Birlik olmayan yerdə dirilik olarmı?
Son vaxtlar yeni-yeni radikal müxalifət birliklərinin yaranması ilə bağlı ortalığa saysız-hesabsız təşəbbüslər və təkliflər atılır. Bu, bir növ estafet halını alıb və sanki bu sahədə yarış elan olunub. Bu ideyaların "fıs" çıxdığını görən "iri" radikallar ayrı cəbhədə yer alan "cırtdan" radikalları öz ətraflarında cəm eləmək məqsədilə ağlagəlməz variantlar istehsal etməklə məşğuldurlar. Maraqlıdır ki, bu cəbhədə yer alan siyasi qüvvələr bir-birilərinə qarşı az qala düşmən mövqedədir və bütün iş gücləri bir-birini ittihamlar atəşinə tutmaqdır.
Bələdiyyə seçkiləri başa çatdıqdan sonra, müxalif düşərgədə yenidən köhnə bayatılar səslənməyə başlayıb. Məntiqlə indi müxalif düşərgədə seçkidə uduzmağın səbəbləri araşdırılmalıydı, lakin durum tamam ayrı cürdür. Hazırda radikal müxalifət düşərgəsində ziddiyyətli proseslər baş alıb gedir.
Bir tərəfdən radikal "lider"lər bəyan edir ki, növbəti parlament seçkilərində birgə fəaliyyət göstərmək lazımdır, digər tərəfdən isə, bir-birinə ittihamlar yağdıraraq, danışıqları pozurlar. Gedən proseslərdən görünür ki, müxalifətin ümumi birliyini yaratmaq bu il də mümkün olmayacaq. Çünki müxalif partiyalar ayrı-ayrı bloklar və ittifaqlarda cəmləşir və bir-birinə qarşı əks-mövqedə dayanırlar.
Bəzi siyasətbazlar isə, məhz belə qüvvələri birləşdirmək xəyalı ilə yaşayırlar. Məsələn, "Azadlıq" blokundakı partiyalarla İsa Qəmbərovun tərəfdarları "DUİ" ilə "Ümid" arasında ittihamların getdikcə kəskinləşdiyi bir vaxtda müxalifətin yeni güc mərkəzinin yaradılması haqqında təkliflərini hazırlayıb.
Müsavat funksionerlərinin fikrincə, müxalifətin inteqrasiyası baş tutsa, cəmiyyətdə həm ideyaları ilə seçilən, həm də insanları bəlli hədəflərə yönəltməyi bacaran milli güc mərkəzi yaradıla bilərmiş. Pənah Hüseynovun irəli sürdüyü fikirlərə görə, guya bu təklif partiyaların danışıqlara başlaması, vacibliyini önə çəkərək, tərəfləri qarşılıqlı ittihamlara ara verməyə çağırır.
Pənah bəy mətbuata Azərbaycan Xalq Cəbhəsinin bərpası haqda ideyasını reallaşdırmaq istiqamətində hələ heç bir iş görmədiyini bildirib: "Təşəbbüsümün həyata keçməsi üçün var gücümü sərf edəcəyəm. Lakin digər məsələlər bu və ya digər şəxslərin özünün mənəvi məsuliyyətindən asılıdır. Yeni ideya və durumdan çıxış yolu kimi bütün müxalifətin birləşməsi təşəbbüsünü irəli sürmüşdüm. Lakin təəssüf ki, təklifim partiyalar tərəfindən dəstəkləmir".
Gülməli söhbətdir. Adamdan soruşarlar ki, aya, bu dediyin müxalifət nə zaman birləşdi ki, indi də bir araya gələ? O vaxt bir yerdə idilər də. AXC-ni elə bunlar parçalamadımı? İkinci bir tərəfdən, məgər müdrik babalarımız deməyibmi ki, 2 qoçun başı bir qazanda qaynamaz?
Bu dediyin qurumlarda bilirsənmi nə qədər qoç var? Özü də əziz canın haqqı, bunlar sən deyən qədər də qabağından yeyən qoçlardan deyil! Görmürsənmi, opponentləri birini deyəndə, bunlar beşini qaytarır? Kəsəsi, Pənah bəy, bu haqda təzədən düşünmək pis olmazdı...
Qayıdaq yenə təşəbbüslərə... Birgə fəaliyyətlə bağlı danışıqlara hazır olduğunu vurğulayan Müsavat başqanı hesab edir ki, ziddiyyət tərəfləri arasındakı kəskin münasibətlər o qədər də dərinləşmədiyindən, barışıq üçün imkanlar hələ tükənməyib. Yəqin Müsavat başqanı düşünür ki, partiyaların AXC ətrafında cəmləşməsi ideyası reallığa çevriləcək, ya da müxalifət liderlərinin bir qismi öz "şirələrində" qaynaya-qaynaya qalacaqlar.
Rəhmətliyin oğlu, əcəb söz danışırsan, məgər bunların "şirələri" qalıb ki, onda qaynasınlar? İkincisi də, ziddiyyətlərin dərinləşməyi necə olur, bir-birini baltalayası ha deyillər?
Başqan düşünür ki, müxalifət partiyaları arasında o qədər də dərin uçurum mövcud deyil. Bəli, o uçurum qədər də dərin deyil. Amma bir-birinə yaxınlaşmaq üçün körpülərin yandırıldığı və buna cəhd edənin oradan kəlləmayallaq olub, xosunvay ola biləcəyi qədər dərin bir uçurum var. Nə fərqi var ki, bu uçurum 50 metrdir, və ya 100 metr? Uçurum elə uçurumdur!
Süni optimizmə baxmayaraq, radikal qüvvələr tərəfindən bir-birinə qarşı həyata keçirilən düşmənçilik hərəkətləri bütün körpüləri yandırıb və bu qüvvələrin birləşməsi məsələsi heç müzakirə obyekti də deyil. Cəbhənin əks tərəflərində yer alan "lider"lər isə heç bir vəchlə bir-birinə güzəştə gedənə oxşamırlar.
Qarşıdan bələdiyyə seçkilərinin gəldiyini nəzərə alsaq, növbəti yarım il ərzində bu "lider"lər arasında ambisioz maraqlardan qaynaqlanan dava-dalaşların başa alıb gedəcəyini güman etmək olar. O ki qaldı digər müxalifət qurumlarına, onların da radikal qüvvələrlə əməkdaşlıqda maraqlı olacaqları inandırıcı görünmür.
Soruşanda da deyəcəklər ki, bəs bunlar özləri qanlı-bıçaqdır, bizim orada nə işimiz var? Çünki onlar bu intriqaların içində əriyib gedəcək qədər əfəl deyillər. Bu səbəbdən də, kiçik partiyalar artıq öz başlarına çarə axtarırlar. Builki parlament seçkilərində də əksər partiyalar ayrıca iştirak edəcəyini bildirib.
Göründüyü kimi, radikal müxalifət liderləri əsas fəaliyyət istiqaməti kimi bir-birinə qarşı sərt ittihamlar yolunu seçiblər. Bu səbəbdən də, düşərgə daxilində birgə fəaliyyət təklifləri baş tutmur, siyasi fəaliyyət hər hansı bir uğur əldə oluna bilmir. Azərbaycan müxalifəti günahı başqa yerdə axtarmağa adət edib.