Qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiya və identifikasiyası üzrə Şura yaradılıb
Azərbaycanın qədim və rəngarəng qeyri-maddi mədəni irsinin qorunması, bərpası və istifadəsi, milli diyarşünaslığın (adət-ənənə, mərasimi şifahi xalq yaradıcılığı, xalq oyunları), folklor (xalq musiqisi və rəqsləri, xalq teatrı) və sənətkarlığın (xalq tətbiqi, dekorativ və təsviri sənətləri) dəstəklənməsi işinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə nazirliyin nəzdində Qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiya və identifikasiyası üzrə Şura yaradılmışdır. Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi şuranın tərkibinə respublikanın tanınmış mədəniyyət, elm və təhsil xadimləri, görkəmli alimlər, mütəxəssislər, habelə, nüfuzlu ziyalılar daxil edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyində Qeyri-maddi mədəni irs nümunələrinin inventarizasiya və identifikasiyası üzrə Şuranın iclası keçirilmişdir. İclasda şuranın fəaliyyət istiqamətləri və tərkibi ətraflı müzakirə olunmuş, Azərbaycanın Qeyri-maddi mədəni abidələrinin Dövlət Reyestr formasının layihəsi, Azərbaycanın Qeyri-maddi mədəni irs abidəsinin İnventar Pasport layihəsi, Dövlət Reyestrinə daxil ediləcək nümunələr və s. barədə geniş müzakirələr aparılmış, təkliflərin qısa müddətdə nazirliyə təqdim olunması barədə razılıq əldə olunmuşdur.