PDF Oxu

Müxalifət

  • 9

Lalə Hacıyeva-İsa Qəmbərov qarşıdurması dərinləşir

Lalə Hacıyeva-İsa Qəmbərov qarşıdurması dərinləşir
Hər kəsə məlum olan fakt ondan ibarətdir ki, müxalif partiya funksionerləri taleyüklü tədbirlər ərəfəsi dirçəlməyə, düşdükləri ölü nöqtədən çıxmağa səy göstərirlər. Bu problemin həllində gedilən yolun cəmiyyət tərəfindən necə qarşılanmasının onlar üçün ciddi bir fərqi yoxdur. Hətta müxalifət partiya sədrləri diqqət mərkəzinə çevrilmək üçün bir-birini söyüb təhqir etməkdən də çəkinmirlər. Düzdür, son günlərə qədər müxalifət düşərgəsində sakitlik hökm sürürdü.
Yəni, müxalifət partiya funksionerləri "söymə məni, söyməyim səni" prinsipinə uyğun olaraq, fəaliyyət göstərirdilər. Ancaq Müsavat Ali Məclisinin iclasında İsa Qəmbərov müxalifət partiya liderlərini təhqir etməklə sükutu pozdu. Müsavat başqanı ultimativ şəkildə bəyan etdi ki, bəzi partiya sədrləri hakimiyyətə, bəziləri isə İrana və Rusiyaya işləyirlər.
"Sözü at yerə, yiyəsi götürsün" məsəlinə uyğun olaraq, İ.Qəmbərovun açıqlamasından sonra müxalifət düşərgəsində çaxnaşma yarandı. AXCP (i) sədri Əli Kərimov, "Ümid" partiyasının sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, "Milli Birlik Hərakatı"nın sədri Lalə Hacıyeva və digərləri ümumi rəy ortaya qoyaraq, İ.Qəmbərov haqqında xoruz səsi eşidilməyən ittihamlar səsləndirdilər. Başqanı "cəhalət adamı", "Qərbin təmsilçisi", "hakimiyyətin sifarişini yerinə yetirən" və bu kimi ifadələrlə təhqir etdilər. Demək olar ki, ümumi mövqe ortaya qoyanlar İ.Qəmbərovu o qədər söyüb-təhqir etdilər ki, axırda yoruldular. Yalnız ALP-nin sədr əvəz Əvəz Temirxan və onun lideri "MBH" sədri Lalə Hacıyeva hələ də susmaq bilmirlər. Lalə Hacıyeva informasiya agentliklərindən birinə verdiyi müsahibəsində İ.Qəmbərovu "siyasi mədəniyyətsiz" adlandıraraq, təəssüf hissi ilə bildirib ki, iyirmi ildən artıq siyasətdə olmasına baxmayaraq, Müsavat başqanı hələ də laborant təfəkküründən qurtula bilməyib.
L.Hacıyevanın əsaslı şəkildə söylədiyi ittihamlar İ.Qəmbərovu və onun ətrafında olanları ciddi narahat edib. Ona görə də, L.Hacıyevanı və onun ucuz təbliğatçısı hesab olunan Ə.Temirxanı zərərsizləşdirmək üçün geniş və əhatəli fəaliyyət yolunu seçiblər. "Yeni Müsavat" qəzeti ardıcıl olaraq, L.Hacıyeva və Ə.Temirxan haqqında təhqiramiz məqalələr dərc edir. Qəzetin iddiasına görə, 1993-cü ildə Rusiya və İran Azərbaycanda çevriliş etməyi planlaşdıran zaman çevrilişin icraçıları L.Hacıyeva və Ə.Temirxan olmuşlar. Maraqlıdır ki, Ə.Temirxan yazılanları təkzib etmək fikrində olmadığını söyləyib və qeyd edib ki, onlar yalnız R.Arifoğlunun mövqeyinə təəssüflənirlər. Bununla yanaşı, İ.Qəmbərovun özü də arada bir düşmən hesab etdiyi rəqibinə qarşı ittihamlar səsləndirir. Başqanın dediyinə görə, L.Hacıyeva Rusiyanın agenti olub və bu gün də bu vəzifəni layiqincə yerinə yetirməkdədir. İ.Qəmbərovun dediyinə görə, L.Hacıyeva Rusiya agenturasında "Madam" ləqəbi ilə tanınır və o bu ada hələ Moskvada yaşadığı zaman layiq görülüb.
İ.Qəmbərovun hədəfi düzgün nişan alması L.Hacıyevanı məhkəməyə üz tutmağa vadar edib. Ə.Temirxanın mətbuata verdiyi açıqlamasına görə, onlar müvafiq sənədləri hazırlayaraq, məhkəmədə İ.Qəmbərova qarşı iddia qaldırmağa hazırlaşırlar.

Digər xəbərlər