində gedən proseslər seçkiöncəsi İ. Qəmbərova qarşı kompaniyaya start verilib.