PDF Oxu

Müxalifət

  • 8

Parlament seçkilərində müxalifət uğursuzluğa düçar olacaq

Parlament seçkilərində müxalifət uğursuzluğa düçar olacaq
Biz həmişə müxalifət düşərgəsində yaşanan faciəli, müsibətli və həmçinin, çox gülməli vəziyyətin şahidi olmuşuq. Bu vəziyyət illər boyu davam edib və hazırda da davam etməkdədir. Müxalifətçilər arasında tükənmək bilməyən qalmaqalları yaradanlar elə onların özləridir.
Bu qalmaqalların yaranma səbəbi isə onların bir-birlərinə olan kəskin nifrəti, düşmənçiliyidir. Bu müxalifətçilər əksər hallarda öz beyinlərindəki boşluğu qəzəb hissilə doldururlar. Bu qəzəb əvvəl-axır onları düşmənə çevirir.
Şübhəsiz ki, Azərbaycanda müxalifətçilərin nümayiş etdirdikləri çirkin əməllər, bir-birlərinə qarşı atdıqları zidd addımlar heç kəsin yadından çıxmır. Bu insanların tutduqları səhv mövqe və bu mövqedən dönməmələri insanlarda onlara qarşı nifrət hissi yaradıb. Hazırkı münaqişələrə keçməzdən öncə, xatırladaq ki, bir müddət öncə, Müsavat başqanı İsa Qəmbərovla "Ümid" partiyasının sədri İqbal Ağazadənin arasında yaranan münaqişə heç də səngimək bilmədi və sonradan bu münaqişə dərinləşdi, hər iki partiyanın rəhbərliyi bir-birlərini tənqid etməyə başladılar. Tənqidin əsas mövzusu isə bu idi ki, İ.Qəmbərov İ.Ağazadənin müxalifət düşərgəsində yeri olmadığını bildirirdi. Buna cavab olaraq, İqbal Ağazadə Müsavat başqanını böhtan atmaqda və yalan danışmaqda günahlandırırdı. Qeyd edək ki, bu münaqişənin qalıqları hələ də onların arasında qalır və hər iki partiyanın sədrləri bir-birlərinə qarşı olan düşmənçiliklərini davam etdirirlər.
Həmçinin, bildirək ki, son zamanlar AXCP (i) sədrinin müxalifətçilər arasında at oynatmaq vərdişinin ona necə baha başa gəldiyinin, yəni təkləndiyinin şahidi oluruq. Ə.Kərimov bilməlidir ki, xam xəyallara qapılmaq, əlbəttə, işləməkdən asandır. "Yurd" şefi isə, hər zaman olduğu kimi, iş görmür, amma xam xəyallara qapılır. Hətta Ə.Kərimov özünü müxalifətçi "bəy"lər arasında əvəzedilməz şəxs adlandırmışdı. Lakin özünü əvəzedilməz bilən şəxs qoy barmağını su dolu fincana salsın və sonra baxsın ki, çıxarandan sonra suda necə deşik qalıb?! Əgər AXCP (i) sədri belə etsə, bilər ki, o, əvəzedilməz şəxs deyil.
Bəzi partiyaların üzvləri partiya rəhbərlərinə hər hansı bir problemin həlli üçün müraciət edir. Lakin partiya rəhbərləri bu problemi həm araşdırmır, həm də heç nə ilə maraqlanmırlar. Unutmaq olmaz ki, problemlər onlara şikayətlər üçün deyil, həll edilmək üçün verilir.
Digər mühüm bir məsələ də var ki, mütləq onu da qeyd etməliyik. İnsanın pulla ələ alınması böyük bir faciədir. Müxalifətçilər Azərbaycanı sevməyən bir qrup xarici qüvvələrin puluna görə əsirinə çevriliblərsə, deməli, onlar həqiqətən böyük bir faciə yaşamaqdadırlar. Amma pul sevgisi gözlərini elə tutub ki, bu faciəni dərk edə bilmirlər. Belə insanlar vətənə-millətə xidmət edə bilməzlər.
Bütün bu qeyd edilənlər bir daha sübut edir ki, biz "müxalifət düşərgəsinin parlament seçkilərində uğursuzluqla qarşılaşacaq" fikrini söyləyəndə heç də yanılmırıq. Müxalifət düşərgəsində baş verən hadisələri analiz edərkən, əsaslı şəkildə söyləyə bilərik ki, bu düşərgədə yer alan insanlar heç bir uğur qazana bilməzlər.

Digər xəbərlər