PDF Oxu

Müxalifət

  • 12

Müsavat başqanını həbs etdirən kim olub?

Müsavat başqanını həbs etdirən kim olub?
Müsavat başqanı İsa Qəmbərovun bəzi müxalifət liderlərini hədəfə alan məlum açıqlamasında sonra, ALP ilə Müsavat arasında başlayan qalmaqal hələ də davam edir. ALP-nin sədr əvəzi Əvəz Temirxan qaeşı tərəfə əks-ittihamlar yağdırmaqla məşğuldur. Əvəz bəyin "İsa Qəmbərovun həbsdən azad olunması ilə bağlı məndə başqa şok informasiya var", "O vaxt İsa Qəmbərovu həbs etdirən Azərbaycan rəhbərliyi deyildi, tamam başqa adam idi" kimi açıqlamaları Müsavatda sərt qarşılanıb.

"Yeni Müsavat" qəzetinə açıqlama verən Müsavat başqanının müavini, deputat Arzu Səmədbəyli ALP-nin sədr əvəzinin söylədiklərini sayıqlama kimi dəyərləndirib. Əvəz Temirxanı savadsızlıqda ittiham edib. Müsavatla ALP-ni tərəzinin eyni gözünə qoymağı doğru hesab etmədiyini vurğulayıb. Onun sözlərinə görə, ALP-nin bütün gücü Müsavatın bir rayon təşkilatının gücü qədərdir.
Əvəz Temirxan isə Arzu Səmədbəylinin bu prosesə qoşulmasından təəssüfləndiyini dilə gətirib: "Ondan bu cür münasibət gözləməzdim. Arzu Səmədbəylinin ALP-nin gücü ilə bağlı dedikləri ağ yalandır. Ancaq hesab edək ki, onun dedikləri doğrudur. Noolsun? Lap tutaq ki, onların 500 min üzvü var, nə dəyişir? Fakt odur ki, bu partiyanının cəmiyyətdə heç bir nüfuzu yoxdur.
İsa Qəmbərovun nüfuzu Lalə Hacıyevanın nüfuzundan əhəmiyyətli dərəcədə azdır. Mənim Müsavatla problemim yoxdur, Arzu Səmədbəyli ilə də o cümlədən... Niyə o özünü İsa Qəmbərovun bizə qarşı düşmənçilik kampaniyasına qoşur, bilmirəm. Öncə Arzu bəy öz başqanının mənəvi kimliyini müəyyənləşdirsin, ondan sonra mənə hücuma keçsin. Lalə Hacıyevanın nüfuz problemi isə heç bir zaman olmayıb. Arzu bəyə məsləhət görərdim ki, kiməsə irad tutanda, hansı dəyərlər sisteminin prizmasından irad tutduğunun fərqinə varsın".
Bu arada Əvəz Temirxanın "Yeni Müsavat" qəzetini məhkəməyə verməsindən Lalə Hacıyevanın məsləhəti ilə geri durması məsələsinə toxunan adıçəkilən qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan "Milli Birlik Hərəkatı" lideri ilə polemika aparmağa hazır olduğunu bildirib, ancaq Əvəz Temirxansız...
Bu məqamla bağlı ALP-nin sədr əvəzi deyib ki, Azər Ayxan özü haqqında çox yüksək fikirdədir: "Özünə qiymət vermək lazımdır, ancaq özündən razı olmağa ehtiyac yoxdur. Əslində, mən bizim ünvanımıza səslənən ittihamlarla bağlı İsa Qəmbərovla hər zaman debata çıxmağa hazıram. Azərbaycan cəmiyyəti bizim kim olduğumuzu da yaxşı bilir, Rauf Arifoğlu ilə Azər Ayxanın kim olduğunu da...
Məsləhət görərdim ki, "Yeni Müsavat" qəzetinin rəhbərliyi bizim aramızda olan münaqişəyə benzin atmasınlar, özlərini Lalə Hacıyeva ilə İsa Qəmbərovun münaqişəsinə qatmasınlar. Buna baxmayaraq, qəzetin rəhbərliyi ilə də debata hazıram, ancaq qarşılıqlı ittihamsız... İsa Qəmbərovun bizə ittihamları isə başqa mövzudur, bu məsələrlə bağlı onunla müzakirə aparmağa hazıram. İnanıram ki, ən azı hüquqi cəhətdən İsa Qəmbərova üstün gələcəm".
Əvəz Temirxan İsa Qəmbərovun həbsi ilə bağlı "Xalq Cəbhəsi" qəzetinə maraqlı məlumatlar açıqlayıb: "O vaxt İsa Qəmbərovu həbs etməyə məcbur idilər. Onu həbs etdirən Azərbaycan rəhbərliyi deyildi, tamam başqa adam idi. Çox geniş siyasi və hərbi imkanlı başqa bir adam İsa Qəmbərovun həbsində maraqlı idi. O adam indi siyasətdə yoxdur, ona görə adını hallandırmaq istəmirəm. İsa Qəmbərov Gəncə istintaq təcridxanasında saxlanılanda isə Lalə Hacıyevanın müvafiq qurum rəhbərlərinə göstəriş vermişdi ki, istintaq təcridxanasının rəisi hansı yataqda yatırsa, İsa Qəmbərov də elə yataqda yatmalıdır.
Təcridxana rəhbəri nə yeyirsə, İsa Qəmbərov da ondan yeməlidir. Bu göstərişi mənim yanımda telefonla verilib. Belə olmasaydı, İsa Qəmbərov çox böyük problemlərlə üzləşərdi. Lalə Hacıyeva bunun qarşısını aldı. İsa Qəmbərovun həbsdən azad olunması ilə bağlı məndə başqa şok informasiya var, ancaq hələlik, bunu açıqlamaq istəmirəm. Özlərini yaxşı aparmasalar, bu informasiyanı açıqlayacağam".
Yeri gəlmişkən, mətbuatda yayılan informasiyalara görə, ALP sədr əvəzi Əvəz Temirxanı ölümlə hədələyiblər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ə.Temirxanın özü məlumat verib.
ALP yetkilisinin sözlərinə görə, ona bilinməyən nömrədən zəng edərək, "İsa Qəmbərovun əleyhinə danışsan, başını kəsərik" deyə hədələyiblər. Ə.Temirxan bu təhdid telefon zənginin arxasında İsa Qəmbərovun yaxın adamlarının olduğunu düşünür. Bu səbəbdən də, Əvəz bəy onu ölümlə hədələyən vasitəsi ilə İsa Qəmbərova "yağlı mesajlar" göndərdiyini də bildirib.
Göründüyü kimi, müxalifətdə baş qatmağa yeni mövzu var. "Agent" problemi liderlərin bütün paxırlarını açıb ortaya qoyur. Cəmiyyəti isə, artıq bu məsələlər maraqlandırmır. Çünki bu deyilənlərin hamısını hamı çoxdan bilir. Bunları isə xalqımız yaxşı tanıyır. O səbəbdən də, müxalifət gündəmə yeni, daha maraqlı məsələ çıxarmağa çalışmalıdır. Yoxsa, insanlar onları tamamilə yaddan çıxara bilər.

Digər xəbərlər