PDF Oxu

Müxalifət

  • 22

Müxalifətin dağılması reallaşır

Müxalifətin dağılması reallaşır
Siyasi arenada nəzəri cəlb edən maraqlı olaylar sırasında bəzi müxalifət partiyaları daxilində hökm sürən böhranlı vəziyyətin daha da ağırlaşmasıdı. Bunun da səbəbi iddialı partiya sədrlərinin kimin müxalifət olması ətrafında müzakirələrin aparılmasını təklif etməsidir. Hətta məlum olduğu kimi, Müsavat, AXCP (i) və "KAXCP" müxalifətin toplantısını keçirməyi və kimin əsil müxalifət olduğunun müəyyənləşdirilməsinin vacibliyini söyləyirlər. Amma bu təklifin özü düşərgə daxilində yeni konfliktlərin yaranmasına yol açıb. Əli Kərimovun rəhbərlik etdiyi AXCP (i)-nin mövqeyini kəskin tənqid edən "VİP" sədri Əli Əliyev onu "Azadlıq" blokunun prinsiplərini pozmaqda günahlandırıb.
"VİP" sədri, onu da qeyd edib ki, ağır durumla üzləşdiyi zaman onlar Ə.Kərimova dəstək göstəriblər, bataqlıqdan çıxarılmasına yardımçı olublar: "Hazırda problemlərdən qurtulan Ə.Kərimovun kimin müxalifət olması məsələsini müzakirə mövzusuna çevirməsi onun siyasi mədəniyyətinin zəifliyindən irəli gəlir. Ona başqalarının deyil, öz ağlı ilə hərəkət etməyi tövsiyə edərdik."
Qeyd etmək yerinə düşər ki, Ə.Əliyev mətbuat vasitəsi ilə Ə.Kərimova qarşı söylədiyi sərt ifadələrini "Azadlıq" blokunun Sədrlər Şurasının iclasında da təkrarlayıb. Məhz qarşılıqlı ittihamların sədləri aşması səbəbindən qurumun iclası yarımçıq başa çatıb. Sonradan informasiya agentliklərindən birinə verdiyi açıqlamasında Ə.Kərimov Ə.Əliyevi böyüyün üzünə ağ olmaqda günahlandırıb. Onu da əlavə edib ki, vəziyyət bu cür davam edərsə, AXCP (i) "Azadlıq" blokundan çıxmaq məcburiyyətində qalacaq.
Müsavat və AMİP daxilində də eyni gərgin proseslər yaşanmaqdadır. AMİP lideri Etibar Məmmədov müxalifət partiyası olduğunu nümayiş etdirmək üçün müxalif xarakterli bəyanatlar verməkdədir. Hətta E.Məmmədov partiyadan istefa vermiş AMİP-çilərin yenidən təşkilata qaytarılması üçün səylər göstərəcəyini və onlardan birinin AMİP sədri seçilməsinə yardımçı ola biləcəyini söyləyib.
Bizimlə söhbətində isə AMİP-in sədr müavini Əli Orucov partiyadaxili mövcud problemlərin qurultaydan sonra həllini tapacağını söyləyib. Onu da qeyd edib ki, kimin hansı bəyanat verməsindən asılı olmayaraq, kənardan AMİP sədrliyinə kiminsə gətirilməsinə imkan verməyəcəklər.
Bir sözlə, müxalifət düşərgəsində böhranlı vəziyyət özünün kulminasiya nöqtəsinə yüksəlməkdədir. Bu isə müxalif partiyaların perspektivini sual altına qoymağa əsaslar verir. Çünki dağınıq və pərakəndə halda olan partiyanın ictimai-siyasi proseslərdə iştirakı qeyri-mümkündür. Konkret desək, qarşıdan gələn parlament seçkilərində acınacaqlı durumda olan partiyaların iştirakı sual altındadır. Ona görə də, tam əminliklə demək olar ki, böhranlı vəziyyətdə olan partiyaların da parlament seçkilərinə qədər buraxılmaları istisina edilmir.

Digər xəbərlər