PDF Oxu

Müxalifət

  • 9

Əvəz Temirxan-İsa Qəmbərov qarşıdurması

Əvəz Temirxan-İsa Qəmbərov qarşıdurması
Radikal "bəy"lərin qarşılıqlı ittihamları və münaqişələri səngimədən yenidən qızışır. Bu, onların bir-birlərinə olan nifrətlərinin günü-gündən artması ilə əlaqədardır. Son zamanlar Müsavat başqanı İsa Qəmbərovun müxalifət partiyalarının rəhbərləri tərəfindən ciddi tənqid olunduğu hər kəsə məlumdur. Müxalifət partiyaları arasında ALP-nin sədr əvəzi Əvəz Temirxan isə Müsavat başqanının üzərinə xüsusi hücum planı hazırlayaraq, onu ciddi tənqid edir. ALP-nin sədr əvəzi Ə.Temirxan İ.Qəmbərov haqda dediklərini əldə olan faktlarla sübut etməyə hazır olduğunu bildirib. O, qeyd edib ki, İsa Qəmbərov özünü müxalifət lideri kimi göstərmək istəsə də, onu heç kim lider qismində tanımır və görmür, heç vaxt da görməyəcək. Həmçinin, Ə.Temirxan, onu da söyləyib ki, Müsavat başqanı İsa "bəy" əvvəllər də, indi də müxalifətin birliyini pozan təxribatçı şəxsdir. ALP-nin sədr əvəzi İ.Qəmbərov haqqında çıxış edərkən, çox qəzəbli danışıb. O, bu qəzəbi ilə gündən-günə artan nifrətini gizlədə bilməyib. Şübhəsiz ki, biz radikalların bir-birlərinə quyu qazmalarının, düşmən mövqedən yanaşmalarının çox şahidi olmuşuq və gələcəkdə də olacağıq. Maraqlıdır ki, bir-birlərinə bu cür düşmən kəsilən müxalifətçilər, axı necə olur ki, birlikdən, yeni blok yaratmaqdan danışırlar?! Məgər onların birgə blok yaratmaq və seçki öncəsi birləşərək, birgə fəaliyyət göstərməsi mümkündürmü? Bu sualın, birmənalı olaraq, yeganə cavabı var. Əlbəttə, mümkün deyil. Müsavat başqanı İ.Qəmbərov Ə.Temirxanın bu sözlərinə cavab vermək üçün çox gərgin iş rejiminə keçib. Əlbətə, hamıya məlumdur ki, bu insanlar yalnız bir-birlərini ciddi və sərt şəkildə tənqid edərkən, gərgin iş rejimi ilə fəaliyyət göstərirlər. Lakin xalq və vətən üçün hansısa iş görmək lazım gələndə, onlar heç nə etməyiblər. İsa "bəy" Əvəz Temirxanı və onun haqqında tənqidi fikirlər söyləyən digər müxalifətçiləri boşboğaz adlandırıb və "onların müxalifət düşərgəsində yerləri yoxdur" deyib. Qarşılıqlı ittihamlarla çıxış edən radikallar əlbəyaxa döyüşə çıxmaq üçün şərait gözləyirlər. Təbii ki, bu, siyasi-ictimai etikaya sığmayan hərəkətlərdir. Amma unutmaq olmaz ki, radikal "bəy"lər siyasi səriştəsi, bacarığı olmayan insanlardır. Siyasətdən başı çıxmayan bu insanlar heç siyasi etikanın da nə olduğunu bilmirlər. Bir faktı da nəzərinizə çatdırmaq istəyirəm ki, ölkədə keçirilən bütün seçkilərdən öncə, müxalifət düşərgəsində birgə fəaliyyət göstərmək kimi fikirlər səslənir. Amma heç vaxt biz onların birləşdiyini, birgə fəaliyyət göstərdiklərini görmədik və heç görməyəcəyik də. Bu insanlar bir məsələni anlamırlar ki, onlar heç vaxt bir blokda birləşərək, işləyə bilməzlər. Çünki onların buna iradəsi çatmaz. Onlar bir-birlərinə qətiyyətli şəkildə düşməndirlər. Bu düşmənçiliyin kökündə dayanan nifrət isə hər gün dəhşətli şəkildə artır. Nifrətin bu artımını müxalifət düşərgəsinin ictimai-siyasi həyatında açıq şəkildə görmək mümkündür. Bir məsələ də mütləqləşib ki, Müsavat, AXCP (i), ALP, "MBH" partiyaları dağılmış haldadır. Nəinki bu partiyalar, həmçinin, müxalifət düşərgəsindəki bütün partiyalar parçalanıb. Bu partiyaların fəaliyyətində heç bir canlanma, irəliləyiş, müsbət yönümlü inkişaf yoxdur. Hazırda isə müxalifət partiyalarının üzvləri təmsil olunduqları partiyaların bu cür ağır vəziyyətə düşməsində, dağılmasında, fəlakətlə üzləşməsində partiya rəhbərlərini günahlandırırlar. Onlar qeyd edirlər ki, Əli Kərimovun, İsa Qəmbərovun, Əvəz Temirxanın və digər onlar kimi radikal bəylərin bacarıqsızlığı bu insanları müxalifətin üz qarası edib və partiyaları dəhşətli faciələrlə üz-üzə qoyub. Həmçinin, onu da qeyd edək ki, radikal "bəy"lərin nüfuzu tamamilə yox olub və onların əmrlərinə heç kim tabe olmur. Partiya daxilində özbaşınalıq yüksək səviyyədə yayılıb.

Digər xəbərlər