Müxalifət liderləri düşərgənin paxırını açmaqda davam edirlər. Artıq uzun illərdir ki, düşərgə ideoloqları müxalifətin perspektivi ilə bağlı bir dəfə də olsun nikbin fikir səsləndirməyiblər. Ümidsizlik sindromu 2003-cü il prezident seçkilərindən sonra yarandı.
Həmin seçkidə müxalifətin parçalanmamış ən iri partiyası olan Müsavat ətrafına topladığı partiyalarla birgə uduzdu və nüfuzunu itirdi. Ən pisi isə o oldu ki, elektorata ünvanlanan vədlər və rəqibə ünvanlanan hədələr boşa çıxdı. Digər partiyalar da imkanlarından daha böyük iddialarında bulunmaqla heç nə əldə edə bilmədilər.
"Təəssüf ki, birlik təklifimi dəstəkləmədilər və bu, alınmadı"
Ötənilki bələdiyyə seçkilərində də rüsvayçı duruma düşən müxalifət indi qarşıdan gələn parlament seçkiləri öncəsi yenidən bir-biri il didişməklə məşğuldur. Düşərgədə qarşılıqlı ittihamlar baş alıb gedir. Müxalifətin birliyi haqda saysız təkliflər bir nəticə vermir. Əksinə, düşərgə getdikcə daha çox parçalanır.
Bir neçə gün öncə, "DUİ" sədrlər şurasının toplantısında Pənah Hüseynov "DUİ", Müsavat və "Azadlıq" blokunun birgə konfransının keçirilməsi ilə bağlı əvvəlki təklifdən imtina edilməsi təşəbbüsünü irəli sürüb. Təşəbbüs müzakirə olunaraq, səsə qoyulub, amma qəbul edilməyib.
Birgə konfrans ideyasından imtina təşəbbüsünü "milli.az"a şərh edən millət vəkili deyib: "Hər bir təklifin müəyyən müddəti olmalıdır. "DUİ"-nin təklifindən isə xeyli müddət keçib. Bu müddət ərzində həm Müsavat partiyası, həm də "Azadlıq" bloku təklifimizi soyuq qarşıladı. Ona görə də təklifin geri götürülməsi təşəbbüsü ilə çıxış elədim".
"XAP" sədri bildirib ki, təklif heç də bu qüvvələrin birləşməsiylə bağlı deyildi: "Məqsədimiz bir araya gəlib, ümumi durumu müzakirə etmək idi. Əlbəttə, prosesin gedişində hansısa birlik formaları da müzakirə edilə bilərdi. Təəssüf ki, bu, alınmadı."
P.Hüseynov "DUİ"-nin təklifi yenə müsbət cavablanmasa, başqa alternativ variantları nəzərdən keçirə biləcəklərini söylədi: "DUİ"-nin seçkiyə təkbaşına getməsi və ya digər siyasi qüvvələrlə müzakirələrə başlayacağı istisna deyil". Qeyd edək ki, "DUİ" də 5 partiya- "Klassik Xalq Cəbhəsi", "Böyük Azərbaycan", "Azadlıq", "Xalq Azadlıq" və "Milli Qurtuluş" partiyaları təmsil olunur.
Bu partiyaları "cırtdan" hesab edən "iri" partiyalar onlardan gələn təklifləri ciddiyə almırlar. Bu səbəbdən də hazırda qəribə durum yaranıb. Bir tərəfdən "iri" partiyalar bir-birini qırır, digər tərəfdən özlərini onların sırasına qatmaq istəyən "cırtdan"lar durmadan təklif irəli sürürlər.
"İsa Qəmbərov şou-biznes metodlarından istifadə edir"
Düşərgə daxilində durumu daha da gərginləşdirən açıqlamalardan sonuncusu Müsavat başqanına məxsusdur. İsa bəyin müxalifət liderlərinin agent adlandırması düşrgədə çaxnaşma yaradıb. Cavab özünü çox gözlətməyib. "Təəssüf edirəm ki, İsa Qəmbərov ranqda olan siyasətçi Milli Təhlükəsizlik Nazirliyinin hansısa əməkdaşı haqqında xoşagəlməz ifadə işlədir. Partiya sədri hökumət üzvləri ilə təmasda olmaq imkanında olmalıdır. Söhbət xarici agenturadan gedirsə, bu, araşdırılmalıdır. İsa Qəmbərov bildirir ki, xaricə işləyən agentlər var. Amma bu adam başa düşmür ki, müxalifətin əsas işi, hökumət öz vəzifəsini yerinə yetirməyəndə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarət olmalıdır. Məsələ qaldırmalıdır ki, baxın filankəs Rusiyaya işləyir, amma MTN tədbir görmür. Yəni o, bu barədə ad çəkməklə ictimaiyyəti məlumatlandırmalıdır."- deyə o bildirib.
Q.Həsənquliyev hesab edir ki, sonuncu açıqlamasında İsa Qəmbərov dolayısı ilə ad çəkib. "Faktiki olaraq, İqbal Ağazadənin və Lalə Hacıyevanın müsahibələri ilə bağlı deyib ki, onun fikirləri hədəfə dəyib. Amma onun borcu idi ki, açıq şəkildə fikir bildirsin. Əslində, bunlar demaqogiyadan başqa bir şey deyil. Onların gündəmdə qalmağının başqa yolu yoxdur. Baxırlar ki, bir qrup şou-biznes adamları qalmaqallar yaradır, bir-birləri ilə bağlı şok açıqlamalar verirlər. Görünür, İsa Qəmbərov da bu metodun cəmiyyətdə geniş yayıldığını bildiyi üçün ondan faydalanmaq istəyir. Amma uğursuz bir taktikadır."
"Başqan ayrı-seçkilik və qarışıqlıq salaraq, müxalifətə böyük zərbə vurdu"
İsa Qəmbərovun ittihamlarına müxalifət liderlərinin cavabı gecikməyib. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Hacıyeva bildirib ki, bu söhbətlər qeyri-ciddidir. "Mən təəccüb edirəm ki, bəzi siyasətçilər bu mövzunu necə ciddi müzakirə edirlər? Nəyə görə? Birincisi, məlumdur ki, xarici ölkələrə işləyən agent, casus, yəni şəxsi mənafeyinə, pula görə öz milli maraqlarını satan insan, nəinki alçaqdır, həm də cinayətkardır. Bu məsələ ilə əlaqədar əgər hər hansı şəxsdə sübut və sənəd varsa, onu dərhal Milli Təhlükəsizlik Nazirliyinə təqdim etmək onun borcudur. Əks-təqdirdə, bu özü ağır dövləti cinayətdir".
Lalə xanımın fikrincə, bu mövzu yeni deyil. "Son illərdə, məhz Müsavatın bəzi funksionerlərinin dilindən bu məsələ ya birbaşa, ya dolayısı ilə vaxtaşırı gündəmə gətirilir. Çox siyasətçinin adı çəkilib, mən də içində olmaqla. Demək olar ki, Azərbaycan müxalifətində bir nəfər siyasətçi qalmayıb ki, onu "agent" adlandırmasınlar.
Bu üsuldan, yəni "agent", "xalq düşməni" axtarışından yaxın müasir tariximizdə bolşeviklər və Hitlerin partiyası geniş istifadə edib. Hebbels deyirdi: "Yalanı yüz dəfə təkrar et, inanacaqlar". Onların siyasətini qəbul etməyən ziyalıları, bütün mütərəqqi qüvvələri bu üsulla ləkələyib məhv etdilər. Stalin milyonlarla insanı, onların içində Azərbaycanın ən görkəmli ziyalıları, mütərəqqi şəxsiyyətləri, Azərbaycan cəmiyyətinin qaymaqlarını - Hüseyn Cavidi, Əhməd Cavadı, Mikayıl Müşfiqi və başqalarını, məhz "agent" kimi məhv etdi. Hətta müasir tarixçilər "agent" damğasına "Bolşevik yarlığı" deyirlər".
ALP sədri deyib ki, bu gün Müsavat rəhbərliyi tərəfindən bolşevik təfəkkürlü üslubdan istifadə etmək, məhz Müsavatın tarixinə xəyanətdir. Mən burada xüsusilə, qeyd etmək istəyirəm ki, Müsavat sıralarında çoxlu sayda alicənab, fədakar insan var. Bu insanlar, məhz bu tarixi ada görə bu partiyaya üzv olublar. Mənim onlara çox böyük hörmətim var və onların çoxu bu işlərdən narazıdır.
Yanvarın 7-də mən müxalifətin birliyi haqqında təkliflə çıxış etdim. Amma çox təəssüf ki, Müsavat Partiyasının sədri bunun müqabilində öz çıxışı ilə ayrı-seçkilik və qarışıqlıq salaraq, bu birliyə böyük zərbə vurdu.
Göründüyü kimi, radikal müxalifət liderləri əsas fəaliyyət istiqaməti kimi bir-birinə qarşı sərt ittihamlar yolunu seçiblər. Bu səbəbdən də, düşərgə daxilində birgə fəaliyyət təklifləri baş tutmur, siyasi fəaliyyət hər hansı bir uğur əldə oluna bilmir. Azərbaycan müxalifəti günahı başqa yerdə axtarmağa adət edib. Amma atalarımız demişkən, "günah öləndədir".