PDF Oxu

Müxalifət

  • 12

Ölü müxalifət

Ölü müxalifət
Ölkədə cərəyan edən ictimai-siyasi proseslərə təsir imkanları olmayan və destruktiv müxalifət partiyaları kimi tanınan təşkilatlarda növbəti parlament seçkiləri ərəfəsi vəziyyət daha da gərginləşib. Müxalifət partiyalarının strukturlarının iflic vəziyyətdə olması, daxili çəkişmələrin yüksək həddə çatması, təşkilat rəhbərlərinə etimadsızlıq siyasi böhrana gətirib çıxarıb. Elə bunun nəticəsidir ki, bu gün əksər aqressiv müxalifət partiyalarının daxilində total narazılıq və ruh düşkünlüyü hökm sürür. 17 ildən artıq ali hakimiyyət kürsüsü uğrunda mübarizə aparan, lakin məhdud potensialı ilə bu iddianı gerçəkləşdirmək imkanından uzaq olan "liderlərin" partiya sədrliyindən hələ də istefa verməməsi anormal hal kimi dəyərləndirilir. Bu meyil uzun illər şablon, primitiv və heç bir perspektiv vəd etməyən siyasi mübarizə metodlarından cana doymuş partiyaların sıravi üzvlərinin yenilik istəyinin qabarıq təzahürüdür. Əgər partiya sədri ardıcıl məğlubiyyətlər seriyasından sonra da sədr postunu tərk etmək istəmirsə, onun rəhbərlik etdiyi təşkilatda parçalanma və mərkəzdənqaçma prosesinin güclənməsi tamamilə labüddür. Bu tendensiya müxalif düşərgədəki ümumi mənzərəni tam əks etdirdiyi üçün hər hansı misallar gətirməyə ehtiyac yoxdur. Deməli, müxalifətin iqtidarla rəqabətdə çox zəif və acizanə görünməsi də təbiidir. Aqressiv müxalifət üçün səciyyəvi radikalizm, populizm və qisasçılıq indi Azrbaycan cəmiyyətində qətiyyən qəbul olunmur. Bu səbəbdəndir ki, ictimaiyyət müxalifətin fəaliyyətinə böyük etinasızlıqla yanaşır. Çünki bu gün müxalifət düşərgədə təmsil olunan partiyalar həm elita, həm də sosial baza baxımından müflis haldadır. Eyni zamanda, bugünkü müxalifət siyasi mədəniyyət və demokratik dünyagörüşü səviyyəsi baxımından da hələ tam yetkinləşməyib. Görünür, elə bu səbəbdən də, hər seçkiərəfəsi və seçkidən sonra aqressiv müxalifətin davranışları ictimaiyyət tərəfindən qəbul edilməməklə yanaşı, həm də nifrətlə qarşılanılır. Lakin radikal müxalifətin biabırçı uğursuzluqları ilə barışmaq istəməməsi, uğursuzluqlarının səbəblərini başqalarının üzərinə yıxmağa, özlərinə hər cür etik normalardan uzaq vasitələrlə bəraət qazandırmağa çalışması isə onların köhnə adətlərindən əl çəkməməsini göstərir. Məhz buna görədir ki, Azərbaycanda keçirilən hər bir seçki prosesinin həm daxildə, həm də xaricdə demokratik inkişaf istiqamətində irəliyə addım kimi dəyərləndirilməsi radikal müxalifətin ciddi məyusluğu ilə müşayiət olunur. Lakin maraqlıdır ki, radikal müxalifət təmsilçiləri parlament seçkiləriərəfəsi ABŞ və Qərb dövlətlərinin əleyhinə təbliğatı da intensivləşdirir. Artıq bu ittihamlar özünü "Qərbpərəst" kimi göstərmək üçün xüsusi canfəşanlıq edən bəzi müxalifət partiyalarının sədrlərinin də dilindən səslənir, Əslində, bu siyasi şantajdır və Qərbi 2010-cu il seçkisində radikal müxalifətə dəstək verməyə təhrik etmək taktikasına hesablanıb. Məlumdur ki, AXCP (i) sədri Ə.Kərimov həm də 2010-cu ildə keçiriləcək parlament seçkilərinə də qondarma "Azadlıq" bloku tərəfindən boykot ediləcəyi ilə bağlı ardıcıl bəyanatlar vermək haqqında fikirlər söyləyir. Lakin çox maraqlıdır, görəsən, AXCP (i) üzvləri bu 17 il ərzində söyüşcül, avantürist və avara bir sədrlə dərin uçuruma getdiklərinin fərqindədirmi? Digər tərəfdən, "Azadlıq" blokunun üzvlərinin ötən bələdiyyə seçkilərində də boykot qərarında olduqlarını deyirdilər və bu gün də eyni fikiri söyləyirlər. Sual ortaya çıxır: görəsən, onlar sonadək boykot qərarında israrlı olacaqlarmı? Çünki blokda birləşən partiya sədrlərinin demokratiyadan çox-çox uzaq olması bir tərəfə qalsın, onların normal qaydada bir masa arxasında otura, bir-biri ilə mədəni insanlar kimi səmimi ünsiyyət qura bilmələri inandırıcı deyil. Çünki müxalifət düşərgəsində partiyalararası və şəxslərarası münasibətlərə baxdığımız zaman, bu münasibətlərin heç vaxt sağlam və sivil olmadığını, onların arasında, hətta adicə insani münasibətlərin də çoxdan korlandığını görürük. Bu partiyalar bir-birini zaman-zaman ən ağır şəkildə təhqir və ittiham edib. Liderlər isə bir-birini mətbuatda, cəmiyyətin gözü qarşısında açıq-açığına şantaj etməkdən belə çəkinməyiblər. Buna görə də, indi onların birləşmələri şübhəli görünür.

Digər xəbərlər